“Gürcüstanda yaşayan azərbaycanlıların əsas problemi...”
Fazil Həsənov: “Cəmiyyətə inteqrasiya, təhsil, işsizlikdir”
26 Oktyabr 2015 14:50 MüsahibəGürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi çoxsaylı problemlərin həlli, soydaşlarımızın gürcü cəmiyyətinə inteqrasiyası istiqamətində uğurlu fəaliyyət göstərən təşkilatlardan biri də Mareulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzidir. 2016-cı ildə Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) fəaliyyətə başlamasının 10 ili tamam olur. 10 il ərzində AMM-in gördüyü işlər, həyata keçirdiyi layihə və tədbirlər, eləcə də qarşıdakı hədəflər barədə sözügedən mərkəzin sədri Fazil Həsənovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə AMM sədri Fazil Həsənov Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi problemlər, onların həlli yolları istiqamətində atılan addımlar və s. barədə danışıb.
-Fazil müəllim, gələn il Azərbaycanlıların Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur. AMM-in 10 illik fəaliyyətini necə dəyərləndirirsiniz və qarşıya qoyulan məqsədlərə 10 il ərzində nail olmaq mümkün olubmu?
-Azərbaycanlıların Mədəniyyət Mərkəzininin yaranma tarixi 2004-cü ilə təsadüf edir. O zaman Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının Gürcüstana səfəri zamanı biz bu qurumu yaratmaq təklifi ilə çıxış etmişdik. Əəsas məqsədimiz Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiya olunma prosesi istiqamətində müəyyən layihələrin həyata keçirilməsi, Azərbaycan mədəniyyətinin yaşadığımız ölkədə təbliği, inkişafı, gənclərimizin maarifləndirilməsi və digər məsələlər oldu. Azərbaycanlıların Mədəniyyət Mərkəzi 2006-ci ildən fəaliyyətə başladı. İlk layihələrimiz gənclərin təhsili və mədəniyyətimizin inkişafı istiqamətində oldu. Bu gün isə bu və digər layihələr davam etdirilərək, yeni yeni proqramlar üzərində çalışırıq. Fəaliyyətə Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan gənclərə dəstəklə başladıq. Eyni zamanda təqaüd proqramı fəaliyyətə başladı. O zamanlar bu proqrama yalnız 20 nəfər gənc cəlb edə bilmişdik. Çünki ali təhsil ocaqlarında oxuyan tələbələrin sayı olduqca az idi. Biz onlar üçün xüsusi layihələr həyata keçirdik. Bu problem bizi olduqca narahat edirdi. Problemin əsas səbəbi dövlət dilinin gənclərimiz tərəfindən lazımı səviyyədə mənimsənilməməsi idi. Bu problemin həll olunması üçün biz Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə azərbaycandilli məktəblərdə əlavə gürcü dili kursları təşkil etdik. Dövlətə xüsusi proqramların tətbiq olunması təklifi ilə müraciət etdik. Əlavə dərsliklər, əyani vasitələr hazırlayaraq məktəblərə təmənnasız paylanıldı. Nəticəsini isə bu gün görmək olar, Gürcüstanın ali təhsil ocaqlarında bu gün 2000-dən artıq tələbəmiz təhsil almaqdadır. Düşünürəm ki, bizim də bu uğurlu göstəricidə əməyimiz vardır. Təbii ki, bu hələ son deyil. İcmamızda yetərli qədər problemlər və boşluqlar mövcuddur. Hazırda da fəaliyyətimiz bu və digər istiqamətlərdə davam etdirilir. Yalnız nisbətən də olsa qarşımıza qoyduğumuz məqsədə çatmaqdayıq.
-AMM-in 10 illik yubileyinin geniş şəkildə qeyd edilməsi nəzərdə tutulurmu?
-AMM-nin 10 illik yubeliyi bizim üçün bu illərdə apardığımız fəaliyyətin hesabatıdır. Bunun üçün ötən illərdə gördüyümüz işləri əks etdirən hesabat xarakterli kitabın işıq üzü görməsini nəzərdə tuturuq. Bundan başqa inanırıq ki, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin binasının inşası məhz 2016-ci ildə başlayacaq. Uzun illərdir ki, bizim fəaliyyətimiz şəraiti olmayan kiçik bir ofisdə davam etdirilir. Mədəniyyətimizi daha yaxşı şəkildə təbliğ edib işlərimizi genişləndirmək üçün bizim lazımı şəraiti olan binaya etiyacımız vardır. Düşünürük ki, bizim görəcək işlərimiz çoxdur və 10 illik yubileyimiz bizim üçün yeni bir mərhələdir.
-AMM-in on illik fəaliyyəti dövründə ən yadda qalan və geniş spektri əhatə edən layihəsi hansı olub?
