Azərbaycanda çox münbit seçki mühiti var

Rauf Zeyni: “Bizimlə irad, təzyiq, təhdid dilində danışmağı tərgitmək lazımdır”

"Azərbaycanda çox gözəl demokratik mühit, azad cəmiyyət var"

Artıq parlament seçkilərinin növbəti mərhələsinə start verilib. Təbliğat-təşviqat mərhələsində deputatlığa namizədlər seçiciləri ilə görüşüb onların yenə də səsini almağa çalışır. Bəs görəsən bu ərəfədə ölkədəki ictimai-siyasi situasiya və seçkilərin təbliğat-təşviqat kampaniyası zamanı namizədlərə ayrılan şərait qaneedicidirmi?  Ümumiyyətlə, vətəndaş cəmiyyəti nümayəndələri bu prosesləri necə dəyərləndirirlər? "OLAYLAR"-a verdiyi müsahibədə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni seçkiqabağı ölkədəki siyasi vəziyyət, seçki prosesi və digər məsələlər barədə danışıb. O,  zaman-zaman Qərbdən, Avropanın müəyyən dairələrindən Azərbaycana qarşı olan təzyiqlərə də toxunub və bunun doğru yanaşma olmadığını söyləyib.

-Rauf müəllim, vətəndaş cəmiyyəti nümayəndəsi olaraq parlament seçkiləri ərəfəsində mövcud situasiyanı necə dəyərləndirərdiniz?

-Artıq seçkilərin növbəti mərhələsi, təbliğat-təşviqat dövrüdür. Buna qədər olan mərhələdə, istər namizədliklərin irəli sürülməsi, istər imzatoplama kampaniyası, istərsə də namizədlərin qeydə alınması mərhələsi lazımı səviyyədə həyata keçirilib. Hazırda aktiv seçki kampaniyası gedir. Deputatlığa namizədlər öz seçiciləri ilə görüşlərini keçirirlər. Eyni zamanda sosial şəbəkələrdə bu istiqamətdə xüsusi fəallıq özünü göstərir. Əhalinin seçkilərlə bağlı maarifləndirilməsi istiqamətində də lazımı işlər görülüb. Ona görə də bütün bunları nəzərə alaraq seçkilər ərəfəsində ölkədəki vəziyyət, eləcə də namizədlər üçün yaradılan şəraiti müsbət qiymətləndirirəm. Bir çox namizədlərin seçki kampaniyasını görür, müşahidə edirik. Və bununla əlaqədar olaraq da öz rəyimizi bildiririk. Düşünürəm ki, bu həm də seçicilərin yüksək səviyyədə maarifləndirilməsi deməkdir. Biz vətəndaş cəmiyyəti üzvləri olaraq maarifləndirmədə də maraqlıyıq. Bu Azərbaycanın müstəqillik əldə etdikdək sonra həyata keçirdiyi V çağırış parlament seçkisidir. Ötən müddət ərzində xeyli təkmilləşmə prosesi gedib. Eyni zamanda Mərkəzi Seçki Komissiyası, dövlət, həmçinin namizədliklərini irəli sürən şəxslər 10-15 il bundan əvvəlki insanlar deyil. Bu baxımdan düşünürəm ki, Azərbaycanda çox münbit bir seçki mühiti var və namizədliyini irəli sürən şəxslər də bu şəraitdən istifadə edərək seçki kampaniyasını bir qədər də aktivləşdirirlər. Təbii ki, seçki prosesinə qoşulanlar sırasında bir neçə dəfə deputat seçilmiş şəxslərlə yanaşı ilk dəfə namizədliyini irəli sürən insanlar da var. Bunlar hamısı bir yerdə götürüləndə deyə bilərik seçki mühiti çox mütərəqqidir, ümidvericidir. Bu da V çağırış Azərbaycan Milli Məclisinin formalaşmasına öz töhfəsini verəcək.

-Bu dəfəki seçkilərdə namizədlərin bir çoxu qeyri-hökumət təşkilatlarının təmsilçiləridir. QHT nümayəndələrinin parlamentdə daha çox təmsil olunması vətəndaş cəmiyyətinin bir qədər də inkişafına hansı töhfələri verə bilər?

