“ATƏT Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun seçkini müşahidə etməməsinə baxmayraq...”

Məhəmməd Əsədullazadə: “Avropa seçki prosesinin sakit məcrada keçməsinə maraqlıdı”

"Partiyaların gənclərə və xanımlara üstünlük verməsi yüksək təşəbbüsdür"

Parlament seçkilərinə cəmi bir neçə gün qalıb. Səsvermə günü yaxınlşdıqca namizədlər arasında seçki mübarizəsi də qızışır. Bəs görəsən ekspertlər nə düşünür. Noyabrın 1-də baş tutacaq parlament seçkiləri hansı atmosferdə keçəcək və seçkilərdə yüksək iştirakçılıq müşahidə ediləcəkmi? Eləcə də regional proseslərin seçkilərə bu və ya digər formada təsiri olacaqmı? Bu və ya digər məsələlərlə bağlı "OLAYLAR"-ın suallarını Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitunun sədri Məhəmməd Əsədullazadə cavablandırıb.

-Məhəmməd bəy, bir neçə gündən sonra ölkədə parlament seçkiləri keçiriləcək. Seçkiöncəsi ölkədəki ictimai-siyasi durumu necə dəyərləndirirsiniz?

-Bir neçə gündən sonra Ali qanunverici hakimiyyətə seçkilər keçiriləcək. Parlament seçkiləri hər bir ölkənin siyasi həyatında mühüm hadisədir. Siyasi partiyalar və hakimiyyət bu seçkiyə tam qüvvəsi ilə gedir. Azərbaycanda hər beş ildən bir keçirilən parlament seçkiləri keçən müddətlərdə canlanma ilə hiss olunsada, bu ilki seçki prosesi tam sakitlik şəraitində keçir. Onu da etiraf etmək lazımdır ki,  siyasi canlanma prosesi o qədər də hiss olunmur.Siyasi partiya və bloklar qanunvericiliklə nəzərdə tutulmuş formada seçki mitinqləri təşkil etmir və geniş seçki təbliğatı aparmırlar. Televiziyada namizədlərə efir vaxtının ayrılmaması bu seçki mühitinin regionlarda da passiv olmasına dəlalət edir.

-Sizcə, vətəndaşlar seçkidə yüksək fəallıq nümayiş etdirəcəklərmi?

-Təssüflə qeyd etmək lazımdır ki, vətəndaşların siyasi proseslərə inamı ildən ilə getdikcə zəifləyir. Ölkənin Ali qanunverici hakimiyyətinin formalaşmasında vətəndaşların iştirakı mütləqdir. Amma zamanla xalqın siyasi proseslərdən uzaqlaşması, millət vəkillərinin seçildiyi dairənin problemlərinə biganə qalması və digər amillər vətəndaşın seçkidən uzaqlaşmasına səbəb olub. Bu gün regionlarda seçki mühiti hiss olunmur. Seçki mühiti hiss olunmayan cəmiyyətdə təbii ki, yüksək fəallıq hiss olunmayacaq. Bu dövlətimizin gələcək seçkili siyasi idarə quruluşuna təsirsiz ötüşməyəcək.Vətəndaşları seçki prosesinə cəlb etmək, maarifləndirmə işi aparmaq, seçki institutunu inkişaf etdirmək lazımdır. Demokratiyanın bərqərar olması xalqın seçkidə iştirakı və öz səsi uğrunda mübarizə aparmasıdır. Qərbin inkişaf etmiş ölkələri məhz azad seçki və xalqın bu porsesdə fəallıq göstərməsinin nəticəsində zamanla inkişaf mərhələsinə qədəm qoyub.
 

-Əvvəlki seçkilərdən fərqli olaraq istər hakim partiya, istərsə də müxalifət partiyaları bu dəfə qadın və gənc namizədlərə daha çox üstünlük veriblər. Sizcə, qadın və gənc namizədlər bu etimadı doğrulda biləcəklərmi?

