“Əli Kərimli bilsə ki, mandat qazanmaq şansı 0.001 faiz var,…”
Niyaməddin Orduxanlı: “Tərəddüd etmədən seçkiyə qatılar”
6 Oktyabr 2015 14:45 Müsahibə"Yaxşı bilir ki, Azərbaycan cəmiyyəti ona səs verməz"
Artıq parlament seçkilərinin növbəti mərhələsi, təbliğat-təşviqat dövrü başlamaq ərəfəsindədir. Bir çox partiyalar namizədlərə bərabər imkanların yaradılmadığını iddia edərək seçki prosesində iştirak etməsə də, lakin seçkilərə qatılan siyasilər də kifayətqədərdir. Hətta bir müxalifət namizədləri artıq rəsmi olaraq qeydə də alınıb. Bəs görəsən deputatlığa namizədlər bu barədə nə düşünür və seçkilərin istər namizədliyin irəli sürülməsi, istər imzatoplanması, istərsə də qeydə alınması mərhələsində hər hansı problemlər meydana çıxıbmı? Bu və ya digər məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik.
-Niyaməddin bəy, seçkiqabağı ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirərdiniz?
-Bu gün seçki marafonu çox sakit şəkildə davam edir. Artıq Mərkəzi Seçki Komissiyasının verdiyi rəsmi məlumata görə, 1100 nəfərə yaxın şəxs rəsmi qeydiyyatdan keçib və qeydə alınma prosesi davam etməkdədir. Qanuna görə, oktyabrın 9-da qeydə alınma yekulaşacaq və təşviqat-təblığat kampaniyasına start veriləcək. Həmişə olduğu kimi, bu dəfə də seçkidə hakim Yeni Azərbaycan Partyasının nümayəndələri ilə yanaşı konstruktiv müxalifətin, radikal müxalifətin, heç bir partiya mənsubiyyəti olmayan şəxsləri namizədliyi irəli sürülüb. Biz də bir partiya-BAXCP kimi seçkiyə qatılmışıq və YAP-dan sonra ən çox müxalifət partiyası kimi - 81 dairədən partiyanın namizədləri irəli sürülüb.
-Seçkiyə qatılan bir namizəd olaraq qənaətiniz nədən ibarətdir, seçkilərin ilkin mərhələsində namizədlərə bərabər imkanlar, şərait yaradıldımı?
-Mən uzun illərdir aktiv siyasi fəaliyyətlə məşğul oluram. 14 ildir ki, BAXCP rəhbərliyində təmsil olunuram. Hal-hazırda 38 yaşım var və 20 illik seçki təcrübəm var. Təvazökarlıq olmasın, bu parlament seçkiləri mənim 20 ildə 7 seçkimdir. 4 dəfə bələdiyyə seçkilərində iştirak etmişəm və 3 dəfədir ki, parlament seçkilərinə qatılmışam. Partiyanın qərarı ilə namizədliyim 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürülüb. İlk gündən Dairə Seçki Komissiyası tərəfindən özümə qarşı hər hansı bir qanun pozuntusunu müşahidə etməmişəm. Sentyabrın 24-də rəsmi sənədləri DSK-ya təqdim etmişəm və ayın 28-də imza vərəqələrini götürmüşəm. Oktyabrın 1-də imza vərəqələrini təhvil vermişik. Bu müddət ərzində adi bir problemlə rastlaşmamışam. Nə DSK-da, nə də imza toplanan ərazılərdə hər hansı bir maneə ilə üzləşməmişəm. Qanuna görə, imza toplandıqdan sonra 7 gün ərzində irəli sürülmüş şəxsin işinə baxılmalıdır. Yəqin ki, bu yaxınlarda rəsmi mövqe olacaq. Bu gün MSK saytından da tanış olmaq olarki, 44 saylı dairədən artıq 10 nəfər rəsmi qeydə alınıb. Bu şəxslər arasında bir neçə partiyanın nümayəndələri də var.
-Bəs bəzi partiyaların bunun əksini söyləyərək seçkilərdən imtina etməsini necə qiymətləndirirsiniz?
