“Seçkilər azad, demokratik qaydada, mövcud standartlara uyğun keçirildi”

Şahin İsmayılov: “Seçkidən sonra ölkədə möcud olan ab-hava da onu göstərir ki, insanlar öz seçimlərini tam azad şəkildə edərək istədikləri insana, namizədə etimad göstəriblər”

Artıq parlament seçkiləri geridə qaldı. Məlum olduğu kimi noyabrın 1-də Azərbaycan vətəndaşları V çağırış Milli Məclisə seçkilərdə iştirak edərək növbəti 5 il üçün millət vəkillərini seçdi. Təqdirəlayiq haldır ki, istər daxili, istərsə də xarici müşahidəçilər seçkilərin tam demokratik şəraitdə, beynəlxalq standartlara uyğun şəkildə baş tutduğunu qeyd etdilər. Elə V çağırış Milli Məclisə seçilən millət vəkilləri də bu qənaətdədir. 81 saylı Beyləqan seçki dairəsindən millət vəkili seçilmiş Şahin İsmayılov "OLAYLAR"-a verdiyi müsahibədə seçkilərin nəticələri, beynəlxalq təşkilatların seçkilərlə bağlı verdiyi rəylər, eləcə də millət vəkili kimi görəcəyi işlərdən danışıb.

-Şahin müəllim, parlament seçkilərinin nəticələrini necə dəyərləndirirsiniz?

-V çağırış Milli Məclisə seçkilər azad, demokratik qaydada, mövcud standartlara uyğun keçirildi. Hətta Azərbaycandakı seçkilər Avropa ölkələrində, yaxud digər regionlarda müşahidə etmədiyimiz şəraitdən daha daha yaxşı keçib. Həm beynəlxalq, həm də yerli müşahidəçilər üçün yaradılan şərait, eyni zamanda seçkidə iştirak edən siyasi qüvvələrin sayı baxımından deyə bilərik ki, seçki tam şəffaf ə demokratik şəraitdə baş tutub. Seçkidən sonra ölkədə möcud olan ab-hava da onu göstərir ki, insanlar öz seçimlərini tam azad şəkildə edərək istədikləri insana, namizədə etimad göstəriblər. Bir daha qeyd edirəm ki, tam demokratik, müsbət ab-hava və bütün beynəlxalq standartlara uyğun  seçki keçirilib.

-Əkjdər beynəlxalq təşkilatlardan fərqli olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkiyə müşahidəçi göndərmədi. Qurumun bu addımını necə dəyərləndirərdiniz?

-Bununla bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da qeyd etdi ki, seçkiləri müşahidə etmək ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bilavasitə vəzifəsi idi. Ancaq təssüflər olsun ki, onlar bu hüquqlarından imtina etdilər. Sadəcə olaraq burada siyasi oyun gedir. MSK sədri çox gözəl bir misal çəkmişdi ki, ATƏT/DTİHB Avropanın hər hansı bir ölkəsində keçirilən seçkini müşahidə etməkdən imtina etsəydi, orada böyük bir skandal yaranmışdı. Onlar yenə də Azərbaycana qarşı çirkin oyunlarını davam etdirmək, seçkilərə kölgə salmaq istəyirdilər və bu yolla seçkiləri gözdən salmağa çalışırdılar. Hesab edirəm ki, onların bu niyyətləri boşa çıxdı və seçkilər tam şəffaf şəkildə, demokratik prinsiplər əsasında baş tutdu. Azərbaycan insanı, seçicisi müstəqil şəkildə, sərbəst qaydada seçimini edərək dəstəklədiyi şəxslərə, qüvvəyə səs verdi. Bu gün Azərbaycan müstəqil şəkildə öz daxili və xarici siyasətini həyata keçirir. Azərbaycanda sabitlik mövcuddur və ölkəmiz uğurlu iqtisadi inkişaf yolunu davam etdirir. Yəqin ki, bu sabitlik və inkişaf da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun xoşuna gəlmir. Ona görə də onlar Azərbaycanda hər hansı qarşıdurma yaratmaq  məqsədilə burada siyasi oyunlar oynamağa cəhd edirlər.

-Siz parlamentin ən gənc deputatlarından sayılırsınız. Bunu dövlətin, hakim partiya və onun rəhbərliyinin gənclərə etimadı, diqqət-qayğısı kimi qiymətləndirmək olarmı?

-Təbii ki, parlamentin ən gənc deputatı olmaq mənim üçün sevindirici haldır. Eyni zamanda böyük bir şans, imkandır. Bu bir danılmaz faktdır ki, bizim kifayət qədər uğurlu dövlət gənclər siyasətimiz var. Bütün bunlar həm hüquqi sənədlər, həm də praktikada özünü göstərir  Bu gün Azərbaycanın dünyada qəbul edilən uğurlu gənclər siyasəti mövcuddur. Təbii ki, bunun bir təcəssümüdür ki, parlamentdə də gənclər təmsil olunur. Məndən başqa da parlamentdə təmsil olunan bir neçə gənc var. Təbii ki, bu başqa cənab prezident olmaqla hakim Yeni Azərbaycan Partiyası rəhbərliyinin gənclərə göstərdiyi etimaddır. Gərək biz də bu etimadı layiqincə dəyərləndirərək üzərimizə düşən vəzifələri, işi yerinə yetirək.

-Millət vəkili olaraq yəqin ki, seçicilərinizlə iş, görəcəyiniz işlərlə bağlı proqram tutmusunuz. Həmin proqramda nələr nəzərdə tutulur?

-Fürsətdən istifadə edib Beyləqan seçicilərinə minnətdarlığımı bildirmək istəyirəm. Çünki onlar bizi çox isti qarşıladı və etimadlarını ən yüksək səviyyədə göstərdilər. Təbii ki, bizim geniş proqramımız var. Konistitusiya Məhkəməsi tərəfindən səlahiyyətlərimiz təsdiq ediləndən sonra həmin proqramın icrasına başlayacağıq. Proqramda gənclərlə işin qurulması, bir sıra beynəlxalq təcrübənin Beyləqana gətirilməsi, bu rayonun digər regionlarla əlaqəsinin daha da yaxşı qurulması kimi məsələlər var. Bu bir məsuliyyətdir və gənclik enerjisi, dövlətimizin imkanlarından yararlanmaqla bu məsuliyyətin öhdəsindən layiqincə gəlmək niyyətindəyik.


Süleyman İsmayılbəyli  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31