“Azərbaycanda seçkilər mövcud qanunlara uyğun reallaşır və legitimdir”
Mayis Güləliyev: “Yeni Azərbaycan Partiyası və ona yaxın olan siyasi partiyaların üstünlüyünü etiraf etmək lazımdır”
19 Oktyabr 2015 17:18 Müsahibə"Müxalifət partiyaları əhaliyə yalan vədlər verməkdə davam edirlər"
Artıq parlament seçkilərinin böyük bir zaman kəsimi arxada qalıb. İstər seçki prosesinə qoşulan, istər qoşulmayan, istər namizədliyini irəli sürən, istərsə də deputat mandatı uğrunda mübarizəni mənbasız hesab edən əksər siyasilərin seçki prosesi barədə fərqli fikirləri, düşüncələri mövcuddur. Bəziləri seçkiqabağı vəziyyətin heç də demokratik olmadığını iddia etdiyi halda, bir başqaları bu prosesin normal olduğunu və seçki mühtinin sabit ictimai-siyasi durumda davam etdiyini vurğulayırlar. Elə "Vətən" Siyasi Blokunun icra katibi Mayis Güləliyev də hesab edir ki, Azərbaycanda seçkiqabağı ictimai-siyasi vəziyyət normaldır. Mayis Güləliyev "OLAYLAR"-a verdiyi müsahibəsində kənar təsirlərin seçki ərəfəsində mümkün olub-olmayacağı, eləcə də müxalifətin əksər hissəsinin seçkilərdə iştirak etməməsinin səbəbləri barədə də danışıb. Mayis Güləliyev parlament seçkilərindən gözlənilən nəticələrdən də söhbət açıb.
-Mayis bəy, Azərbaycanda seçkiqabağı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
-Azərbaycanda seçkiqabağı ictimai-siyasi vəziyyət kifayət qədər sabitdir. Bəzən bu sabitliyi mənfi çalarda təqdim edərək əhalinin siyasi aktivliyinin az olması kimi qiymətləndirirlər. Bu qətiyyən belə deyil. Əvvəla qeyd edim ki, sabitlik bütün hallarda cəmiyyət üçün çox dəyərli vəziyyətdir. Bunu qiymətləndirmək lazımdır. Digər tərəfdən, əhalinin siyasi aktivliyinin az olması da mənfi hal kimi qiymətləndirilməməlidir. Cəmiyyətdə hamı siyasətlə məşğul olmamalıdır və ola da bilməz. Həmçinin nə üçün siyasi aktivlik deyəndə məhz sabitliyin pozulması nəzərdə tutulmalıdır və ya sabitliyin pozulmasına niyə "siyasi aktivliyin artması" kimi qiymət verilməlidir. Odur ki, hazırda mövcud siyasi sabitlik bizim cəmiyyətin dəyəridir və çalışıb bu dəyəri qorumaq lazımdır. Qaldı bəzi siyasilərin cəmiyyətdə siyasi aktivliklə bağlı pessimist fikirlərinə, onu qeyd etmək lazımdır ki, hazırda Yeni Azərbaycan Partiyası və ona yaxın olan siyasi partiyaların və təşkilatların üstünlüyünü, başqa sözlə desək, qalibiyyətini etiraf etmək lazımdır. Buna hansı metodlarla və ya siyasi texnologiyalar ilə nail olunması artıq digər mübahisənin predmetidir. Dəqiq olan fakt ondan ibarətdir ki, YAP və ona yaxın olan siyasi qüvvələr cəmiyyətin siyasi ab-havasını müəyyən edir.
-Müşahidələriniz necədir, seçki kampaniyası normal gedirmi?
-Hər xalq, hər ölkə özünün siyasi və hüquqi sistemini özü yaradır. Legitimlik o demək deyil ki, baş verən hadisələr hər hansı dövlətin və ya beynəlxalq təşkilatın xoşuna gəlir, ya yox. Legitimlik odur ki, baş verən hadisələr verilmiş zaman və məkanda mövcud qanunlara uyğun olsun. O mənada kimin xoşuna gəlib və ya gəlməməsindən asılı olmayaraq, Azərbaycanda seçkilər mövcud qanunlara uyğun reallaşır və legitimdir. Bu qanunların nə dərəcədə demokratik olması başqa mövzudur.
-Əksər müxalifət partiyalarının seçki prosesindən kənarda qalmasını necə dəyərləndirirsiniz?
-Kim indiki ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirərək etiraf etmirsə ki, YAP siyasi mühitdə tam qalib olub, onlar böyük səhv edir. Bu səhvin etiraf edilməməsinin nəticəsidir ki, müxalifət partiyaları əhaliyə yalan vədlər verməkdə davam edirlər. Onlar bu texnologiyadan ona görə istifadə edirlər ki, "guya siyasətçi pessimist fikirləri əhaliyə çatdırmamalıdır". Tamamilə səhv fikirlərdir. Mən deyirəm ki, siyasətçi əxlaqlı olmalıdır və həqiqət nə qədər acı olsa da həqiqəti söyləməlidir. Əhaliyə yalan söyləmək müəyyən qısa dövrdə onların mübarizə ruhunu yüksəltsə də, uzun perspektivdə mübarizə ruhunu tamamilə məhv edir .
-Bu arada yenidən Azərbaycana qarşı Avropa və Qərbdən təzyiqlər özünü göstərir. Azərbaycana qarşı olan bu yanaşmanı necə qiymətləndirərdiniz?
-Avropanın Azərbaycandan çox umacağı var. Bu umacaqlar əsasən siyasi və iqtisadi xarakterlidir. Bu umacaqlar arasında demokratikləşmə ilə bağlı umacaqlar yoxdur. Onlar sadəcə bundan bəhanə kimi istifadə edirlər. Nə vaxta qədər ki, siyasi və iqtisadi umacaqlar ödənilməyib, təzyiqlər davam edəcək. Amma bu təzyiqlərin həddi var. Bu təzyiqlər hakimiyyətə müəyyən qədər təzyiqlə məhdudlaşacaq. Ondan o yana getməyəcək. Yəni iqtisadi sanksiyalar və ya hakimiyyət dəyişikliyinə cəhd və sair dərəcəsində ola bilməz.
-Bu arada regional amillərin seçki prosesinə təsiri nə dərəcədə mümkün ola bilər?
-Qətiyyən belə təsirlər gözlənilmir.
Süleyman İsmayılbəyli