“Müxalifətin sosial bazası göz qabağındadır”
Anar Axundzadə: “Partiyanın qərarına hörmətlə yanaşaraq müstəqil şəkildə namizədliyimi irəli sürmədim”
23 Sentyabr 2015 14:12 Müsahibə"Cənab prezident hansı postda xidmət etməyimi məsləhət bilsə həmin postda da xidmət göstərməyə hazıram"
Parlament seçkiləri yaxınlaşdıqca siyasi dairələrdə də aktivlik, seçki hazırlıqları sürətlənir. Seçkilərdə iştirak qərarı verən əksər partiyalar öz namizədlərini açıqlayıb və müvafiq Dairə Seçki Komissiyasına müraciət ediblər. Bu dəfəki seçkilərdə vaxtılə Milli Məclisdə təmsil olunmuş siyasilərin də namizədliklərini irəli sürəcəkləri ehtimal olunurdu. Bu sırada Yeni Azərbaycan Partiyasının üzvü, sabiq millət vəkili Anar Axundzadənin də adı hallanırdı. Ancaq görünən odur ki, sabiq millət vəkili bu dəfə də seçki mübarizəsinə qoşulmaq niyyətində deyil. O, seçkilərdə iştirak etməməsini hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin qərarı ilə əlaqələndirib və partiyanın qərarına hörmət edərək namizədliyini irəli sürmədiyini deyib. "OLAYLAR"-a verdiyi müsahibədə Anar Axundzadə seçkiqabağı ölkədəki ictimai-siyasi vəziyyət, bəzi Avropa qurumlarının ölkəmizə qarşı olan qərəzli yanaşmalarından da danışıb.
-Anar müəllim, parlament seçkiləri öncəsi ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
-Hər 5 ildən bir qanuna uyğun olaraq ölkədə parlament seçkiləri keçirilir. Bu il də qanuna müvafiq şəkildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Artıq millət vəkilliyinə namizədlərin qeydiyyatına start verilib. Düşünürəm ki, ölkədə bərqərar olan siyasi sabitlik tam imkan verir ki, növbəti parlament seçkiləri də uğurla və tam demokratik qaydada keçirilsin. Bu səbəbdən ölkədə ictimai-siyasi vəziyyəti qənaətbəxş hesab edirəm.
-Seçkilər ərəfəsində yenidən Azərbaycana qarşı Avropadan təzyiqlər özünü büruzə verir. Bir neçə gün əvvəl Avropa Parlamenti ölkəmizlə bağlı qərəzli qətnamə qəbul etdi. Bu kimi halları necə dəyərləndirirsiniz?
-Zaman-zaman Azərbaycanın uğurlarina qısqanclıqla yanaşan bəzi avropalı parlamentarilər öz qərəzli mövqeyini ortaya qoyub. Lakin mən hər hansı bir qərəzli qətnaməni bütövlükdə Avropanın mövqeyi kimi qəbul etmirəm və bu mümkün də deyil. Yaxın keçmişdə Qrosların və digər antiAzərbaycan mövqeyində duran ayrı-ayrı avropalı fərdlərin qısqanc mövqelərinin şahidi olmuşuq. Bu, Azərbaycanın istər Avropaya, istərsə də dünya sivilizasiyasına inteqrasiyasının, ümumilikdə dünyəvi inkişafının qarşısını ala və bu prosesə kölgə sala bilməz. Azərbaycan xalqı öz seçdiyi Prezidentinin apardığı siyasəti dəstəkləyərək daha böyük zirvələri fəth edəcək və bu gün Azərbaycana qarşı yönələn qərəzli qətnamələrin əsassız olduğunu isbatlayacaq
-Məlum olduğu kimi hakim Yeni Azərbaycan Partiyası budəfəki seçkilərdə partiyanın siyahısında bir sıra dəyişikliklər etdi, yeni simaları, daha çox gəncləri namizəd kimi irəli sürdü. Hakim partiyanın üzvü kimi bu dəyişikliyi necə dəyərləndirirsiniz?
-Ümummilli liderimizin Yeni Azərbaycan Partiyası haqqında tarixi bir sözü var.Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır!. Düşünürəm ki,Yeni Azərbaycan Partiyasının İdarə Heyəti bu siyahıda dünəni, bu günü və gələcəyi nəzərə alıb.
-Görünən odur ki, bu dəfəki seçkilərdə namizəd kimi iştirak etmək istəmirsiniz. Başlıca səbəb nədir?
-Mənim yolum Heydər Əliyev yolu, dövlətçiliyə, xalqa, Prezidentimizə xidmət yoludur. Bu yol tək deputatlıqdan keçmir. Mən partiyanın qərarına hörmətlə yanaşaraq müstəqil şəkildə namizədliyimi irəli sürmədim və bunun da doğru qərar olduğunu düşünürəm.Yeni Azərbaycan Partiyasının yaranan gündən üzvü olan bir Əliyevçi kimi özümü Möhtərəm Preidentimizin əsgəri hesab edirəm. Cənab prezident hansı postda xidmət etməyimi məsləhət bilsə həmin postda da xidmət göstərməyə hazıram.
-Bir neçə müxalifət partiyası seçkiləri boykot edəcəyini bildirib. Sizcə boykot qərarı seçkilərin nəticələrinə hansısa təsir göstərəcəkmi?
-Əgər seçkidə iştirak etməmək qərarı verən müxalifət təşkilatı varsa demək həmin təşkilat seçkidə heç bir nəticə əldə edə bilməyəcəyini hiss etdiyi üçün belə ucuz şou yaradır. Azərbaycanda elə bir müxalifət partiyası yoxdur ki, seçkini boykot etmək iqtidarında olsun. Bunun üçün xalq dəstəyi lazimdır. Bizim müxalifətin isə sosial bazası göz qabağındadır.
Süleyman İsmayılbəyli