“Seçkilərdə iştirak etməmək çıxış yolu deyil”

Elşən Mustafayev: “Seçkilərlə bağlı bizim də narazı olduğumuz məqamlar var”

"Amma bu əsas vermir ki, partiya bütünlükdə bu prosesdən kənarda qalsın"

Azərbaycan Milli İstiqlal Partiyası daxilində növbəti dəfə fikir ayrılığı yaranıb. Partiyanın qurultayının keçirilməsi ilə bağlı yaranan fikir ayrılığını AMİP rəhbəliyi də istisna etməyib. Bəs seçkilər ərəfəsində partiya daxilində fikir ayrılığının yaranması AMİP-in seçki hazırlıqlarına hansısa mənfi təsir göstərə bilər? Bu və ya digər suallarla bağlı Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevə müraciət etdik.

-Elşən bəy, bu günlərdə Azərbaycan Milli İstiqlal Partiyasının qurultayının keçirilməsi məsələsi yenidən partiyada müzakirə mövzusuna çevrilib. Hətta partiyanın baş katibi Arzuxan Əlizadə qurultayla bağlı məsələdə fikir ayrılığının olduğunu bildirib. Doğurdanmı AMİP-də bu məsələdə ciddi fikir ayrılığı var?

-Qurultay məsələsi hazırda partiyanın iş planında olan 2 əsas məsələdən biridir. Yəni seçkilərə hazırlıqla bərabər bir neçə aydır ki, qurultay hazırlıqları da gedir. Rayonlarda konfranslar keçirilir, nümayəndələr seçilir. Bu vaxt aparan ağır işdir. Hazırda bu proses demək olar ki, yekunlaşmaq üzrədir. Bu məsələ ilə bağlı partiyada hər hansı fikir ayrılığı niyə olmalıdır ki? Qurultayın keçiriləcəyi vaxtla bağlı təkliflər olub. Yəni təkilif olmuşdu ki, qurultay seçkidən sonra olsun. Başqa təklif də var idi ki, bu seçkidən öncə olsun. Bu təkliflər işçi xarekterli müzakirələrdə olurdu. Amma qurultayın gününü partiyanın Mərkəzi Şurasının iclasında müəyyən edəcəyik. Ola bilər ki, imzatoplama kampaniyasi bitəndən sonra Mərkəzi Şura bu məsələni müzakirə etsin.

-Partiyanın Siyasi Şurasının üzvü Əli Oruclu isə bunu nizamnamə pozuntusu kimi dəyərləndirib. Nədən partiya rəhbərliyi nizamnamə pozuntusuna imkan yaradır?

-Nəinki Siyasi Şura üzvü, hətta sıravi partiya üzvü əgər nizamnamə pozuntusunu aşkar edirsə dərhal bu məsələ ilə bağlı partiyanın Mərkəzi İntizam Komissiyasına müraciət etməlidir ki, bunu araşdırsınlar. Amma belə bir müraciət də olmayıb. Yəni hər hansı nizamnamə pozuntusunun olub olmamasını müəyyən edən yalnız bir orqan var, o da Mərkəzi İntizam Komissiyasıdır. Yalnız onlar hər hansı pozuntu haqqında qərar verə bilərlər. Qurultayın keçirilməsi ilə bağlı verilən qərardan sonra Təşkilat Komitəsinin gördüyü bütün işlər nizamnamə çərçivəsində, iş və təqvim planına uyğun olaraq aparılır. Bu plana uyğun olaraq da qurultayın günü müəyyən ediləcək.

-Bu kimi faktlar AMİP-də dərin böhran və istefalara səbəb ola bilərmi?

-Bu faktlar yoxdusa hansı böhrana münasibət bildirə bilərəm? Bayaq söylədiyim fikirləri əsas gətirərək bildirmək istəyirəm ki, bu məsələ ilə bağlı heç bir narahatçılıq yoxdur və ona görə də hər hansı xoşagəlməz hadisə baş verə bilməz.

-Bu arada partiyanın seçki hazırlıqlıqları necə gedir və partiyanın bütün namizədləri öz namizədliklərini irəli sürübmü?

-Bu seçkidə biz əvvəlki seçkidən fərqli olaraq daha az, amma daha şanslı namizədlə iştirak etməyə qərar verdik ki, partiyanın maddi və insan resurslarını bu namizədlərin kampaniyasına istiqamətləndirək. Hələlik 30-a yaxın namizədimiz seçkilərə qatılıb. Onların çox hissəsi artıq imza yığılması ilə məşğuldur, az bir hissəsi isə bu gün, sabah DSK-lardan imza vərəqələrini alacaqlar.

-Bəzi partiyaların seçkini boykot çağırışı və seçki prosesinə qatılmamaq qərarını necə qarşılayırsınız? Sizcə seçkidə iştirak etməmək vəziyyətdən çıxış yoludurmu?


-Mən bildiyimə görə bir partiya hələ öncədən bu seçkilərə qatılmayacağını bəyan etmişdi. Bir partiya isə bir neçə gün öncə belə bir qərar verib. Bunlardan başqa seçkidə iştirak etməmək qərarını verən partiyalar haqqında heç bir məlumatım yoxdur. Hər bir verilən qərar hər bir partiyanın daxili işidir. Eyni zamanda seçkidə iştirak etmək də partiyaların hüququdur. Bu hüquqdan istifadəyə görə onların qərarını təftiş etmək yox, hörmətlə yanaşmaq lazımdır. Sözsüz ki, bu seçkilərlə bağlı bizim də narazı olduğumuz məqamlar var. Amma bu əsas vermir ki, partiya bütünlükdə bu prosesdən kənarda qalsın. Hesab edirəm seçkilərdə iştirak etməmək də çıxış yolu deyil.

-Belə hallar seçkinin nəticələrinə təsir göstərə bilərmi?

-Bu gün kim deyirsə ki, əsas siyasi partiyaların seçkilərdə iştirakdan imtinası heç nəyə təsir göstərmir, yanılır. Bəli ümümi nəticələrə təsir etməyə bilər. Amma seçkilərin geniş siyasi spektr tərəfindən əhatə olunmaması həm cəmiyyətdə, həm də dünyada mənfi qəbul olunur. Ona görə də hesab edirəm ki seçki kampaniyası, namizədlərə olan münasibət, onlara yaradılan şərait, yerli icra hakimiyyətlərinin bu işlərdə rolu elə olmalıdır ki, maraq böyük olsun və partiyalar bu seçkidə iştirakı əhəmiyyətsiz vaxt, pul itkisi hesab edib kənara çəkilməsinlər.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31