“Xalq və Prezident birliyinə heç bir daxili və xarici antiqüvvələr kölgə sala bilməz”

Anar Axundzadə: “Hər kəs göstərilən etimadı öz işi və sədaqəti ilə doğrultmalıdır”

Parlament seçkiləri yaxınlaşdıqca müxtəlif ölkələrin sosioloji mərkəzləri Azərbaycanda rəy sorğusu keçirərək cəmiyyətin bu seçkilərə, eləcə də mövcud hakimiyyətə, onun prezidentinə münasibətini öyrənir. Bütün rəy sorğularından ortaya çıxan mənzərə ondan ibarətdir ki, cəmiyyət seçkiyə böyük maraq göstərir və mövcud hakimiyyəti dəstəkləyir. Xüsusilə sorğu iştirakçılarının 80 faizi prezidentin həyata keçirdiyi siyasətdən razılığını ifadə edir. Maraqlıdır ki, dövlət başçısının belə yüksək reytinqi nə ilə əlaqədardır? Məsələ ilə bağlı "OLAYLAR"-a fikirlərini bölüşən Yeni Azərbaycan Partiyasının üzvü, sabiq millət vəkili Anar Axundzadə bunu Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işlərlə əlaqələndirib. Anar Axundzadə son günlər dövlət başçısının sahibkarlarla bağlı nümayiş etdirdiyi mövqe və bunun müsbət nəticələri barədə də danışıb.

-Anar müəllim, parlament seçkiləri ərəfəsində müxtəlif ölkələrin sorğu mərkəzləri Azərbaycanda rəy sorğuları keçirirlər. Həmin rəy sorğularının nəticələrindən aydın olur ki, əhalinin 78-80 faizi prezident İlham Əliyevin idarəçiliyindən razıdır. Siz bu sorğuların nəticələrini necə dəyərləndirirsiniz?

-Bu gün Azərbaycanda görülən işlər məhz möhtərəm Prezidentimizin apardığı uğurlu siyasətin nəticəsində meydana gəlib. Zaman-zaman istər daxildə, istərsə də xaricdə müəyyən qüvvələr tərəfindən bu inkar olunsa da, sonucda həqiqət zəfər çalıb. Dediyiniz həmin sorğuların nəticəsi də xalq və Prezident birliyinin parlaq təzahürüdür. Azərbaycan xalqı üç prezident seçkisində öz iradəsini ortaya qoyaraq Cənab Ilham Əliyevə dəstəyini və məhəbbətini ifade edərək ölkəmizin və xalqımızın taleyini, müqəddəratını ona həvalə edib ki, bu gün sorğu keçirən təşkilatlar da artıq bu reallığı qəbul etməkdən başqa carələri qalmadığını anlayırlar.

-Bu kimi rəy sorğuları və ortaya çıxan nəticələr "Azərbaycanda böhran var, xalq hakimiyyətdən narazıdır" kimi cəfəng iddialar irəli sürən daxili ə xarici qüvələrə bir cavab sayıla bilərmi?

-Bəli məhz bu sorğunun nəticəsi qaraguruhçu qüvvələrə layiqli cavabdır.

-Bu günlərdə president İlham Əliyev sahibkarların iki il müddətində yoxlamalardan azad olması barədə qanunverici təşəbbüslə çıxış etdi. Sizcə bu ölkədə sahibkarlığın, qeyri-neft sektorunun inkişafına hansı müsbət təsirlər göstərəcək?

-Möhtərəm prezidentimiz dəfələrlə ölkə əhalisinin inkişafını azad sahibkarlığın inkişafında görüb. Özəl sektora daha səmərəli fəaliyyət göstərməsi üçün hər cür köməyin göstərilməsini tövsiyyə və tələb edib. Eyni zamanda öz fərman və sərəncamlarında sahibkarlığın inkişafı üçün lazımi addımları atıb. Artıq ölkəmizdə istehsal obyektlərinin, kənd təssərrüfatının inkişaf etdirilməsi öz bəhrəsini verməkdədir. Lakin yerlərdə bəzi məmurlar tərəfindən süni maneələr yaradılması heç zaman Prezidentimizin gözündən qaçmayıb. Dövlət başçısı həmin insanlara dəfələrlə xəbərdarlıqlar edib.

-Ümumiyyətlə, dövlət başçısının son günlər atmış olduğu sərt addımlar bundan sonra vəzifə səlahiyyətlərini idarə edə bilməyən və ya ondan sui-istifadə edənlərə dərs olacaqmı?

-Son zamanlar Prezidentimizin qəbul etdiyi sərt və lazımi qərarlar onu göstərir ki, dövlət başçısının bir amalı var.  Ölkəmizin inkişafı və xalqımızın rifahı. Bu səbəbdən də keçirilən sorğunun nəticələri də onu göstərir ki, xalq və Prezident birliyinə heç bir daxili və xarici anti-qüvvələr kölgə sala bilməz. Düşünürəm ki, cənab prezidentin ətrafında kifayət qədər sədaqətli məmurlar da var və hər kəs göstərilən etimadı öz işi və sədaqəti ilə doğrultmalıdır. Əks təqdirdə cəzalanan məmurların aqibətini yaşamaga məhkum olacaqlarını unutmamalıdırlar. Hər bir dövlətlə əlaqəli şəxslər "Mən prezidentimizin əsgəriyəm" deməklə kifayətlənməyib dövlət başçısının etimadını gördükləri işlə doğrultmalıdırlar. Mən bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm ki, mənim ölkəmin İlham Əliyev kimi Prezidenti var.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31