Azərbaycan Qərbin seçkiöncəsi təzyiqləri qarşısında tək deyil

Rusiya Federasiyası Dövlət Duması Komitəsinin sədr müavini, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyevin Secki-2015.az saytına müsahibəsi

- Azərbaycanda seçkiöncəsi durumu necə dəyərləndirirsiniz?

- Azərbaycanda seçkiöncəsi vəziyyəti çox yaxından izləyirəm, ölkədə keçirilən çoxsaylı statistik sorğuların nəticələrindən xəbərim var. Deyə bilərəm ki, xalq hazırkı hakimiyyəti tam dəstəkləyir. Ümumiyyətlə Azərbaycanın hazırkı siyasi kursu uzaq perspektivlərə köklənməsi, uzaqgörənliyi  və balanslılığı ilə daim bölgədə fərqlənib. Seçkiöncəsi proseslər də onu göstərir ki, bu siyasətə alternativ yoxdur və müxalifətin real güc ortaya qoyacağı sadəcə absurddur. Müxalifətdə adamlar var ki, Qərbdən aldıqları pullar hesabına  Azərbaycan xalqını  "demokratik dəyərlərin müdafiəsi" adı altında  çaşdırmağa cəhd edirlər. Son məlumata görə, Avropa İttifaqı Azərbaycana "KİV-in azadlığının genişləndirilməsi" üçün 5 milyon avro ayırıb.  Nəzərə alsaq ki, Avropa  yalnız Azərbaycan dövlətinin əleyhinə yazan KİV-ləri müstəqil hesab edir, o zaman bu pulların hara xərclənəcəyi indidən məlumdur.

- ATƏT-in  Demokratik Təxsisatlar və İnsan Haqları  bürosu seçkini  izləməkdən imtina edib. Sizcə bu,  prosesin legitimliyini şübhə altına ala bilərmi?

- Adı çəkilən qurumun Azərbaycana öz müşahidəçilərini göndərməkdən imtina etməsi açığı mənə çox müəmmalı görünür.  Necə ola bilər ki, seçki keçirilmədən əvvəl ona etimadsızlıq ifadə edəsən? Nəzərə almaq lazımdır ki, bunun  arxasında da müvafiq məqsədlər dayanır. Məsələn, Azərbaycanı dünya arenasında nüfuzdan salmaq və ölkəyə birbaşa  siyasi  təzyiq  göstərmək istəyi durur. Amma əvvəlcədən deyim ki, bu cür istəklər elə bəri başdan iflasa uğrayıb, çünki Azərbaycana Rusiyadan, İsraildən, Türkiyədən, eləcə bəzi Avropa ölkələrindən çoxsaylı müşahidəçilər gələcək. Onlar da seçki haqda öz fikirlərini təbii ki, deyəcəklər. Onların fikirləri isə legitimlik üçün tam yetərli olacaq.

- Hər dəfə Azərbaycanda seçkilər və ya digər əhəmiyyətli tədbirlər keçiriləndə ölkəyə kənardan təzyiqlər güclənir. Bunların qarşısını necə almaq olar?

- Şəxsən bizim üçün də burda yeni heç bir şey yoxdur, Rusiyada da eyni mənzərəni müşahidə etmək olar. Görünür Azərbaycan da Rusiya kimi özünün müstəqil siyasəti ilə çoxdan Qərbin bəzi dairələrinin diqqətini  çəkib, rəsmi Bakı daxili və xarici siyasi kursuna hər hansısa müdaxiləyə indiyə kimi yol verməyib. Amma Qərbin buna reaksiyası adekvat deyil. Ona görə də Azərbaycan Rusiya ilə yaxınlaşma kursunu götürməli oldu ki,  bu da təbii idi. Çünki rəsmi Moskva ölkə başçısı İlham Əliyevə Azərbaycanın dinamik inkişafını tam təmin etməyi bacaran Prezident kimi çox böyük hörmət  bəsləyir. Qərbin mövqeyi isə belədir: əsassız ittihamlar, daxili işlərə kobud müdaxilə, hətta hərdən də birbaşa hədələmə. Noyabrın 1-də Azərbaycan xalqının Qərbin  bu cür ədavət və qərəzinə cavab vermək imkanı olacaq. Avropa və Amerikanın  bu cür çirkin təzyiqləri,  ikili standartları qarşısında Azərbaycan tək deyil, Rusiya bütün müstəvilərdə Azərbaycanı dəstəkləyir və parlament seçkilərindən sonra bu, daha da güclənəcək. Bunu mən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi deyirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31