Parlament seçkiləri ilə bağlı proseslər normal gedir

Ramiz Alıyev: “Azərbaycan dövləti maksimum səviyyədə çalışır ki, seçkilər xalqın və seçicilərin istəklərinə uyğun olaraq demokratik şəraitdə keçirilsin”

"Xarici dairələrlə işlərini quran siyasi partiyalar seçkiyə qatılmaqdan imtina edirlər"

Parlament seçkiləri yaxınlaşdıqca seçkilərə həm daxildən, həm də xaricdən fərqli yanaşmalar özünü büruzə verir. Avropa Parlamentinin məlum qətnaməsindən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Komitəsinin Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyi barədə bəyanatla çıxış etməsi onu deməyə əsas verir ki, sözdə demokratiyadan danışan Avropa əslində Azərbaycanda demokratik prinsiplərin inkişaf etməsində maraqlı deyil. Əgər belə olmasaydı, demokratik dəyərlərin ayrılmaz tərkib hissəsi seçkilər barədə əvvəlcədən qərəzli şəkildə mənfi rəy formalaşdırmazdı. Elə Strateji Araşdırmalar İnstitutunun (SAİ) rəhbəri Ramiz Alıyevlə söhbətimizdə də bəzi Avropa qurumlarınn parlament seçkiləri ərəfəsində Azərbaycana olan qərəzli münasibətinə aydınlıq gətirməyə çalışdıq. SAİ rəhbəri "OLAYLAR"-a verdiyi müsahibədə bəzi müxalifət partiyalarının seçkilərdən iştirakdan imtina qərarına da toxunub. Bildirib ki, yalnız öz fəaliyyətlərini xarici dairələrin müəyyən tövsiyyələri əsasında quran partiyalar parlament seçkilərində iştirakdan imtina ediblər.

-Ramiz müəllim, Strateji Araşdırmalar İnstitutunun rəhbəri olaraq ölkədə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz və seçki mübarizəsinə qoşulmaq istəyində olan namizədlərə bərabər imkanlar yaradılırmı?
 

-Parlament seçkiləri ilə bağlı proseslər normal qaydada gedir və hər kəs, hər bir siyasi partiya, təşkilatlar öz namizədlərini rahat şəkildə dairə seçki komissiyalarına təqdim edirlər. Sadəcə olaraq xalqla deyil, xarici dairələrlə işlərini quran, seçkilərə onların tövsiyələrinə uyğun formada hazırlaşan siyasi partiyalar seçkiyə qatılmaqdan imtina edirlər.

-Ancaq bəzi müxalifət partiyaları namizədlərə qarşı maneçiliklərin olduğunu iddia edərək seçkidə iştirakdan imtina edir. Buna münasibətiniz necədir?
 

-Qeyd etdiyimiz kimi həmin siyasi təşkilatlar özlərinin və həmin siyasi təşkilatlarda təmsil olunan üzvlərin istəklərinə uyğun formada seçkilərdə iştirak edirlər. Ona görə də fikir verdinizsə onların himayədarları da bu il ölkəmizdə keçiriləcək seçkilərdə müşahidəçilik missiyasından imtina etdilər. Və dərhal həmin dairələrin nəzarətində olan siyasi təşkilatlar seçkidə iştirakdan imtina etdilər. Beləliklə bizim dediklərimiz öz təsdiqini tapdi ki, bu cür müxalifət partiyaları xalqla, seçicilərlə deyil öz işlərini xarici ölkələrin xüsusi xidmət orqanları və bəzi dairələri ilə qururlar.

-Maraqlıdır ki, müxalifət partiyaları Avropa Parlamentinin məlum qətnaməsindən sonra seçkidə iştirakdan imtina etdi. Sizcə bu təsadüfdür?
 

-Təbii ki, təsadüfi deyil. Bildirdiyimiz kimi həmin siyasi partiyalar məhz elə həmin təşkilatların sifarişlərini yerinə yetirirlər. O siyasi partiyaların liderləri üçün partiyasında təmsil olunan insanlar deyil, xarici dairələrin maraqları önəm kəsb edir.
 

-Avropa Parlamentinin çağırışına ilk qoşulan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Komitəsi oldu və seçkiləri müşahidə etməyəcəyini bildirdi. Sözügedən qurumun bu addımını necə dəyərləndirərdiniz? Bu Azərbaycana qarşı növbəti təzyiq deyilmi?

-Mən bu addımı ölkəmizə qarşı növbəti haqsızlıq kimi qiymətləndirirəm və hesab edirəm ki, bu cür bəyanatlarda erməni lobbisinin izləri mütləq var. Azərbaycan dövlət olaraq istər Avropa ölkələri ilə, istərsə də digər qitə ölkələri ilə yaxşı münasibətlər qurur və heç bir ölkənin daxili işinə müdaxilə etməmək şərti ilə. Həmçinin də ölkəmizin daxili işlərinə müdaxilələrə  heç bir zaman icazə vermiyəcək.

-Mümkündürmü ki, Avropanın digər strukturları da anoloji addım atsın və bu halda seçkilərə hansı mənfi təsir ola bilər?

-Əlbəttə erməni lobbisinin hansı dairələrə təsir imkanları varsa mümkündür ki, həmin təşkilatlar eyni qərəzli addımı atsınlar. Biz də bu addımlara hazırıq və Azərbaycan dövləti maksimum səviyyədə çalışır ki, seçkilər xalqın və seçicilərin istəklərinə uyğun olaraq demokratik şəraitdə keçirilsin. Nəticədə hər bir dairənin seçiciləri öz istədikləri namizədi millət vəkili seçsin.. Bunun üçün lazımı şərait var və hesab edirəm ki, yerlərdə, dairələrdə dövlətin bu istəyini lazımı formada həyata keçirilməsinə şəffaf şərait yaradacaqlar. Çünki cənab Prezidentin məlum tapşırığı var ki, seçkilər tam şəffaf keçirilməlidir və hər kəs bu tapşırığa əməl etməlidir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31