“Seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün dövlət üzərinə düşən addımları atır”
Ramiz Alıyev: “Bütün siyasi partiyalara və namizədlərə bərabər şəraitin yaradılması haqqında birbaşa cənab prezidentin göstərişi var”
9 Sentyabr 2015 14:22 Müsahibə"Müvafiq qurumlar da ona əməl edirlər"
Artıq parlament seçkilərinə rəsmi start verilib. Ötən müddət ərzində əksər siyasi partiyalar seçkilərlə bağlı mövqeyini açıqlayaraq namizədlər siyahısını cəmiyyətə təqdim edib. İlkin müşahidə edilən mənzərə ondan ibarətdir ki, bu seçkilər namizəd çoxluğu baxımından yadda qalan olacaq. Bu arada ənənə halını alan seçkiqabağı mühitin dəyərləndirilməsi ilə bağlı müxtəlif araşdırmalar da aparılır. Bir müddət əvvəl təsis edilmiş Strateji Araşdırmalar İnstitutu da müntəzəm olaraq seçkiqabağı vəziyyəti təhlil edir. SAİ-nin rəhbəri Ramiz Alıyevlə söhbətimizdə də məhz parlament seçkiləri öncəsi ölkədə mövcud olan siyasi vəziyyəti dəyərləndirdik.
-Ramiz müəllim, artıq parlament seçkilərinə start verilib. Strateji Araşdırmalar İnstitutu olaraq ilkin dəyərləndirməniz nədən ibarətdir. Seçkilər azad və ədalətli şəkildə keçiriləcəkmi?
-Seçkilərin azad və demokratik şəraitdə keçirilməsi üçün dövlət üzərinə düşən addımları atır. Bütün siyasi partiyalara və namizədlərə bərabər şəraitin yaradılması haqqında birbaşa cənab prezidentin göstərişi var və müvafiq qurumlar da ona əməl edirlər. Seçkiyə hazırlıqlar və namizədlərin qeydə alınması ilə bağlı proseslər dünyanın bir çox ölkələrinə örnək olacaq bir addımlardır. Məntəqələrdə quraşdırılan kameralar, müşahidəçilərin rahat şəkildə seçki prosesini izləməsinə yaradılan şərait və s. bir çox inkişaf etmiş ölkələrdə hələ də tətbiq olunmur.
-Sizcə, müxalifət üçün parlament seçkiləri nə dərəcədə uğurlu və ya uğursuz olacaq?
-Bildiyim qədər müxalifət partiyalarının demək olar ki, hamısı seçkilərdə öz namizədləri ilə iştirak edəcəklər. Yalnız bir partiya seçkilərdə iştirak etməyəcəyini bəyan edib. O da həmin yekun qərarıdır, ya yox, onu zaman göstərəcək. Fikrimcə bütün siyasi partiyalar seçkilərdə aktiv iştirak etməli və qalib gəlmək uğrunda mübarizə aparmalıdır. Etiraf edək ki, ölkəmizdə müxalifət partiyaları çox zəifdir. Onlar xalqla, elektoratla işləyə bilmirlər. Onların bəziləri elə düşünür ki, xaricdən hansısa ölkənin hansısa bir dairəsindən dəstək alırsa həmin dairə o partiyanı seçkilərdə qalib edəcək. Sadəcə anlamırlar ki, həmin o dairələrin ölkəmizdə keçirilən seçkilərdə seçici olaraq hansı səlahiyyəti var və səsverməni o dairələrin əməkdaşları deyil, Azərbaycan xalqı həyata keçirir. Ümumiyyətlə, seçkiləri boykot edib seçki prosesindən kənarda qalmağı üstün tutan siyasi partiyaların rəhbərlərinin siyasi savadı sıfıra bərabərdir. Belə ki, həmin partiyalara qoşulan insanlar pariyanın nizamnaməsini oxuyur və partiyanın ideologiyası onu qane edirsə həmin partiyaya üzv olurlar. Məqsədləri də seçkilərdə iştirak edib təmsil olunduqları partiyanı qalib görməkdir. Əgər seçkiləri boykot edəcəksənsə təbii ki, partiyada olan 5-10 nəfər də istefa verəcək. Nəticədə partiyada bir sən, bir də möhürün qalacaq.
-Ənənəvi olaraq seçki ərəfəsində və ondan sonra bəzi beynəlxalq təşkilatlar ölkədə keçirilən seçkilərlə bağlı qərəzli bəyanatlar yayırlar. Sizcə, bu qərəz parlament seçkiləri ərəfəsində də özünü göstərəcəkmi?
-Əlbəttə artıq bu qərəz dolu bəyanatlar özünü göstərməkdədir. Onlar nə istədiklərini ya özləri bilmir, ya da nə istədiklərini açıq bəyan edə bilmirlər. Çünki onların istəkləri imperializim istəkləri, vassal halına salmaqdır. Seçkiyə hələ start verilməmiş öz qərəzli bəyanatları ilə gündəmdə qalmağı üstün tutan bəzi dairələrə Azərbaycan dövləti tərəfindən ölkəmizə gəlmək, seçki prosesini izləmək təklif olunur. Ancaq yenə də öz qərəz dolu anplualarından əl çəkmirlər.
-Sizcə regional amillər, eləcə də cəbhədə artan gərginlik seçki prosesi, eləcə də siyasi proseslərə hansısa mənfi təsir göstərə bilərmi?
-Azərbaycan dövləti hazırda elə bir gücə və stabilliyə sahibdir ki, bütün orqanlar və qurumlar öz işlərini rahat şəkildə aparmağa qadirdirlər. Cəbhədə erməni təxribatlarına Müdafiə Nazirliyi və ordu birləşmələri layiqli cavablarını verirlər. Bu gün narahat tərəf də Ermənistandır ki, kəndləri boşaldıb qaçırlar, prezidentləri də yalvarış üçün himayədarlarının yanına qaçıb kömək istəyir. Yəni bu o deməkdir ki, Azərbaycanda keçiriləcək 1 noyabr seçkilərinə hələlik mane olacaq heç bir şərait yoxdur. Azərbaycan dövləti hər seçki ilində öz müsbət addımları ilə yeniliklər etməkdədir və hər keçən seçkidə olan nöqsanlar növbəti seçkilərdə tamamilə aradan qaldırılır. Regionda və dünyada böyük güclərin oynadıqları siyasi oyunlar istər iqtisadi, istərsə də siyasi cəhətdən nəinki bizim ölkəyə, ümumilikdə bütün dünyaya təsir edir. Bizə qonşu olan bir çox ölkələrdə aparılan bu cür çirkin oyunlar hər birimizi təəssüfləndirir və bu cür addımları pislədiyimizi bəyan edirik. Ancaq hesab etmirəm ki, bu cür siyasi oyunların da ölkəmizdə keçiriləcək bu ilki seçkilərə nəsə ciddi bir təsiri olsun. Çünki bizdə seçkilərin taleyi Azərbaycan xalqından asılıdır.
Süleyman