-Şübhəsiz ki, bizim layihələrimizin əksəriyyəti olduqca geniş şəkildə həyata keçirilərək önəm daşıyan olub və qismən də olsa bəzi problemlərin həllinə yönəlib. Lakin, ən geniş layihələrdən biri azərbaycandilli məktəblərdə həyata keçirdiyimiz əlavə gürcü dili kurslarının təşkili olmuşdur. Layihənin nəticəsi gözlənilməz dərəcədə uğurlu oldu. Kursun 80 faiz dinləyicisi ali təhsil ocaqlarına daxil olmuşdur. Dövlət akreditasiyasını keçmiş ali təhsil ocaqlarında yüksək nəticələrlə təhsil alan azərbaycanlı tələbələrin maddi etiyaclarını qarşılamaq üçün onlara aylıq təqaüdlər də təqdim edilir. Digər uğurlu layihəmiz isə Azərbaycan xalq rəqslərinin təbliği məqsədilə yaradılan "Sarvan" folklor ansambılıdır. Ansambılın nəzdində rəqs, müsiqi qrupları fəaliyyət göstərir. Ölkədaxili və xaricdə mədəniyyətimizi təbliğ edərək bir sıra festival və müsabiqələrə qatılan qrup dəfələrlə qran pri laureatı olaraq ilk sıralara layıq görülüb. Bu gün də fəaliyyətini dəstək almadan davam etdirən qrup uğurlar əldə etməyə davam edir. Cəmiyyətimizdə informasiya qıtlığını aradan qaldırmaq üçün yaradılan çap məhsullarımız "Region press" ictimai qəzet, "Qarapapaqlar" elmi dərgi və "Meydan" ictimai jurnalı əhali arasında rəğbətlə qarşılanaraq uğurlu layihələr sırasına daxil oluna bilər. Borçalı aşıq məktəbinin geniş təbliği məqsədilə, klassik sənətkarların yubileylərinin Tbilisidə təşkili, məhz AMM-nin təşkilatçılığı ilə həyata keçirildi.
-AMM Gürcüstanın rəsmi dairələri ilə hansı formada əməkdaşlıq edir və bu əməkdaşlıqdan mərkəz olaraq razısınızmı?
-Biz hər zaman Gürcüstanın dövlət, yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq qururuq, layihələrlə müraciət edib əməkdaşlıq edirik. Çalışdığımız məsələlər burada yaşayan soydaşlarımızın problemləri, onları narahat edən məsələlərlə bağlı olduğu üçün həmin məsələlərin həlli istiqamətində dövlət siyasəti çərçivəsində həyata keçirilən reformalara qoşularaq əməkdaşlıq şəklində öz töhvələrimizi veririk. Gənclər, Elm və Təhsil və digər nazirliklərlə birgə layihələr həyata keçirilir. Yerliözünü idarəetmə orqanlarının nümayəndələri və region quberniyası ilə sıx-sıx görüşlər keçirib fikir mübadilələri aparırıq və çalışırıq birlikdə işlər görək. Mədəniyyətimizə, elmi konfranslara, tarixi həqiqətlərimizə həsr olunan tədbirlərdə gürcü ictimayəti ilə yanaşı dövlət rəsmiləri də iştirak edirlər.
-AMM 10 il ərzində hansı qənaətə gəldi, Gürcüstanda yaşayan soydaşlarımızın başlıca problemi nədir və həmin problemdən çıxış yolu nədədir?
-Əsas problem cəmiyyətə inteqrasiya, təhsil, işsizlik problemləridir. Bu istiqamətdə müəyyən işlər həyata keçirilir və uğurlar da əldə edilibdir. Əsas problem təhsildədir, azərbaycadilli məktəblərdə çalışan kadr çatışmazlığı, təhsilin keyfiyyətidir. Gənc kadrların demək olar ki, olmamasıdır. Bunun üçün bu günlərdə Gürcüstana rəsmi səfər edən Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovla görüş keçirildi bu və digər problemlər müzakirə olundu. Qeyd edilən məsələlərin iki dövlət nazirlikləri arasında həlli istiqamətində artıq yaxın vaxtlarda işlərə başlanıldığı vurğulandı.
-AMM-in həyata keçirməyi nəzərdə tutduğu yeni layihə və tədbirlər nədən ibarət olacaq?
-Əsas istiqamətimiz dəyişməz olaraq qalır. Yeni ildə də təhsil və mədəniyyətlə bağlı irimiqyaslı layihələrin həyata keçirilməsi, həqiqətlərimizin gürcü ictimaiyyətinə çatdırılması və gənclərin inkişafı istiqamətində müəyyən addımların atılması, müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tuturuq. İncəsənət və mədəniyyətimizlə bağlı tədbirlərin, festival və sərgilərin keçirilməsi də prioritetlərdən biridir.
Süleyman İsmayılbəyli