Türkiyədə keçirilən seçkilərın İqdıra hansı faydaları olacaq?
Sərdar Ünsal: “Iqdırda yaşayan insanlara hüzur gələcək”
4 Noyabr 2015 15:07 MüsahibəNoyabrın 1-də Türkiyədə keçirilən erkən parlament seçkiləri gözlənildiyi kimi Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi ilə yekunlaşdı. Seçicilərin 50 faizə yaxın səsini qazanan AKP yenidən hökuməti təkbaşına qurmaq hüququnu əldə etdi. Bu dəfəki seçkilər azərbaycanlıların çoxluq təşkil etdiyi İqdır üçün də uğurlu oldu desək yanılmarıq. Belə ki, seçkilərin nəticələrinə görə, İqdırdan əslən azərbaycanlı olan Nurəddin Aras Türkiyə Böyük Millət Məclisinə deputat seçildi. Bəs görəsən Nurəddin Arasın deputat seçilməsi İqdır, xüsusilə orada yaşayan azərbaycanlılar üçün hansı yeni imkanlar açacaq və bunun hansı faydaları olacaq. Bu və ya digər suallarla İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Sərdar Ünsal AKP-nin bundan sonra atacağı addımlar barədə də danışıb.
-Sərdar bəy, noyabrın 1-də Türkiyədə keçirilən erkən parlament seçkilərinin nəticələrini necə dəyərləndirirsiniz?
-Noyabrın 1-də Türkiyədə keçirilən seçkilər Ədalət və İnkişaf Partiyasının (AKP) zəfəri ilə sonuclandı. Bunun başlıca səbəbi isə düşünürəm ki, mövcud müxalifət partiyalarının bacarıqsızlığı idi. 7 iyun seçkilərindən sonra koalision hökumətin qurulmaması, silsilə terror aksiyaları, iqtisadi sahədə yaranan problemlər və digər bu kimi məqamlar səbəbindən vətəndaş AKP-ni iqtidar partiyası kimi seçdi. Qarşıdakı zaman müddətində mıəlum olacaq ki, vətəndaş seçimində yanılıb, yoxsa yox. Bir sözlər artan terror və terrora qarşı aparılan mübarizə səbəbiylə vətəndaş AKP-ni seçdi. Məncə bu seçkilərdə uduzan MHP oldu.
-Seçkilərdə AKP-nin daha çox səs alacağı və hökuməti təkbaşına qura biləcəyi mümkün görünürdümü?
-İlk baxışda bu mümkün görünmürdü. Ancaq sonradan yürüdülən fəaliyyət və namizədlər siyahısında edilən dəyişikliklər, eləcə də vətəndaşın məntiqli düşünməsi, müxalifət partiyalarının inandırıcı olmaması AKP-ni təkbaşına iqtidar etdi. Təbii ki, seçkilərin nəticələrinə terror hadisələri də təsirsiz ötüşmədi.
-Seçkilərdə HDP-nin 7 iyun seçkilərinə nisbətən az səs alması nədən irəli gəlirdi?
-Təbii ki, artan terror olayları HDP-yə təsirsiz ötüşmədi. Nəticə etibarilə 7 iyun seçkilərində əldə edilən nəticə təkrarlanmadı. Həmin səslərin bir qismi CHP-yə getdi. Xüsusilə HDP rəsmilərinin PKK ilə məsafə saxlamaması da seçkilərin nəticələrinə təsir göstərdi. Bu gün terror olaylarının yaşandığı bölgələrdə iqtisadiyyat geriləyib. Bu səbəbdənb vətəndaş çətin vəziyyətdə yaşayır. Bütün bunlar da HDP-nin 7 iyun nəticələrini təkrarlaya bilməməsinə səbəb oldu. Bu seçkilər həm də onu sübut etdi ki, Türk xalqı, vətəndaş sabitlik, dostluq, qardaşlıq istəyir.
-1 noyabr seçkilərində ən yadda qalan məqamlardan biri İqdırdan əslən azərbaycanlı olan Nurəddin Arasın Türkiyə Böyük Millət Məclisinə seçilməsi oldu. Bunun İqdır üçün hansı faydaları olacaq?
-Əvvəla onu qeyd edim ki, Iqdır son bir neçə ildə keçirilən seçkilərdə hər zaman müxalifət partiyalarına səs verib, iqtidarı dəstəkləməyib. Bu səbəbdən xüsusilə Azərbaycan Türkləri getdikcə təcrid olunmuş duruma gəlmişdi. Hətta dövlət qurumlarında işləyən Azərbaycan Türkü bu səbəbdən Iqdırı tərk etməyə başlamışdı. 7 iyun seçkilərində bir Azərbaycan Türkünün deputat seçilməməsi təbii ki, hər kəsi narahat edirdi. Ancaq 1 noyabr seçkilərindən sonra iqtidar partiyasından bir millət vəkilinin olması Iqdıra çox şeylər verəcək. Bir qədər konkretləşdirsək İqdıra xidmət, hüzur gələcək. Xüsusilə Iqdırda yaşayan insanlara hüzur gələcək. Məhz bundan dolayı xalq AKP dedi.
-Seçkilərdən istənilən nəticəni əldə edə bilməyən HDP, daha dəqiq desək PKK yenidən terror dalğasını sürdürə bilərmi?
-Təbii ki, sürdürəcəkdir. Amma hökümət qərarlı bir şəkildə terrorun üzərinə gedir. Qətiyyən terrora baş əyilməyəcək. Əgər belə olmazsa xalq bir daha seçkilərdə AKP-yə səs verməz. Çünki bununla xalqın inamı itə bilər. Son seçkilər də onu göstərdi ki, terrorla mübarizə labüddür və ona qarşı mübarizə aparmaq lazımdır. Onu da qeyd edim ki, bu günlərdə Azərbaycanda da parlament seçkiləri keçirildi. Həm Türkiyə, həm də Azərbaycanda keçirilən seçkilərin Türk millətinə hüzur gətirməsini, xeyirli olmasını arzulayıram.
Süleyman İsmayılbəyli