Xose Valensia : Bu gün Azərbaycanın inkişafını görməmək mümkün deyil

Bu gün ölkəmizdə baş tutan parlament seçkiləri ilə bağlı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose Valensia seçki-2015.az saytına ekskluziv müsahibə verib.

- Seçki prosesinin gedişatı size qane etdimi?

-  Seçkiləri müşahidə etmək üçün məntəqələrə getdik. Seçkilər şəffaf və demokratik şəkildə keçdi. Seçici fəallığı müşahidə olunurdu.  Ən çox diqqətimizi cəlb edən isə seçki prosesinin idarə olunmasında qadınların sayının çox olması idi. Fikrimizcə, qadınların təhsilli olması və idarəetmədə, xüsusilə belə aktual, taleyüklü prosesdə iştirak etməsi həm düşündürücüdür, həm də sevindirici. Bu, əslində, Azərbaycanın qadına verdiyi dəyərini sübut edir. Qadınların bu qədər fəal olması həm də dövlətinizin qadın hüquqlarına verdiyi dəstəkdir. Bir çinli filosofun çox önəmli bir fikrini burada xatırlamaq yerinə düşər: "Qadınlar göy qübbəsinin tən yarısını saxlayırlar. Əgər onlar bu yükün altından çəkilsələr, göy başımıza uçar".

- ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etməsi, ümumiyyətlə, son vaxtlar Azərbaycana qarşı təzyiqlərinə münasibətiniz necədir?

- Bütün bu haqsızlıqlara qarşı səbrli olmalısınız. Onların etdiklərini sərt şəkildə də qarşılamağa dəyməz. Zaman hər şeyi öz qaydasına salacaq. Haqsızlıq edilibsə, mütləq qarşı tərəf bunu anlayacaq. Çünki, bu gün Azərbaycanın inkişafını görməmək mümkün deyil. Azərbaycan Avropa və Asiyanın arasında çox önəmli bir körpüdür.

- Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan torpaqlarının hələ də erməni işğalında olmasına bəzi Qərb dövlətlərinin ikili standartlardan yanaşmasına münasibətiniz necədir?

- BMT-nin bu hadisələrlə bağlı önəmli qətnamələri var. Bu qətnamələr Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmsından ibarətdir. Lakin bu qətnamələrin olmasından daha vacib onun icra olunmasıdır. Əgər bu gün Azərbaycanın haqlı mübarizəsində dünyanın bəzi qurumları kömək əlini uzatmağa gecikirsə və ya bilərəkdən buna göz yumurlarsa, bu ədalətsizlikdir. Dövlətiniz bu gün çox çalışır ki, Cənubi Qafqazda sülh qorunsun. İnanıram ki, sizin bu haqlı mübarizəniz öz bəhrəsini verəcək. Bir gün bu problem mütləq öz ədalətli həllini tapacaq. Biz Azərbaycanın haqlı mübarizəsini dəstəkləyirik. Fəaliyyətini bu münaqişənin həllinə yönəldən beynəlxalq qurumlar ədalətli olmalı və haqlının tərəfini saxlamalıdırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31