“Türkiyədə baş verən proseslər Azərbaycan üçün də çox önəmlidir”

Cümşüd Nuriyev: “İŞİD əslində Türkiyənin Yaxın Şərqdəki liderliyini aradan qaldırmağa xidmət edir”

Suriya böhranın getdikcə dərinləşməsi bu bohrana digər ölkələrin də cəlb olunmasını qaçılmaz edir. Belə ki, bu günlərdə Türkiyənin paytaxtı Ankarada çoxsaylı insan tələfatına səbəb olan terror aktının baş verməsi, Rusiyanın İŞİD-ə qarşı apardğı hərbi əməliyyatlara cavab olaraq terror təşkilatının rəsmi Moskvanı hədələməsi proseslərin Qafqaz regionuna da  təsirsiz ötüşməyəcəyindən xəbər verir. Bəs görəsən cərəyan edən hadisələr Cənubi Qafqaz regionuna hansı mənfi təsir göstərə bilər? Bu və ya digər məsələlərlə bağlı sabiq millət vəkili, politoloq Cümşüd Nuriyevlə söhbətləşdik. Cümşüd Nuriyev "OLAYLAR"-a verdiyi müsahibədə İŞİD-in Rusiyanı hədələməsi və bunun mümkün nəticələri barədə də danışıb.

-Cümşüd bəy, Rusiyanın Suriyada İŞİD-ə qarşı həyata keçirdiyi hərbi əməliyyatlar, eləcə də bir neçə gün əvvəl Türkiyədə baş verən terror aksiyasının regiona hansı mümkün təsirləri ola bilər?

-Hesab edirəm ki, hər halda müəyyən mənada ehtiyatlı olmaq lazımdır. Çünki biz Türkiyə ilə həddən artıq yaxın bir dövlətik. Nəzərə almaq lazımdır ki, Rusiyanın Birləşmiş Ştatlarla Türkiyəyə qarşı olan maraqları da üst-üstə düşür. Nə qədər üzdə özlərini elə göstərsələr də, bir qədər ehtiyatlı olmaq lazımdır. Təssüflər olsun ki, Türkiyənin hazırda həyata keçirdiyi xarici siyasət uğursuzdur və bunu tam məsuliyyətlə deyirəm. Rəcəb Tayyib Ərdoğanın hakimiyyət iddiası ilə Türkiyənin indiki durumu tamam fərqlidir. Çünki Ərdoğanın əli  Birləşmiş Ştatlar və Qərb Atatürkə qarşı hücuma keçməklə Türkiyənin milli ruhunu öldürməyə çalışırlar. Neçə ildir ki, milli ruhu öldürmək siyasətinin sonu bununla nəticələndi. Digər tərəfdən hazırda Ərdoğan uğursuz bir siyasətə düçar olub. "Kürd açılımı" və digər açılımlar da Türkiyəni Avropa Birliyinə qəbul etdirmək adı ilə ona qurulan bir tələ idi. Təssüflər olsun ki, Ərdoğan həmin tələyə düşüb.

-Bəs Türkiyədə baş verənlər Azərbaycan üçün nə dərəcədə önəmlidir?