-Muxalifət partiyaları və iqtidarın gənclərə və xanımlara üstünlük verməsi yüksək təşəbbüsdür. Siyasət və cəmiyyət gəcləşməli və siyasi proseslərdə bunların rolu hiss olunacaq dərəcədə artırılmalıdır. Düşünürəm ki, seçki  azad və demokratik keçiriləcəksə cəmiyyət gənclərə və xanımlara üstünlük verər və namizədlər seçilə bilərlər. İndiki situasiyada hakim partiyanın gənc namizədlərinin parlamentə seçilməsi müşahidə olunacaq.

-Regional amillərin seçki prosesinə təsiri mümkündürmü?

-Azərbaycan Cənubi Qafqazın aparıcı və əhəmiyyətli ölkəsidir. Azərbaycanın yerləşdiyi region Qərbin və Rusiyanın maraqlarının toqquşduğu regiondu. Rusiya yaxınlaşan parlament seçkiləri ərəfəsində Azərbaycanla daha da sıx siyasi əməkdaşlıq edir və Azərbaycanı mümkün dərəcədə öz orbitinə salmaq istəyir. Təbii ki, Qərbin də parlament seçkilərində marağı demokratik və ədalətli seçki prosesidi. ATƏT Demokratik Təsisatlar və İnsan Haqları İnstitutunun seçkini müşahidə etməməsinə baxmayraq Avropa seçki prosesinin sakit məcrada keçməsinə maraqlıdı və siyasi sabitliyin qorunması enerji maraqlarına uyğundu. Seçkidən sonra Qərb Azərbaycanın Rusiyanın təsir dairəsinə keçməməsi üçün siyasi təmasları artıracaq. Regional amillərin seçki prosesinə təsiri qaçılmaz olsa da, bu hiss olunacaq prosesdə baş vermir. İqtidar seçki prosesi yaxınlaşdıqca, Rusiya ilə münasibətlərində daha da sıx siyasi əlaqələri intensivləşdirəcək.

-Eyni gündə Türkiyədə də erkən seçimlər baş tutacaq. Bu seçkilərdən gözləntiləriniz nədən ibarətdir?

-Qardaş ölkədə baş tutacaq təkrar seçki ölkəmizə baxanda qat-qat siyasi canlanma və vətəndaşların aktiv siyasi prosedə rol olması ilə müşahidə olunur. Türkiyədə koalision hökumətin qurulmaması prezident Rəcəb Tayyib Ərdoğanın AKP hakimiyyətinin təkbaşına hökumət qurmasına hesablanıb. Türkiyədə terror aktları və PKK-ya qarşı hərbi əməliyyatlar, PKK yönümlü HDP-nin terrorla bağlı mövqe ortaya qoymaması AKP -nin seçkidə güney doğuda səslərin qazanmasına və digər regionlarda HDP-ni üstələməsi şübhə yaratmır. Suriyada baş verən problemlər, PKK ilə mücadilə, siyasi sabitliyin olmaması da seçki prosesinə təsir edən amillərdəndir. Bu ərəfədə CHP və MHP -nin mövqelərinin də güclənməsi gözlənilir. İqdırda MHP-nin keçən seçkilərdə məğlub olmasından sonra düşünürəm ki,  bu seçkidə eyni hal təkrar olunmayacaq və iqdırlılar öz namizədini seçə biləcək. İqdır Azərbaycan üçün də həssas bir yerdi. Oranın hal -hazırda kürdləşməsi Azərbaycan türklərinin bölgəni tərk etməsi ilə neticələnir. Ümid edirik ki,  noyabrın 1-də keçiriləcək seçkilər qardaş Türkiyəyə sabitlik gətirəcək və regionda onun mövqeyinin güclənməsi ilə nəticələnəcək. Ümumiyyətlə hər iki seçki iki türk dövlətinə inkişaf və sabitlik gətirəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31