İmişlidə şəkər bayramı qeyd edilib

Vilyam Hacıyev: “Biz hər il əldə etdiyimiz uğurları qeyd edirik”

"İmişli rayonunda işsizlik problemi demək olar ki, tamamilə aradan qaldırılıb"

Artıq bir neçə ildir ki, İmişli rayonunda "Şəkər bayramı"nın keçirilməsi ənənə halını alıb. Oktyabrın 12-də Rayon İcra Hakimiyyəti, "Azərsun" Şirkətlər Qrupunun rəhbərliyi və rayon ictimaiyyətinin iştirakı ilə növbəti bayram tədbiri keçirilib. İmişlidə keçirilən "Şəkər bayramı", buna olan maraq, eləcə də gələcək perspektivlər barədə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Vilyam Hacıyev yaxın vaxtlarda rayonda görüləcək işlər barədə də danışıb.

-Vilyam müəllim, artıq İmişli rayonunda "Şəkər bayramı"nın keçirilməsi ənənə halını alıb. Rayon ictimaiyyətinin bu bayrama olan marağı, iştirakı nə dərəcədədir?

-Məlum olduğu kimi cənab prezident İlham Əliyev bu ili "Kənd təsərrüfatı" ili elan edib. Şəkər çuğunduru da əvvəlki illərə nisbətən artıq Azərbaycanda daha çox əkilərək Şəkər Zavoduna təhvil verilir. Əgər keçən il 200-250 min ton idisə, bu il 500 min tondan artıq məhsul qəbul edilib. Bütün bunların göstəricisidir ki, İmişli rayonunda "Şəkər bayramı"nın qeyd edilməsi ənənə halını alıb. Biz hər il əldə etdiyimiz uğurları qeyd edirik. Növbəti il istehsal daha çox olacaq. Ümumilikdə 29 rayonda şəkər çuğunduru əkilib becərilib. Hər hektardan isə orta hesabla 48 ton məhsul götürülüb.

-Bəs qarşıdakı perspektivdə gözləntilər nədir?

-Bu gün İmişli Şəkər Zavodunun tərkibində 6 müxtəlif istehsal müəssisəsi fəaliyyət göstərir. Bu sıraya yem zavodu, yağ istehsalı müəssisəsi, süd istehsalı müəssisəsi, kəllə qənd zavodu və s. aid etmək olar. Gələcəkdə isə daha yeni istehsal sahələri istifadəyə veriləcək. Məlumat üçün qeyd edim ki, bu ayın sonlarında Hollandiyadan böyük bir nümayəndə heyəti Azərbaycana gələcək. Onlar Azərbaycanda holland pendiri istehsal edən böyük bir zavod inşa etmək istəyirlər ki, həmin zavod da İmişli rayonunda olacaq. Artıq Nazirlər Kabineti tərəfindən bu məqsədlə 1000 hektar torpaq sahəsi ayrılıb. Bununla yanaşı Ərəb Əmirlikləri də kənd təsərrüfatı ilə bağlı Azərbaycanda müəyyən işlər görməyi nəzərdə tutur. Yaxın vaxtlarda geniş bir nümayəndə heyəti Azərbaycana səfər edəcək və səfər çərçivəsində İmişli rayonunda da olacaqlar. Ümumiyyətlə, cənabn prezidentin həyata keçirdiyi düzgün siyasət nəticəsində qeyri-neft sektorunda çox böyük uğurlar gözlənilir.

-Yəqin ki, bütün bunlar İmişli rayonunda işsizlik probleminin aradan qaldırılmasına da öz müsbət təsirini göstərir?

-Ümumiyyətlə, İmişli rayonunda işsizlik problemi demək olar ki, tamamilə aradan qaldırılıb. Məlumat üçün qeyd edim ki, keçən həftə İmişli rayonunda əmək yarmarkası keçirildi və həmin yarmarkaya 361 boş iş yeri çıxarılmışdı. Həmin yarmarkaya cəmi 120 nəfər gəldi. Yerdə qalan iş yerləri isə boş qaldı. Bu gün istənilən qədər boş iş yeri var. Sadəcə kim isləmək istəyirsə buyurub gəlsin. Kim ki, işləmək istəmir tənbəldir. Bu gün İmişli rayonunda 2 min hektarda pambıq əkilib. Hazırda pambıq yığılma mərhələsindədir. Məlumat üçün qeyd edim ki, hər hektarda 5 nəfər çalışır ki, bu da 2 min hektara 10 min nəfər deməkdir. Hətta qonşu rayonlardan da işçi kimi cəlb edilənlər var. Ancaq əfsuslar olsun ki, fəhlə kimi çalışmaq istəyənlərin sayı azdır. Onu da qeyd edim ki, orta aylıq əmək haqqı 300-350 manatdır.


Süleyman İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31