“Boykotu siyasi intihar kimi də qiymətləndirmək olar”
Əli Əliyev: “Beynəlxalq təşkilatların Azərbaycandakı seçkiləri boykot etməsini də mənfi qarşılayırıq”
29 Sentyabr 2015 17:47 MüsahibəParlament seçkilərinə rəsmi start veriləndən bir çox siyasi partiya və təşkilatlar seçkidə iştirak qərarı versə də lakin sonradan bir çoxları bu mübarizə üsulundan geri çəkilməli oldu. Bir qisim siyasilər Avropa Parlamentinin məlum qətnaməsi və seçkiləri boykot çağırışı, eləcə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Komitəsinin seçkiləri müşahidə etməmək qərarına dəstək xarakteri olaraq seçki mübarizəsindən çəkilsə də, digər qisim yerlərdə seçki kampaniyasının birinci və ikinci mərhələsində müəyyən nöqsanların olduğunu iddia edərək seçkilərə qatılmaqdan imtina etdi. Yalnız bir neçə müxalif siyasi partiya var ki, həmin siyasi təşkilatlar sona qədər seçki mübarizəsi aparmağa qərarlıdırlar. Belə partiyalardan biri də Vətəndaş və İnkişaf Partiyasıdır. Partiyanın sədri Əli Əliyevlə söhbətimizdə rəhbərlik etdiyi partiyada seçkilərə hazırlıq prosesi, bu istiqamətdə görülən işlər barədə söhbətləşdik.
-Əli bəy, partiyada seçki hazılıqları necə gedir və namizədlərin imzatoplama kampaniyası davam edirmi?
-Deputatlığa namizədliyimizin təsdiq olunması üçün lazım olan prosesləri keçdik. Namizədlik iddiamızın təmin edilməsi üçün sənədlərimizi Dairə Seçki Komissiyasına göndərmişik. Düzdür, yerlərdə bəzi istisnalar da var. Ancaq sənədlərin təqdim edilməsi və imzatoplama kampaniyası qaydasında gedir. Yalnız iki dairə üzrə müəyyən qanun pozuntuları olub ki, həmin qanun pozuntuları da mərkəzi orqanlara müraciət etməklə aradan qaldırılıb. Bütövlükdə hələlik bu mərhələni, prosesin gedişatını qənaətbəxş hesab etmək olar.
-VİP bu dəfə parlament partiyası ola biləcəkmi?
-Hər halda buna çalışacağıq. Çünki bizim iddiamız bundan ibarətdir. Proses nəyi göstərəcək, artıq o gedişatdan bilinəcək.
-Bu günlərdə "Azadlıq-2015" seçki blokunun seçkiləri boykot mümkünlüyü barədə yayılan xəbərlərə olan münasibətiniz, yəni sona qədər seçkilərdə iştirakınızı açıqlamanız müttəfiqləriniz tərəfindən süngü ilə qarşılanmadı?
-Biz blokda bir-birimizin partiya mövqeyinə anlayışla yanaşırıq. Bu vaxta qədər istər bizim, istərsə də blokda təmsil olunan digər partiyaların hər hansı bir yanaşmasına dözümlü yanaşılıb. Yetər ki, həmin mövqe blokun ümumi maraqlarının ziddinə olmasın. Partiya olaraq blokun ümumi maraqlarını isə biz bütün davranışlarımızla gözləməyə çalışırıq.
-Ümumiyyətlə, partiyaların seçkiləri boykot taktikasına münasibətiniz necəcdir?
-Hesab edirəm ki, boykot son həddir və onu siyasi intihar kimi də qiymətləndirmək olar. Yaxud bunu legitim mübarizə vasitələrindən imtina kimi qiymətləndirilib qeyri-legitim mübarizə müstəvisinə keçid kimi də qavramaq mümkündür. Ona görə də biz hesab edirik ki, demokratiya bir prosesdir və bu prosesin tərkib hissəsi kimi demokratiyanın bərqərar olmasına can atmaq lazımdır. Parlament seçkilərinin Azərbaycam üçün önəm kəsb etdiyini bilirik və düşünürük ki, həmin önəmdən irəli gələn mövqe sərgilənməlidir. Bütövlükdə biz boykotu müsbət addım kimi qiymətləndirmirik. Eyni zamanda beynəlxalq təşkilatların Azərbaycandakı seçkiləri boykot etməsini mənfi qarşılayırıq. Çünki əvvəl biz seçkilərin müəyyən pozuntu ilə müşahidə edildiyini bildirəndə, onlar bizə seçkilərdə iştirakı tövsiyyə edirdilər, prosesin iştirakçısı olmağımızı istəyirdilər. İndi isə onlar özləri boykotçu mövqe tuturlarsa, bu Azərbaycandakı demokratiya və insan haqları məsələsinə uyğun addım deyil. Ona görə də biz bu gün seçkiləri boykota gətirib çıxara biləcək siyasi davranış müşahidə etmirik. Hesab edirik ki, siyasi qüvvələr bu prosesdə iştirak etməlidirlər. Azərbaycanda siyasi açılıma nail olunması üçün bir ildən artıq yürüdülən siyasət daimi olaraq daam etdirilməlidir. Bu vaxta qədər bizim bloka daxil olan partiyalar da siyasi açılımın tərkibi olan dialoqda iştirak edirdilər. İndiki mərhələdə isə bu seçkilər aparılan həmin prosesin sanki bir mərhələsinin yekunudur. Ümid edirik ki, demokratiya, siyasi açılıma doğru hakimiyyət bundan sonra da lazımı addımları atacaq
S.İsmayılbəyli