“ABŞ Rusiyanı Suriyada yaratdığı bataqlığa saldı”
Seymur Süleymanov: “Amerika bu kartla anti-Əsəd qüvvələrinə, Suriya Azadlıq Ordusuna və digər qruplaşmalara hərbi dəstək verir”
23 Oktyabr 2015 14:14 MüsahibəRusiya Suriyada İŞİD terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir. Bir tərəfdə antiterror əməliyyatları həyata keçirən Rusiya, digər tərəfdə Suriyanın Bəşər Əsəd rejiminə qarşı dəstəyini davam etdirir. Rusiyanın bu addımına sərt etiraz edən ABŞ rəqibinin Yaxın Şərqdə möhkəmlənmək cəhdlərinin qarşısını almaq üçün hərəkətə keçib. Bunun davamı olaraq, siyasi ekspertlər İŞİD əməliyyatlarının Rusiyanı daxildən qarışdıracağını iddia edirlər. Bəziləri isə, bu əməliyyatların Yaxın Şərqdə terrorun kökünü kəsəcəyini deyirlər.
"Olaylar"ın bu və ya digər məsələlər barədə suallarını siyasi analitik Seymur Süleymanov cavablandırdı.
- Fikrinizcə, Rusiyanın İŞİD əməliyyatları hansı nəticəni ortaya çıxaracaq?
- ABŞ və digər Qərb ölkələri Suriyada İŞİD-lə mübarizə adı altında Bəşər Əsədi devirmək planını həyata keçirirlər. Heç kəsə sirr deyil ki, İŞİD Amerikanın geosiyasi masada oynadığı "Şərq kartı"dır. Bu kartla anti-Əsəd qüvvələrinə, Suriya Azadlıq Ordusuna və digər qruplaşmalara hərbi dəstək verir. Bu fonda Kreml İŞİD təhlükəsinin qoxusunu hiss etdi. Nəticədə ağıllı addım ataraq, beynəlxalq hüquq normalarına uyğun formada Suriyada İŞİD və buna bənzər terror qruplarını məhv etməyə başladı. Rusiya hal-hazırda Şərqi həmin terror qruplarından təmizləyir. Beləliklə də, Rusiya Şərqi Qərbə qarşı gücləndirmək istəyir.
- İddia olunduğu kimi Rusiyanın Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar, bumeranq təsiri yarada bilərmi?
- Rusiyanın İŞİD və buna oxşar terror qruplarını məhv etməsinin səbəbləri müxtəlifdir. Ən başlıcası, yuxarıda vurğuladığım kimi, İŞİD-in qoxusu son zamanlar Rusiyadan gəlməyə başlamışdı. Lakin, İŞİD-in Rusiyanın qarşısına çıxması, qarışqanın ayıya güc gəlməsinə oxşayır. İŞİD-in Rusiyanı daxildən qarışdıracağı iddiası məntiqli deyil. Burada bir sual yaranır ki, Rusiya İŞİD-in Kremlə ayaq açmasın deyə İŞİD-i məhv etməyə başladı? Yəni Kreml Şərqdə terrorun kökünü yox, öz maraqlarına görə belə addım atdı? Yox! İŞİD Rusiyanın qapısında dayanıbsa, bu o deməkdir ki, İŞİD-in hər bir ölkədə hüceyrəsi var. Rusiya bunu görürdü.
- Bəs niyə, ABŞ Rusiyanın Suriyaya girməsinə etiraz etmədi? Putinin Nyu-Yorkdan qayıdan kimi İŞİD-ə qarşı əməliyyatlara başlaması təsadüf idimi?
- Proseslərdə Türkiyə böyük rol oynayır. ABŞ Türkiyənin Rusiyaya meyl etməsindən narahat idi. "Cənub axını" layihəsinin ləğvi bunun göstəricisidir. Amerika Rusiya-Türkiyə əlaqələrini axsatmağın yollarını axtarırırdı. Vaşinqton da Moskvanı Suriyada yaratdığı bataqlığa saldı. Bilirsiniz, Amerika gec-tez "Kürdüstan"ı yaradacaq. Bu qaçınılmazdır. Çünki, ABŞ uzun illərdir bu plan üzərində işləyir, heç bir halda bundan imtina etməyəcək.
- Rusiya Suriyada üstünlük əldə edib, ABŞ-a özünün Əsəd və Ukrayna ilə bağlı təkliflərini qəbul etdirə bilərmi?
- Belə bir təklif ola bilməz. Cavabı çox sadədir, çünki Rusiya heç vaxt təklif etmir, Rusiya ancaq əmr edir.
Mənsur