-Parlament seçkilərinə qatılan vətəndaş cəmiyyətinin nümayəndələri o qədər də çox deyil. Düşünürəm ki, vətəndaş cəmiyyətinin nümayənələrindən hər hansı biri seçkilərdə uğur qazanıb parlamentdə təmsil olunsa, bunun vətəndaş cəmiyyətinə yalnız xeyri ola bilər. Bu illər ərzində vətəndaş cəmiyətini təmsil edən millət vəkillərimiz-Ayaz Quliyev, Qənirə Paşayeva, Çingiz Qənizadə, Fuad Muradov parlamentdə bizləri layiqincə təmsil ediblər. Onlar uğurlu fəaliyyətləri ilə həm xalqın rəğbətini qazanıb, həm dövlətə dəstək olub, həm də vətəndaş cəmiyyətinin inkişafına xidmət ediblər. Bütün bunlar faktdır. Bu dəfəki seçkilərdə də vətəndaş cəmiyyətindən kimlər deputat seçilərsə, düşünürəm ki, bundan vətəndaş cəmiyyəti yalnız uğur qazanar.

-Siz vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq seçkiqabağı vəziyyəti normal qiymətləndirdiniz. Ancaq Avropadakı bəzi dairələr iddia edirlər ki, Azərbaycanda seçkiqabağı vəziyyət normal deyil. vətəndaş cəmiyyətinə basqılar var. Bu məsələyə münasibətiniz necədir?

-Mən qətiyyən həmin iradları qəbul etmirəm. Hesab edirəm ki, Azərbaycanla irad, təzyiq, təhdid dilində danışmağı tərgitmək lazımdır. Düşünürəm ki, artıq Qərbdə bunu çox gözəl bilirlər və bu vərdişlərdən əl çəkməyə meyil edirlər. Bu gün Azərbaycanla əməkdaşlıq dilində danışmaq, ona dəstək olmaq və tərəfdaşlıq etmək lazımdır. Bu gün təssüflər olsun  ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistana gözün üstə qaşın var deyən yoxdur. Artıq 25 ildir ki, BMT-nin işğal edilmiş ərazilərimizlə bağlı qəbul etdiyi qətnamə icra olunmur. Eyni zamanda 1 milyona yaxın qaçqın və mıcburi köçkünümüzün pozulan hüquqları barədə bir nəfər bir söz demir. Əksinə Ermənistan yüksək səviyyədə dəstəklənir. Azərbaycana gəlincə isə bizə qarşı həmişə ikili standartlar hökm sürüb. "Evrovision" musiqi yarışması, Birinci Avropa Oyunları keçiriləndə Azərbaycan yaxşı ölkə olur, ancaq öz haqqını tələb edəndə, torpaqlarını işğaldan azad etməyə çalışanda Azərbaycan onların hədəfinə tuş gələn ölkəyə çevrilir. Hesab edirəm ki, artıq bu cür qərəzli yanaşmanı yığışdırmaq lazımdır. Bu gün Azərbaycanda çox gözəl demokratik mühit, azad cəmiyyət var. Azərbaycan regionda həm özünü müxtəlif sahələrdə inkişaf etdirən, həm də qonşu ölkələrə kömək edən bir ölkədir. Ona görə də bunları unutmaq lazım deyil. Hesab edirəm ki, bütün bu kompleks məsələlərə görə, Azərbaycanı dəyərləndirmək lazımdır. Öz maraqlarını həyata keçirmək məqsədilə Azərbaycanı antidemokratik ölkə elan edib ondan daha çox nə isə qoparmaq yolunu  tutmaq lazım deyil. Artıq bu çox eybəcər görünür, bu düşüncə, metoddan əl çəkmək lazımdır. Düşünürəm ki, Azərbaycan sivil, azad, inkişaf etmiş ölkə  yolu ilə gedir və bu yolda da biz hamımız çalışırıq ki, Azərbaycan daha da inkişaf etsin.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31