Bizimlə qətnamə, təzyiq dili ilə danışanlar...
15 Sentyabr 2015 14:39 MüsahibəBizimlə qətnamə, təzyiq dili ilə danışanlar... "İnkişaf və tərəqqi faktoru öz yerini tutduqca, biz həm də Avropa qurumlarının qərəzləri qarşısında qalib oluruq"
ZƏRİFƏ QULİYEVA, YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərəzli qətnaməsi bir daha göstərdi ki, əslində burada ikili standartlarla yanaşı, müstəqil, inkişaf edən, Avropa və dünyada öz sözünü deyən ölkəmizə qarşı ikili standartlar hələ də öz mövcudluğunu qoruyub-saxlamaqdadır. Halbuki, hətta Avropanın bir çox ölkələrindən fərqli olaraq, Azərbaycan müstəqil siyasət yürüdən, demokratik, dinamik tərəqqi yolunu tutmuş, eləcə də yüksək beynəlxalq nüfuza malik ölkədir. Bu gün araşdırsaq ilk olaraq onu da görərik ki, Azərbaycanda sosial-iqtisadi uğurlarla yanaşı, vətəndaş cəmiyyəti, siyasi institutlar və s. sahələr də inkişaf yolunu tutur. O cümlədən, söz və məlumat azadlığının təminatına, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin fəaliyyətinə lazım olan bütün üstünlük kriteriyaları Azərbaycanda mövcuddur. Ölkəmizdə siyasi partiya, yüzlərlə QHT, media orqanı heç bir maneə olmadan, sərbəst şəkildə fəaliyyət göstərir, internet azadlığı tam təmin edilir.
Azərbaycan Prezidenti Cənab İlham Əliyev də dəfələrlə öz çıxışlarında vurğulayıb ki, bu cür qərəzli dairələr heç vaxt ölkəmizin müstəqil siyasətinə qarşı təzyiq dili ilə danışa blməyəcəklər
Xüsusilə qeyd etmək isrətdim ki, dəfələrlə Azərbaycana qarşı bu cür çirkin niyyətlərlə çıxış edən Avropa təşkilatları və onlara havadarlıq edən bir sıra ermənipərəst siyasi dairələr zaman-zaman yanlış yolla getdiklərinin fərqinə varıblar. Yuxarıda qeyd edilən fikirlər reallaşdıqca, yəni inkişaf və tərəqqi faktoru öz yerini tuttuqca, əslində biz Avropa qurumlarının qərəzləri qarşısında qalib oluruq. Azərbaycan Prezidenti Cənab İlham Əliyev də dəfələrlə öz çıxışlarında vurğulayıb ki, bu cür qərəzli dairələr heç vaxt ölkəmizin müstəqil siyasətinə qarşı təzyiq dili ilə danışa bilməyiblər, blməyəcəklər də. Çünki Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirməklə ilk öncə qətiyyətini, iradəsini ortaya qoyur. Və əlbəttə ki, burada xalq-hakimiyyət amilinin bir vəhdətdə birləşməsi əsas dayanır ki, bu vəhdəti heç bir qaranlıq qüvvə poza bilməz. Belə qüvvələrin cürətləri çatsa da, bunu reallaşdırmağı bacarmırlar. Beləliklə, xalqın hakimiyyəti olan iqtidarımız yenə də öz uğurlu yolunu davam etdirməklə, bizi istəməyənləri aciz duruma salır. Daha bir amil də ondan ibarətdir ki, Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi mühüm nailiyyətləri Qərbin bir sıra islamofob, ksenofob, ermənipərəst dairələri qıcıqlandırır və getdikcə daha çox narahat edir. Bu baxımdan, son zamanlar adlarını "hüquq müdafiəçiləri", "araşdırmaçı jurnalist" qoyub, dövlətçilik əleyhinə çıxış dən Leyla və Arif Yunusların, Xədicə İsmayılın və sairlərinin müdafiəçilərinə çevrilmiş bəzi beynəlxalq dairələr daha da azğınlaşır, müxtəlif qərəzli hesabatlar, qətnamələr qəbul edir, guya bununla "demokratiya ixracatçısı" olduqlarnı sübuta yetirməyə çalışırlar. Ancaq fakt budur ki, onların bu cəhdləri boğazdan yuxarı deyilmiş bəyanatlardır. Belə bəyanatların Azərbaycana heç bir təsiri yoxdur.
Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil
Sirr deyil ki, Azərbaycanda mühüm tədbirlər ərəfəsində Avropa Parlamentinin kənardan idarə olunan ayrı-ayrı fraksiyalarının fəallaşması və bu qurumun islamofob rəhbərliyinin də yaxından iştirakı ilə ölkəmizlə bağlı absurd iddialardan ibarət qətnamələrin qəbul olunması artıq adət halı alıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov da qərəzli qətnamə ilə bağlı çox mühüm mesajlar vermişşdir. O da bildirib ki, Azərbaycanda məhz parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə də bu qurumun rəhbərliyinin və oradakı məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna yenidən zərbə vurmaq cəhdindən başqa bir şey deyil. Onlara xüsusilə xatırladılıb ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi həmin qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil. Çünki hər bir demokratik ölkədə olduğu kimi, Azərbaycanda da hökumətin əsas tələbi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində mövcud azadlıqlardan sui-istifadə hallarına yol verilməsin, bu sahədə şəffaflıq və qanunların aliliyi təmin olunsun. Belə ki, nə Azərbaycan qanunlarında, nə də beynəlxalq qanunvericilikdə konkret cinayət əməli törətmiş hər hansı peşə sahibi ilə bağlı xüsusi imtiyaz nəzərdə tutulmayıb. Bu baxımdan da, Azərbaycanda məhkəmələr qərar çıxararkən ayrı-ayrı siyasi dairələrin, fərdlərin iddialarını, arzu və istəklərini deyil, məhz qanunun tələblərini əsas götürürlər. Yuxarıda adları çəkilən şəxslər də məhz qanun pozuntusuna yol verərək, dövlətin maraqlarına xəyanət etdiklərinə görə öz cəzalarını alıblar. Avropa Parlamentinin isə Azərbaycana nə isə diktə etməyə heç bir hüququ yoxdur.
Məgər erməni faşizminin qurbanı olmuş azərbaycanlıların insan haqlarını müdafiə etmək onlar üçün qəbahətlidirmi?
Artıq o da sirr deyil ki, uzun illərdir ki, Qərbin yürütdüyü siyasət bütün dünya üçün ağır fəsadlar törədir. Belə ki, Azərbaycanda insan haqlarının pozulduğunu iddia edən Avropa Parlamenti birbaşa müdaxilə və hərbi təcavüz nəticəsində vətəndaş qarşıdurması arenasına çevrilmiş ölkələrin milyonlarla vətəndaşının aqibətini düşünsə daha yaxşı olmazmı?! O cümlədən, bu gün insan haqları barədə ağızdolusu dəm vuran avropalı parlamentarilər nəyə görə Xocalıda baş verən XX əsrin ən qanlı faciəsini soyqırımı aktı kimi qiymətləndirmirlər? Niyə və hansı səbəbdən bir milyondan artıq qaçqın və köçkün soydaşlarımızın müdafiəsini təşkil edən qətnamələr qəbul etmirlər? Məgər erməni faşizminin qurbanı olmuş azərbaycanlıların insan haqlarını müdafiə etmək onlar üçün qəbahətlidirmi? Bax, əsas məsələ də budur. Yəni bu məsələnin kökündə ikili standartlar və islamofobiya məqsədləri dayanır. Bu gün işğalçı Ermənistanın təcavüzkar siyasəti barədə bir kəlmə də olsun danışılmır. Hətta Ermənistanın daxilində baş verən insan haqlarının pozulması ərtafındakı çoxsaylı faktlar, jurnalistlərin təqibi, QHT-lərin, siyasi partiyaların zor gücünə bağladılması amilləri ətafında susqunluq nümayiş olunur. Bütün bunlar həm də xristian klubu təsirini bağışlayan Avropa, Qərb siyasətinin təəssüfdoğurucu nümunəsidir.
Sapı özümüzdən olan baltalar da anlamalıdırlar ki, onların bu gözləntiləri xam xəyallardan başqa bir şey deyildir
Bu baxımdan, xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın tutduğu müstəqillik və demokratiya yolundan kimsə döndərə bilməyəcək. Azərbaycan bundan sonra da öz haqq yolunu davam etdirərək, nəninki Avropaya və Qərbə, elədə də bütün dünyaya sübut edəcək ki, onunla güc, qətnamə, təzyiq dili ilə danışanlar bunu yalnız öz zərərlərinə hesablamalıdırlar. Çünki Azərbaycanının müstəqilliyinə, dövlətimizin inkişafına, xalqımızın iradəsinə qarşı çıxan, mənbəyi, mənşəyi bilinməyən qurum tərəfindən qəbul olunmuş qərəzli qətnamə anti-bəşəri xarakter daşıyan cızma-qaradan başqa bir şey deyil.
Beləliklə, tam əminliklə onu da qeyd etmək mümkündür ki, Avropa Parlamentinin Azərbaycan haqda qəbul etdiyi qətnamə bir müəllifin əlindən çıxan, gəzdirilərək ayrı-ayrı deputatlara qol çəkdirilən dəyərsiz kağız parçasıdır. Yəni orada qeyd olunan "faktlar"ın heç biri reallıq deyil. Bu gün ölkəmizə gələn, bura ilə tanış olan, əməkdaşlıq edən bir çox Qərbli, avropalı insanlar var ki, onların hər biri səmimi şəkildə etiraf edirlər ki, Azərbaycan nəninki regionda, o cümlədən, Avropa və Asiyanın kəsişdiyi məkanda nümunəvi bir dövlətdir. Bu gün dünyanın bir çox ölkələrindən çıxan insanlar siyasi böhranlar, qanlı hadisələrdən uzaq olmaq üçün məhz Azərbaycana gəlirlər, bu ölkəyə həsədlə baxırlar. Ona görə də oryaya atılan siyasətbazlıq qətanamələrinin bizi narahat edəcəyini düşünənlər, o cümlədən, sapı özümüzdən olan baltalar da anlamalıdırlar ki, onların bu gözləntiləri xam xəyallardan başqa bir şey deyildir.