- Hər bir partiya seçimində müstəqildir. Görünür onlar da bu yolla nəyəsə ümid edirlər. Ancaq seçki prosesinə qatılmamış və baş vermiş hadisəni görməmiş göydən danışmaq absurdur. Necə ki, bunu Əli Kərimli edir. Bu adamın ətrafında 125 nəfər deputatlığa namizədliyə layiq olan şəxsi yoxdur. Kimi namizəd verəcək?! Hakimiyyətdən qovulmuş Gültəkin Hacıbəylini, yoxsa, 2005-ci ildə mandata görə Əli Kərimlini ayaqlarının altına atan Cəmil Həsənlini? Bu gün Kərimlinin yanında "motros" Faiqdən başqa heç kim yoxdur. İnanın, Əli Kərimli bilsə ki, mandat qazanmaq şansı 0.001 faiz var, tərəddüd etmədən seçkiyə qatılar. O yaxşı bilir ki, Azərbaycan cəmiyyəti öz sədri Əbülfəz Elçibəyə xəyanət edən bir adama səs verməz. Belə bir adamın yeri Milli Məclis ola bilməz. Bu səbədən də seçkiyə qatılmır. Müxtəlif bəhanələr gətirir. Guya "unudub" ki, 2013-cü ildə Rüstəm İbrahimbəyovla seçkiyə qatılıb qalib gəlmək istədiyi həmin Seçki Məcəlləsidir və heç bir maddəsində də dəyişiklik olmayıb. Onda niyə seçkiyə qatılırdınız? Rüstəm İbrahimbəyov bu adamları barmağına doladı.
-Bəzi partiyaların seçkiini boykot çağırışına sizcə cəmiyyət dəstək verəcəkmi?
-Heç bir ciddİ dəstəkdən söhbət gedə bilməz. Bu siyasi düşərgəyə cəmiyyət dəstək versə idi, son aksıyalarında xalq iştirak edərdi və onlara dəstək verərdi. Bunların keçirdiyi mitinqdə qohum-əqrabalarından başqa heç kim olmur.
-Bu arada Avropanın bəzi dairələri tərəfindən Azərbaycana qarşı olan qərəzli mövqeni nə ilə əlaqələndirərdiniz və burada başlıca məqsəd nədir?
-Bu gün Avropada fəaliyyət göstərən erməni lobbisi və onların təsirində olan şəxslər birləşib Azərbaycana qarşı hərəkətə keçiblər. Onlar təzyiq yolu ilə Azərbaycana öz diqtəsini həyata keçirmək istəyirlər. Azərbaycanın xarici siyasəti ilə razılaşmırlar. Qonşu dövlətlə, konkret olaraq Azərbaycanın Rusiya ilə normal qonşuluq siyasətini qəbul etmək istəmirlər. Əsas səbəblərdən biri də budur. Bu gün Qərb və Avropa Rusiyanı işğalçı kimi təqdim edir və sanksiya tətbiq edir. Bəs görəsən, Azrəbaycanın 20 faiz ərazısını işğal edən Ermənistana niyə bu sanksiyanı tətbiq etmir?! İşğalçının yaxşısı, pisi olur? Bu ayrı seçkiliyi Azərbaycan xalqı çox yaxşı görür. Bir necə adamın həbsdə olmasını insan hüquqlarının pozulması kimi təqdim edirlər. Halbuki erməni təcavüzü nəticəsində 1 milyona yaxın soydaşımızın öz isti evində yaşamaq hüquq itib. Niyə etiraz etmirlər? Görmürlər bu qədər insan hüququnun pozulmasını?!
-Sizcə BAXCP bu seçkilərin nəticəsi olaraq parlamentdə mandat sayını artırmağa nail olacaqmı?
-BAXCP bütün imkanlarıını səfərbər edəcək ki, bu dəfə parlamentdə say tərkibimiz artsın. Buna necə nail olacağımız noyabrın 1-də bəlli olacaq.
S.İsmayılbəyli