Suriyada üçüncü dünya müharibəsi başlana bilər
Hasan Oktay: “Rusiyanın qarşısında 1979-cu il Əfqanıstan təcrübəsi var və bu təcrübəni Rusiya unutmamalıdır”
8 Oktyabr 2015 15:55 MüsahibəSuriyada vəziyyət hər ötən gün bir qədər də gərginləşir. Xüsusilə Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi və Əsədə qarşı vuruşan Azad Suriya Ordusunun Rusiya hərbi hava qüvvələrinin hücumuna məruz qalması Qərblə Moskva arasında münasibətləri bir qədər də gərginləşdirib. Bu arada Suriya məsələsində Moskva ilə Ankara arasında da gərginlik yaşanmaqdadır. Bəs görəsən bu proseslərin nəticəsi necə olacaq? Bu və digər məsələlərlə bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri Hasan Oktayla söhbətləşdik.
-Həsən bəy, KAFKASSAM olaraq indiki vəziyyətdə Türkiyənin vəziyyətini, xarici siyasətini necə qiymətləndirirsiniz?
-AKP iqtidarının xarici siyasəti baş nazir Əhməd Davudoğlunun 2009-ci ildə hökumətin sözçüsü olarkən heç planda olmadığı halda xarici işlər naziri təyin olunması ilə iflas etdi. Türkiyə kimi aktiv ölkələrdə xarici siyasətin əl kitabı yazılmaz. Davudoğlu strateji dərinlik deyə yazmış olduğu bir kitabı Türkiyədə xarici siyasət deyə tətbiq etməyə çalışdı. Rəqib ölkələr də öz növbəsində bu kitabda nəzərdə tutulan bütün məsələlərdə Türkiyəni küncə sıxışdırdı. Lakin bu hücumlara qarşı xarici işlər naziri yeni həmlələr müəyyən edə bilmədi. Xüsusilə Suriya mövzusunda onun qərbli müttəfiqləriylə bölgə şərtlərini nəzərə almadan etdiyi həmlələr 13 illik AKP xarici siyasəti ilə yanaşı daxili siyasətinin da müzakirə mövzusuna çevrilmısinə səbəb oldu. Beləliklə, Davudoğlu amerikalı müttəfiqləriylə Suriya macərasının nəticəsində özü üçün Türkiyədə baş nazir olmanın yolunu açdı. Ancaq nəticədə Türkiyə döyüşün astanasına gəlib çıxdı. Hesab edirəm ki, bu vəziyyət Türkiyənin deyil, Davudoğlu siyasətinin iflasının göstəricisidir.
-Suriyada baş verənlər, Rusiyanın Suriyaya müdaxiləsi böhranı daha da dərinləşdirməyəcək?
-Bu siyasətin memarı Hillari Klintonla Davudoğludur. Klinton gələcəkdə Birləşmiş Ştatlar prezidenti olmaq, o zaman da Yaxın Şərqdə sadiq bir müttəfiq qazanmaq üçün Davutoğluna investisiya yatırdı. İndiki vəziyyətdə isə Hillari Klıntonun prezident seçilməsi mümkün görünmür. Bunun qarşılığında isə Suriyada üçüncü dünya müharibəsinin baş vermə ehtimalı yaranıb. Rusiyanın bu şəkildə Suriyaya hərbi yardım edəcəyi, hava qüvvələrinin Suriyaya zərbələr endirəcəyi heç kimsənin düşünə bilmədiyi bir yeni vəziyyətdir. Rusiya açıqca Əsədə sahib çıxıb və qərbli müttəfiqlərin dəstəklədiyi Azad Suriya Ordusu olmaq üzrə ona qarşı döyüşən bütün qruplara qarşı hava hərəkatına başlayıb. Rusiya-İran-İraq-Suriya ittifaqı bölgədə Əsəd əleyhdarı olan bütün qrupları təmizləyənə qədər mübarizə edəcəklərini açıqlayıblar. Bu vəziyyətdən isə ən çox Türkiyə zərər görəcək. Və ya Türkiyə bu vəziyyətdən ən az zərərlə çıxmaq üçün diplomatik hücumlara başlayacaq.
