Azərbaycan cəmiyyətində yüksək seçki əhval-ruhiyyəsi müşahidə edilir

Seymur Orucov: “Azərbaycan heç zaman kiminsə diqtəsi ilə oturub durmayacaq”

"Çünki bizim öz müstəqil siyasətimiz var"

Bir neçə gündən sonra Azərbaycanda V çağırış Milli Məclisə seçkilər keçiriləcək. Bu dəfəki seçkilər bir sıra müsbət məqamları ilə əvvəlki seçkilərdən fərqlənməkdədir. Belə ki, hər ötən seçkidən sonra seçki mühitinin bir qədər də təkmilləşdirilməsi, seçicilərlə yüksək səviyyədə aparılan iş, onların maarifləndirilməsi v s. bu sıraya aid etmək olar. Bu ilki parlament seçkilərini əvvəlki seçkilərdən fərqləndirən digər bir müsbət məqam namizədlərin əksəriyyətinin gənclərdən ibarət olmasıdır. Bəs görəsən gənclərin bu seçkilərdə uğur qazanması nə dərəcədə mümkündür? Ümumiyyətlə, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatının tərkib hissəsi sayılan seçki prosesində aktivdirlərmi? Bu və ya digər suallarla bağlı  Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucova müraciət etdik. Seymur Orucov "OLAYLAR"-a verdiyi müsahibədə hakim partiyanın gənclərinin siyasi fəallığından da danışıb.

-Seymur müəllim, Azərbaycan gənci, xüsusilə hakim partiyanın Gənclər Birliyi seçki prosesində aktivdirlərmi?

-Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və onun üzvləri istər seçkilərdən əvvəl, istərsə də seçkilər ərəfəsində hər zaman ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirmiş olduğu siyasət, dövlətimizin uğurları, əldə etmiş olduğu nailiyyətlər təqdir edib, bu siyasətin davamlı olmasına öz dəstəyini verib. Eyni zamanda gənclərimiz Azərbaycana qarşı bəzi xarici dövlətlər tərəfindən yönəlmiş qısqanclıqla əlaqədar hər zaman öz sözünü deyib. Təbii ki, bu il ölkənin siyasi həyatı üçün ən vacib sayılan hadisələrdən biri, parlıament seçkiləri də bizim əsas diqqət mərkəzimizdə olan hadisədir. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərindən bir qismi müşahidəçi, təbliğat təşviqatçı qismində bu prosesdə aktiv rol oynayır. Müəyyən qism gənclər isə sosial şəbəkələrdə namizədlərin dəstəklənməsi kampaniyasında, keçirilən görüşlərdə iştirak edir. Ümumilikdə partiyamızın "Yeni hədəflərə doğur" strategiyasını həyata keçirməklə bu prosesdə iştirak edirlər. Həmçinin sosial şəbəkələrdə videoçarxlar hazırlanaraq vətəndaşlara, seçicilərə təqdim edilir. Bu kimi fəaliyyətlər bağlı işlər görülür və hazırda da fəaliyyətlər davam edir. Təbii ki, bütün bunlar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Yəni Seçki Məcəlləsi, ölkə qanunvericiliyinə zidd olan heç bir fəaliyyətdə olmamışıq.

-Bəs cəmiyyətin ümumilikdə seçkilərə olan marağı necədir?

-Bu gün Azərbaycan cəmiyyətində yüksək seçki əhval-ruhiyyəsi müşahidə edilir. Bunu partiyamızın namizədlərinin keçirdiyi görüşlərdə aydın görmək mümkündür. Hər bir seçici bu prosesdə aktivlik nümayiş etdirərək ölkənin siyasi həyatı üçün əhəmiyyətli sayılan seçki prosesinə qoşulur.  Bir faktı da qeyd edim ki, cəmiyyətimiz hər zaman Yeni Azərbaycan Partiyasını dəstəkləyib. 1993-cü ildən başlayaraq indiyə qədər ölkədə baş tutmuş bütün seçkilərdə Azərbaycan cəmiyyəti Yeni Azərbaycan Partiyasına etimad göstərərək onu seçkilərin qalibi edib. Bu gün də istər seçkiqabağı keçirilən rəy sorğuları, istər aparılan müşahidələr onu deməyə əsas verir ki, yenə də Yeni Azərbaycan Partiyasının namizədləri böyük səs çoxluğu ilə qələbə qazanacaqlar.

-Bəs Azərbaycanda keçiriləcək seçkilərə beynəlxalq maraq hansı səviyyədədir?

-Əslində beynəlxalq hüquqda beynəlxalq əməkdaşlıq prinsipləri artıq çoxdan pozulub. Bir vaxtlar dünyanın ən böyük güc mərkəzlərindən biri olmuş Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer bu gün açıqlama verir ki, İŞİD terror təşkilatının meydana gəlməsi və onun fəaliyyətində günahım böyükdür. Bununla demək istəyirəm ki, artıq ikili-üçlü prinsiplər çökməkdədir. Qərb öz qəddarlığını, orta əsrlərdəki zülmkarlığını ortaya qoymaqdadır. Hətta bir çox dairələrdə bizim kimi dövlətlərin stabilliyini, inkişafını bəyənmək istəmirlər. Bu inkişafı ləkələmək üçün əllərindən gələni edirlər. Hətta bəzi təşkilatlar var ki, seçki başlamamış və proses başa çatmamış seçkilərin saxtakarlığını iddia edir. Bunlar hamısını Azərbaycana qarşı təzyiq kimi qiymətləndirirəm. Azərbaycan dövləti hər zaman bu təzyiqlərin öhdəsindən gəlib və düşünürəm ki, bundan sonra da ölkəmizə qarşı yönəlmiş təzyiqlərin heç bir faydası olmayacaq. Azərbaycan heç zaman kiminsə diqtəsi ilə oturub durmayacaq. Çünki bizim öz müstəqil siyasətimiz var.  Azərbaycan xalqı da cənab prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyərək onun ətrafında birləşib. Azərbaycana qarşı irəli sürülən əsassız iddiaların heç bir əsası yoxdur və bunlara biz əhəmiyyət vermirik. Qarşı tərəf fikirləşməlidir ki, Azərbaycan kimi stabil, iqtisadi sahədə inkişaf edən bir ölkə ilə əməkdaşlıq etmək, onunla yaxın olmaq lazımdır. Əks təqdirdə onların dedikləri boş-boş sözlərdir. Bir qayda olaraq həmin dairələr Azərbaycanda olanda ölkəmizin inkişafından danışır, ancaq burdan getdikdən dərhal sonra öz qərəzli mövq elərini ortaya qoyurlar. Düşünürəm ki, onlar ikili, üçlü, beşli standartları həyata keçirən qurumlardır.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31