-Heç şübhəsiz ki, Türkiyədə baş verən proseslər Azərbaycan üçün də çox önəmlidir. Çünki Türkiyə bizim üçün qardaş bir dövlətdir. Türkiyənin qanı axanda bizim də qanımız axır, canı ağrayanda bizim də canımız ağrayır. Nəzər almaq lazımdır ki, Türkiyəni sevməyən həm şimal, həm, cənub, həm də Qərb qonşumuz var. Yəni Azərbaycan Cənubi Qafqazın açar dövlətidir. Ermənistan və Gürcüstan Azərbaycandan kifayət qədər asılı bir dövlətdir. Düzdür, Azərbaycan balanslaşdırıcı və tarazlaşdırıcı siyasət yürüdür. Amma müəyyən mənada iqtisadi məsələlərdə çətinliklərimiz var. Ancaq digərləri ilə müqayisədə biz çox öndəyik. Bütün bunlara baxmayaraq Azərbaycan bir sıra islahatlara getməlidir. Həm siyasi, xüsusilə xarici ticarətlə bağlı, həm də iqtisadi sahədə qabaqlayıcı addımlar atmalıdır. Bu gün Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində də problemləri var. Bütün bunların fonunda Türkiyədə baş verən hadisələr birmənalı şəkildə Azərbaycana təsir edəcək. Bunu yaddan çıxarmaq olmaz. Hesab edirəm ki, Azərbaycan dövləti artıq maarifləndirmə siyasəti də aparmalıdır. Yəni dövlətin yürütdüyü ağıllı xarici siyasətdən əhalini xəbərdar etmək, televiziya kanallarındakı şouları yığışdırmaq lazımdır. Azərbaycan efirini şou, sağlamlıq və mətbəx verilişləri başına alıb. Yəni, biz o qədər qarınquluyuq ki, ancaq yemək və sağlamlığımız haqqında fikirləşək. Dövlət, millət haqqında fikirləşmək lazımdır. Bütün bunların hamısı Azərbaycana sırınan guya Qərbin demokratiyasıdır. Azərbaycan üçün ən təhlükə məqam ondan ibarətdir ki, onu bölüşdürməyə, birliyimizi dağıtmağa çalışırlar. Təssüflər olsun ki, televiziya kanalları da bu prosesdə müəyyən mənada, özlərindən asılı olmayaraq rol oynayırlar. O cümlədən mətbuat da eyni rolu oynayır. Azərbaycan Rusiyadan ən azı o nümunəni götürməlidir ki, informasiya müharibəsini udmaq üçün xalqımızla birgə işləməliyik. Azərbaycanın düşünən başları var və həmin düşünən başlardan istifadə etmək lazımdır.

-Rusiyanın İŞİD-ə qarşı hərbi əməliyyatlarına cavab olaraq terror təşkilatının Moskvanı hədələməsi hansı təhlükələrdən xəbər verir?

-İŞİD birmənalı şəkildə Birləşmiş Ştatlara xidmət edən bir qurumdur. Bu Amerikanın növbəti siyasi gedişidir. Ancaq Birləşmiş Ştatlar "Taliban", "Əl Kaida"da hansı yanlışlığa yol vermişdisə, indi də həmin yanlışlıq üzə çıxacaq. İŞİD əslində Türkiyənin Yaxın Şərqdəki liderliyini aradan qaldırmağa xidmət edir. Çox təssüflər olsun ki, elə məhz Türkiyənin əli ilə bunu formalaşdırdılar. Daha doğrusu Türkiyə dövlətinin ərazisindən keçməklə indi malik olduqları mövqelərdə cəmləndilər. Bütün bunların fonunda İŞİD-in Rusiyaya nəsə edə biləcəyi real görünmür. Ola bilər ki, Rusiyada müəyyən kiçi8k miqyaslı terror aksiyası törədə bilərlər. Ancaq Rusiya əvvəlki Rusiya deyil və bu ölkənin həm kəşfiyyat orqanları, həm təhlükəsizlik qüvvələri hazırda kifayət qədər yaxşı işləyir. İŞİD-in Rusiyaya gəlməsini əngəlləmək üçün Kreml bütün bufer dövlətləri bağlayıb. Terror  təşkilatı Rusiyaya Gürcüstandan keçə bilməyəcək. İŞİD-in Rusiyaya girişi yalnız Azərbaycan üzərindən ola bilər ki, Azərbaycan da buna imkan verməyəcək. Hazırda Rusiyanın yürütdüyü bufer siyasəti bir dövlət kimi onu qoruya bilir. Artıq İŞİD-in neftdən gələn maliyyə mənbəyi kəsilib. Eyni zamanda Amerikanın yürütdüyü siyasət özünü doğrultmur.

-Yəni bir növ Amerika və Avropa İŞİD-dən bir vasitə kimi istifadə edir?

Avropadan hazırlanıb bura göndərilmiş ərəb dilini bilən, ancaq özləri qeyri-müsəlman olan bütün üzübağlılar Xaç yürüşünün əsgərləridir. Onlar Amerika və Avropada hazırlanaraq buraya göndərilirlər. Onlar bununla ümumilikdə İslam dünyasını, İslam dinini məhv etmək istəyirlər. Bu İslama qarşı yönəlmiş bir prosesdir. Bunun içərisində isə Vatikan kilsəsinin verdiyi qərar var. Bu İslama qarşı olan bir cihaddır  Təbii ki, İslam dini bunlardan çox uzaqdır. Bütün bunların fonunda Rusiya bir növ İslamın müdafiəçisi kimi çıxış edir. Ona görə də Rusiyada böyük terro aktlarının ola biləcəyi inandrıcı grünmür.

Süleyman 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31