-Rusiyanın İŞİD-ə qarşı vuruşan PKK-ya dəstək çağırışını necə qiymətləndirirsiniz?
-Rusiyanın bu təşkilatı önə çıxarmağa çalışması Türkiyəyə qarşı bir hücumdur. Türkiyənin Suriyadakı bütün müxalif döyüşçü qrupları dəstəkləməsinə qarşılıq olaraq Rusiya PKK-nın Türkiyəyə qarşı başlatdığı döyüşü dəstəkləyir. Halbuki Rusiya bu hərəkəti ilə fərqində olmadan böyük bir səhvə yol verir. Ümumiyyətlə, Suriya və İraqda amerikan ortaqlığı təşkilatlar üzərindən qalıcı siyasətlər həyata keçirilə bilməz. Suriya və İraq xalqı PKK / PYD kimi təşkilatları Amerikanı bölgəyə dəvət edən qruplar olaraq tanıdıqları üçün bunlar haqqında qənaətləri mənfidir. Yəni regional kürd hərəkatları ırakta amerikan əməkdaşları olaraq tanınır. Rusiya Suriyada bütün separatçı, Əsəd əleyhdarı təşkilatlarla mübarizə edərkən PKK / PYD-ni ayrı tutarsa bölgədə qalıcı sülhü təmin edə və içindən çıkılamaz bir vəziyyət ilə qarşı-qarşıya qala bilər. Ən azından Rusyanın qarşısında 1979-cu il Əfqanıstan təcrübəsi var və bu təcrübəni Rusiya unutmamalıdır. Suriyada meydana gələn qarışıqlığın tək səbəbkarı Türkiye deyil, bütün Qərbdir. Vəziyyət belə olunca Rusiya Suriyadaki günahı Türkiyənin üzərinə atmağa çalışarsa və bundan dolayı PKK-ya dəstək olaraq Türkiyəni çətin vəziyyətə salmaq istəyərsə böyük bir səhv etmiş olar.
-Bu Ankara və Moskva arasında böhran yarada bilərmi?
-İndi görünən odur ki, Türkiyənin Suriyada tətbiq etməyə çalışdığı siyasət səbəbindən Ankara ilə Moskva arasında bir böhran yaranıb. Burada hər iki ölkənin diplomatlarının üzərinə çox iş düşür. Əvvəlcə Türkiyə Suriyadakı qərbli müttəfiqlərinin keçən beş ildə beş dəfə siyasət dəyişdirdiklərini görüb ona görə özünün Suriya siyasətini yenidən nəzərdən keçirməlidir. Rusiya da öz növbəsində Suriyada meydana gələn hadisələrdə tək günahkar olaraq Türkiyəni görməməlidir. Rusiya Suriyada Əsəd əleyhdarı olan təşkilat və qruplara qarşı həyata keçirdiyi əməliyyatları Türkiyəyə qarşı mübarizə kimi səciyyələndirməməlidir. Rusiya Türkiyə əlaqələri yalnız Suriya məsələsi ilə ölçülməməlidir. Ukrayna böhranında Türkiyənin rolu, Rusiya enerji qaynaqlarının dünya bazarına nəqlində Türkiyənin imkanları da birlikdə qiymətləndirilməlidir. Hesab edirəm ki, Suriya böhranı türk və rus diplomatlarının birgə toplantısında bir həll yoluna qoyulmalıdır. İndi diplomatiya zamanıdır. Düşünürəm ki, nə Putin və Medvedev, nə də Ərdoğan və Davudoğlu bir-birlərinə təhqiredici fikirlər söyləməməli, əksinə diplomatiyanı hərəkətə keçirməlidirlər. Çünki çox həssas bir vəziyyət yaranıb. Bir daha qeyd edirəm ki, üçüncü dünya müharibəsi başlaya bilər. Bu döyüşdə kimin sağ qalacağı isə müəyyən deyil. Öz növbəsində Qərb də həm Ərdoğan, həm də Putindən xilas olmaq üçün belə bir böhranın dərinləşməsi, prosesləri öz xeyirlərinə dəyişməyə çalışacaqlar.
Süleyman İsmayılbəyli