Digər ölkələr Azərbaycanın seçki təcrübəsini öyrənməlidir

"Seçkilər" Media Mərkəzi - Milli Məclis Aparatının analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin Seçki-2015.az saytına müsahibəsi

- Seçkilərə hazırlığı necə qiymətləndirirsiniz?

- Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq  prosesi yüksək səviyyədə gedir. Seçkiyə hazırlığın hər anı müvafiq informasiya vasitələri tərəfindən ictimaiyyətə çatdırılır. Beynəlxalq müşahidəçilərin sayı dəqiqləşib və seçki günü bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Azərbaycan bir daha dünyaya demokratik seçki  təcrübəsini nümayiş etdirəcək.

- Artıq 500-ə qədər beynəlxalq müşahidəçinin seçkini izləyəcəyi dəqiqləşib. Demək olar ki, əsas beynəlxalq təşkilatlar və ölkələr Azərbaycandakı seçkini izləyəcək. Təkcə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu gəlməkdən imtina etdi. Bu barədə  nə deyə bilərsiniz?

- ATƏT/DTİHB ilə bağlı vəziyyət çoxdan aydındır. Azərbaycan tərəfi  seçkini izləmək üçün əvvəlcə Büronu dəvət etdi. Onlar bu dəvəti qəbul  etməmişdən öncə Azərbaycana böyük sayda müşahidəçinin gələcəyi ilə  bağlı tələblərini irəli sürdülər. Təsəvvür edin, əhalisi  50 milyondan çox olan bir ölkəyə də 400-ə qədər müşahidəçi göndərirlər, əhalisi 10 milyona  qədər olan Azərbaycana da. Bu, mövcud olan bütün normativlərin pozulmasıdır. Ona görə də Azərbaycan tərəfi məsələnin bu cür qoyuluşunu  qəbul etmədi və Büro tərəfindən yaradılan problemin həlli üçün  müzakirələrə hazır olduğunu açıqladı. Lakin Büro seçkiləri  müşahidə etməkdən imtina etdi. ATƏT/DTİHB bununla öz prinsiplərini pozdu. Beynəlxalq ictimaiyyət və müxtəlif dövlətlərin məsələyə münasibətində də bu fikir qırmızı xətlə keçir. Çünki təşkilat bu cür yanaşma ilə üzv dövlətlər arasında münasibətlərə  xələl gətirir. Burada Azərbaycanın heç bir günahı yoxdur.  ATƏT/DTİHB-nin əksinə olaraq, əsas beynəlxalq təşkilatlar və ölkələr  Azərbaycandakı seçkiləri izləyəcək. Bu, seçkiyə obyektiv qiymət verilməsi  üçün yetərlidir.

- Adıçəkilən təşkilatın müşahidə missiyası göndərməkdən imtina etməsinin seçkilərə  təsiri ola bilərmi?

- Təbii ki, xeyr. Görünür, hansısa qüvvələr  seçki ətrafında ajiotaj yaratmaq istəyirlər. Lakin biz seçkiləri kiməsə xoş gəlmək üçün ədalətli,  şəffaf, demokratik keçirmirik. Demokratik seçki keçirmək Azərbaycanın ənənəsidir. Buna heç kim şübhə edə bilməz. Seçkinin ədalətli və şəffaf  keçirilməsi xalqımıza, dövlətimizə lazımdır. Əsas odur ki, xalq bu  seçkilərdən qazanclı çıxsın. Əminəm ki, belə də olacaq.

- Azərbaycanın seçki təcrübəsini nümunə hesab etmək olarmı?

- Ölkəmizdə indiyə kimi kifayət qədər seçki keçirilib. Həm seçki  texnologiyası, həm seçkilərə maraq, bütövlükdə seçkinin təşkili, bunun  şəffaf və demokratik keçirilməsi üçün müasir texnologiya və vasitələrdən  istifadə olunması, həm də Mərkəzi Seçki Komissiyasının təcrübəsi  baxımından Azərbaycanın təcrübəsi digər ölkələrə nümunə ola bilər. Hesab edirəm ki, digər ölkələr Azərbaycanın seçki təcrübəsini öyrənməlidir. Bunu yalnız biz yox, seçkiləri izləyən beynəlxalq müşahidəçilər də deyirlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31