Seçki prosesi normal axarda gedir

Əlabbas Məhərrəmli: “Təəssüf ki, müxalifət qüvvələri arasında Yeni Azərbaycan Partiyasına ciddi alternativ təşkil edən partiya və blok olmadı”

Azərbaycana qarşı müəyyən xarici dairələrin, Avropada, Qərbdə erməni maraqlarına xudmət edən çevrələrin təzyiqləri mərhələli şəkildə davam etməkdədir. Birinci Avropa Oyunlarından sonra diqqəti bu ilin sonunda ölkədə keçiriləcək parlament seçkilərinə yönəldən həmin dairələr indi də Azərbaycanda normal seçki mühitinin olmadığı, namizədlər üçün bərabər şəraitin yaradılmadığını iddia edərək ölkəmiz barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmağa çalışırlar. Bəs görəsən həmin dairələr, erməni lobbisinin maraqlarına xidmət edən qüvvələr buna nə dərəcədə nail ola biləcəklər? Bu və ya digər məsələlərlə bağlı müstəqil ekspert Əlabbas Məhərrəmli ilə söhbətləşdik.

-Əlabbas bəy, Azərbaycanda seçkiqabağı ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

-Sizin də müşahidə etdiyiniz kimi, ölkədə ictimai-siyasi vəziyyət kifayət qədər sabitdir. Hazırda ölkədə əsas siyasi proses parlament seçkiləridir və seçkiyə qatılmış siyasi qüvvələr, o cümlədən, ayrı-ayrı fərdlər təbliğat kampaniyasının aparılması ilə məşğuldirlar. Qeyd etməliyəm ki, proses yetərincə sakit, qalmaqalsız keçir. Hər halda, sırf seçki fəaliyyəti kontekstində hər hansı gərginlik müşahidə olunmur. Hakim Yeni Azərbaycan Partiyası gözlənildiyi kimi, bu seçki mübarizəsinin faktiki favoriti olduğunu təsdiqləyib. Təəssüf doğuran haldır ki, müxalifət qüvvələri arasında Yeni Azərbaycan Partiyasına ciddi alternativ təşkil edən partiya və blok olmadı. Amma bir sıra dairələrdə gərgin və maraqlı mübarizənin gedəcəyi şübhə doğurmur.

-Müşahidələriniz necədir, seçki kampaniyası normal gedirmi?

-Bayaq da qeyd etdim ki, seçki prosesi normal axarda gedir. Bəzi xırda istisnalar nəzərə alınmasa, partiyaların və ya konkret namizədlərin hər hansı kəskin irad, yaxud narazılıqları ilə tanış deyilik. Vurğuladığım o xırda istisnalar isə təbii ki, bütövlükdə seçki prosesinə təsir edəcək səviyyədə deyil.

- Əksər müxalifət partiyalarının seçki prosesindən kənarda qalmasını necə dəyərləndirirsiniz?

-Məndən də öncə bu fikir dəfələrlə bildirilib ki, hakimiyyət iddiasında olan siyasi partiyanın əsas fəaliyyəti məhz seçkilərdir. Amma indi görürük ki, bəzi partiyalar imkanlarına güvənməyərək, özlərini seçki prosesindən kənarda saxlayıblar. Həmin partiyaların bir qismi sadəcə, seçkidə iştirak etməmək qərarı verib. Bəziləri isə, məsələn, Mİlli Şura, məğlubiyyətini proqnozlaşdıraraq, seçkidə iştirak etməməsini "boykot" adı ilə təqdim etməyə çalışır. Fikrimcə, bu, doğru yol deyil. Siyasi təşkilatın fəaliyyəti onun iddiaları ilə üst-üstə düşməlidir.

-Bu arada yenidən Azərbaycana qarşı Avropa və Qərbdən təzyiqlər özünü göstərir. Azərbaycana qarşı olan bu yanaşmanı necə qiymətləndirərdiniz?

-Azərbaycana qarşı təzyiqlər ötən aylarda başlanmış kampaniyanın tərkib hissəsidir. Məqsəd bu təzyiqlər vasitəsi ilə Azərbaycanı hansısa güzəştlərə məcbur etmək və öz siyasətini kəskin şəkildə dəyişməyə yönəltməkdir. Yəni təzyiqlərin xarakteri məlumdur. Amma bu kampaniyanı aparanlar da bilirlər ki, təzyiq yolu ilə Azərbaycanı nəyəcə məcbur etmək mümkün deyil.

- Regional amillərin seçki prosesinə təsiri nə dərəcədə mümkün ola bilər?

-Səsvermə gününə təqribən iki həftə qalıb və prosesin gedişinə əsaslanıb deyə bilərəm ki, Azərbaycandakı seçkilərə kənar amillərin heç bir təsiri yoxdur. Qarşıdakı iki həftəlik müddətdə də hansısa xarici amilin aktivləşərək seçki prosesinə təsir imkanı qazanacağı gözlənilmir.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31