Kiçik və orta sahibkarlığın inkişafı üçün stimul

Pərviz Heydərov: “İnzibati yolla müvafiq qadağa qoyulmasa, problemi həll etmək mümkün deyildi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında sahibkarlara qarşı əsassız yoxlamaların aradan qaldırılması, eləcə də dövlət başçısının qanunvericilik təşəbbüsü ilə çıxış edərək Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərməsi bu gün cəmiyyətdə ən çox müzakirə edilən məsələlərdən biridir. Bununla bağlı müxtəlif yanaşmalar, dəyərləndirmələr mövcuddur. Ancaq ümumi fikir ondan ibarətdir ki, dövlət başçısının son addımı ölkədə sahibkarlıq mühitinin inkişafına bir qədər də təkan verəcək. Bəs görəsən ekspertlər bu barədə nə fikirləşir? Bu və ya digər məsələlərlə bağlı iqtisadçı ekspert Pərviz Heydərovla söhbətləşdik

-Pərviz müəllim, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Dövlət başçısının bu addımını necə dəyərləndirirsiniz?

-Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair keçirilən iclasında ölkədə sahibkarların fəaliyyətlərinə qanunsuz müdaxilələrin və yoxlamaların iqtisadiyyatın inkişafına mənfi təsir etdiyi artıq neçənci dəfə idi ki, deyilirdi. Yəni, bundan əvvəlki anoloji iclaslarda da dövlət başçısı bu barədə xəbərdarlıq etmişdi. Hətta bu istiqamətdə əvvəlki müvafiq iclaslardan sonra müəyyən addımlar da atılmış, tapşırıqlar verilmişdi.. Ancaq görünür, problemi həll etmək mümkün deyildi. Ümumiyyətlə, mən bu barədə bütün açıqlamalarımda da qeyd etmişdim ki, məsələnin kökü daha dərindədir. İnzibati yolla müvafiq qadağa qoyulmasa, problemi həll etmək mümkün deyildi. Çünki ölkədə bəzi sahibkarların özləri də müvafiq dövlət instansiyaları ilə "birgə fəaliyyətdə" maraqlı görünürdülər. Digərləri isə məhz bunun güdazına gedirdi. Bu mənada, Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndəriməsi və bu qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılırması fövqəladə əhəmiyyətə malikdir. Məlumata əsasən, Milli Məclisə (MM) daxil olan "Sahibkarlıq fəaliyyətində yoxlamaların dayandırılması haqqında" adlı qanun layihəsi 4 maddədən ibarətdir. Layihədə yoxlamaların dayandırılmasının noyabrın 1-dən hesablanmaq şərti ilə 2 il müddətinə nəzərdə tutulduğu qeyd olunub ki, göstərilən müddət ərzində yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Belə ki, həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. Hesab edirəm ki, bu, ölkədə sahibkarlıq fəaliyyəti üçün əlavə bir nəfəs verəcək və bu sahədə dövlət tərəfindən yeni bir stimul verilməsi təsiri bağışlayacaq.

-Sizcə dövlət başçısının belə bir ciddi addım atmasının başlıca səbəbi nə idi?

-Yuxarıda qeyd etdim ki, Prezident ilk dəfə deyildi ki, bu məsələni qabardırdı. Əvvəlki iclaslar zamanı, o cümlədən dövlət başçısının digər görüşlərdəki çıxışlarında da bu məsələyə toxunulmuşdu. Ancaq problem onda idi ki, bəzi hökumət qurumları sözügedən əməllərindən əl çəkmirdilər. Daha doğrusu əl çəkə bilmirdilər. O səbəbdən ki, bu və ya digər sahibkarlar özləri də bunda maraqlı idilər və şəraiti həm də onlar özləri yaradırdılar. Bunun başlıca stimulverici amilini isə vergilərdən yayınmaq istəyi təşkil edirdi. Odur ki, təqdirəlayiq haldır ki, sözügedən müddət ərzində bilavasitə vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılmaqda davam etdiriləcək. Yəni, sahibkarlıq fəaliyyəti nə qədər azad və şəffaf xarakter daşısa da, dövlətin də iqtisadi maraqlarına ziyan gətirməməli və milli, o cümlədən ümumi təhlükəsizlik baxımından heç bir mənfi xarakter daşımamamalıdır.

-Prezidentin bu qərarı sahibkarlığın inkişaf etdirilməısinə hansı təsiri göstərəcək?

-Məlumdur ki, neft gəlirlərinin azalması ilə əlaqədar, dövlət büdcəsinə daxilolmalarda problem var. Neftin qiyməti ilə bağlı gəlirlər 2 dəfədən çox azalıb. Bu isə qeyri-neft sektirunun inkişafını iki qat artıq prioritet təşkil etməsinə zəmin yaradır. Qeyri-neft sektorunun inkişafı isə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsindən keçir. Büdcə gəlirlərinin əsasını əslində, bu sahədən gəlirlər təşkil etməlidir. Sahibkarlıq fəaliyyətinə rəsmi orqanların müdaxiləsi və qanunsuz yoxlamalar isə ən çox məhz orta və kiçik sahibkarlığın belini qırır, bu istiqamətdə müvafiq inkişafın qarşısını alır. Belə ki, iri sahibkarlar pis və yaxşı necə deyərlər, "çullarını sudan çıxara" bilirlər. Orta və kiçik sahibkarlar isə tab gətirə bilmirlər. Odur ki, Prezidentin müvafiq qanunvericilik təşəbbüsü fikrimcə, ilk növbədə yaxın 2 il ərzində ölkədə məhz kiçik və orta sahibkarlığın inkişafı və pərvazlanması üçün stimul rolunu oynayacaq. Bu isə indiki şəraitdə qeyd etdiyimiz kimi olduqca vacibdir.

-Bu addımın qeyri-neft sektorunun inkişafına təsiri olacaqmı?

-Qeyri-neft sektorunun inkişafının əsasını kiçik və orta sahibkarlığın geniş yayılması təşkil edir. Bu özünü ilk növbədə aqrar sektorda göstərməlidir. Adı çəkilən sahədə bunun üçün kifayət qədər əsas vardır. Biz, hər şeydən öncə məhz kənd təsərrüfatı məhsulları sarıdan rəqabət qabiliyyətli məhsullar istehsalına nail olmağı bacarmalıyıq.

-Sizcə sahibkarlar prezidentin bu addımından sui-istifadə etməyəcəklər?

-Sahibkarlıq fəaliyyəti vətəndaşların sağlamlığı, millətin və dövlətin təhlükəsizliyinə heç bir ziyan gətirməməlidir. Eyni zamanda, hər bir sahibkar əldə etdiyi gəlirlərdən müvafiq qaydada dövlət büdcəsinə vergilərini ödəməlidir. Sahibkarlıq fəaliyyəti məşğul olanın vergi mədəniyyəti olmalıdır. Prezidentin təşəbbüsü də yalnız, qanunsuz və artıq, müdaxilələrin və yoxlamaların qarşısını kəsmək məqsədi daşıyır. Heç kim vergidən yayına bilməz. Müvafiq qanunvericilik təşəbbüsü də yalnız bu məqsədə xidmət edir. Hesab edirəm ki, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması ölkədə məhz sağlam ruhda və təşəbbüsdə olan, gəlir gətirən fəaliyyətlə məşğul olmanlar üçün əlverişli imkanlar yaradacaq, bilavasitə bu sahədə maraqları inkişaf etdirəcək. Bundan kənarda bütün mövcud istəklər isə istər-istəməz lüzumsuz vasitəyə çevriləcək.

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31