Azərbaycanda seçki prosesi öz axarı ilə davam edir
26 Oktyabr 2015 12:38 Müsahibə"Seçkilər" Media Mərkəzi - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı ölkədəki seçki mühiti, seçki prosesinin gedişi, təmsil etdiyi təşkilat tərəfindən deputatlığa namizədlər, onların təşviqatı və digər məsələlərlə bağlı Seçkilər-2015.az saytına müsahibə verib.
- Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Ölkəmizdəki seçkilərə hazırlıq prosesini necə qiymətləndirirsiniz?
- Azərbaycanda seçki prosesi sabit, təlatümsüz, normal və öz axarı ilə davam edir. Ciddi bir qanun pozuntusu, namizədlərə hər hansı bir maneənin olması faktı ilə rastlaşmamışıq. 1500 nəfərə yaxın şəxs parlament seçkilərində namizədliyini irəli sürüb. Onlar arasında siyasi partiyaların, siyasi blokların təmsilçiləri və müstəqil şəxslər də var. Rəsmi qurumların veridiyi məlumatlara görə, seçkiyə 30 yaxın siyasi təşkilatın təmsilçiləri qatılıb və oların böyük əksəriyyəti namizəd kimi qeydə alınıb. Hazırda bütün dairələr üzrə siyasi təşkilatların nümayəndələri təblığat-təşviqat kampaniyasını aparırlar. Bütün bunları nəzərə alaraq, noyabrın 1-ə təyin edilmiş parlament seçkilərinə hazırlıq prosesini müsbət qiymətləndirirəm.
- Təmsil etdiyiniz partiya seçkilərdə hansı formada iştirak edir?
- Təmsil olunduğum siyasi təşkilat parlament seçkilərinə bir partiya şəklində qatılıb. Yəni, partiyanın ali qurumunun qərarı ilə namizədlərimiz irəli sürülüb. BAXCP-nin 70-dən artıq nümayəndəsi ilə seçkiyə qatılmışıq. Parlament seçkilərində qeydə alınmış namizədlərin sayına görə, partiyamız hakim Yeni Azərbaycan Partiyasından sonra ikinci yeri tutur. Müxalifət partiyaları arasında isə BAXCP birinci yerdədir.
- Hazırda seçkilərin təbliğat-təşviqat mərhələsidir. Partiyanızın namizədləri seçki kampaniyasının bu dövrünü necə keçirirlər?
- BAXCP-nin qeydə alınmış namizədləri qanunvericiliyin imkan verdiyi bütün formalarından istifadə edərək öz təbliğat və təşviqatlarını qururlar. Deputatlığa namizədlərimiz onlar üçün ayrılmış ərazilərdə, o cümlədən müxtəlif yaşayış məntəqələrindəki məhələlərdə seçiciləri ilə görüşür, məqsəd və məramlarını çatdırır, eyni zamanda media üzərindən öz platformalarını təqdim edirlər. Bundan başqa, namizədlərimiz sosial şəbəkənin imkanlarından da geniş istifadə edir, seçki məntəqələrinin əhatə etdiyi ərazilərdəki məlumat lövhələrində öz plakatlarını vururlar. Bu qaydada təşviqat prosesi davam etdirilir.
- Seçki prosesinə start veriləndən bu günə qədər hər hansı qanun pozuntusu ilə rastlaşılıbmı?
- Əminliklə deyə bilərəm ki, istər namizədliyimin irəli sürülməsi, istərsə də ondan sonrakı dövrdə heç bir problemlə üzləşmədim. Dairə seçki komissiyasının rəhbərliyi tərəfindən hər hansı bir maneə ilə də rastlaşmadım. Əksinə, böyük hörmət və ehtiram gördüm. DSK-nın öz işini mükəmməl şəkildə apardığını müşahidə etdim. Təbii ki, bu cür hadisə baş verərsə, rəsmi qurumlara bununla bağlı müraciət edəcəm. Lakin güman etmirəm ki, hansısa problem olsun. Yaradılan yüksək şərait çərçivəsində öz təbliğat kampaniyamı aparmaqla məşğulam.