“AMİP parlament seçkilərinə tam hazırdır”
Yusif Bağırzadə: “Partiya olaraq kəmiyyət deyil, keyfiyyət baxımından seçkiyə gedirik”
8 Sentyabr 2015 14:39 Müsahibə"Ümid edirəm ki, Azərbaycan Milli İstiqlal Partiyası bu il parlament partiyası olacaq"
Artıq parlament seçkilərinə rəsmən start verilib. Noyabrın 1-də baş tutacaq seçkilərdə iştirak etməyi nəzərdə tutan əksər siyasi partiyalar artıq öz namizədlərinin adlarını da açıqlayıb. Belə partiyalardan biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır. Partiyanın sədri Yusif Bağırzadə ilə söhbətimizdə rəhbərlik etdiyi partiyanın seçki hazırlığı istiqamətindəki fəaliyyəti və bu seçkilərdən gözləntiləri barədə danışdıq.
-Yusif bəy, Azərbaycan Milli İstiqlal Partiyası parlament seçkilərinə hazırdırmı?
-Azərbaycan Milli İstiqlal Partiyasında seçkilərlə əlaqədar daimi fəaliyyət göstərən seçki qərargahı mövcuddur. Bu gün seçki qərargahı tam fəaliyyətdədir. Ona görə də biz heç bir partiyanın, hətta hakim Yeni Azərbaycan Partiyasının seçki siyahısının açıqlanmasını gözləmədən öz namizədlərimizin adlarını elan etdik ki, kimlər və hansı dairələr üzrə seçkiyə gedirik. Bu gün Azərbaycan Milli İstiqlal Partiyası parlament seçkilərinə tam hazırdır və müvafiq sənədləşmə prosesləri gedir. Bu günlərdə bir neçə AMİP-çinin Mərkəzi Seçki Komissiyasının növbəti iclasında səlahiyyətli nümayəndə kimi təsdiq edilməsi gözlənilir. Hələlik biz 29 namizədlə seçkiyə qatılırıq. Ancaq ola bilsin ki, namizədlərimizin siyahısı artsın. Çünki seçkidə iştirak etmək istəyən AMİP-çilər çoxdur. Ümid edirəm ki, Azərbaycan Milli İstiqlal Partiyası bu il parlament partiyası olacaq. Onu da qeyd edim ki, AMİP olaraq kəmiyyət deyil, keyfiyyət baxımından seçkiyə gedirik. 2010-cu ilin parlament seçkilərində də AMİP hakim Yeni Azərbaycan Partiyasından sonra ən böyük namizədlə seçkiyə qatıldı.
-Ümumilikdə seçkilərdən gözləntiləriniz nədən ibarətdir?
-İlkin dəyərləndirmə kimi onu qeyd edə bilərəm ki, 2010-cu ilin seçki dövründən fərqli olaraq bu seçkilər dönəmi çox passiv dövr kimi müşahidə olunur. Bu həm iqtidar, həm də müxalifət düşərgəsinə aiddir. Bunun da müəyyən səbəbləri var. Bunlardan birincisi vətəndaşların seçkilərə passiv mövqedən yanaşması ilə bağlıdır. Ümumiyyətlə, siyasi təşkilatlar və seçicilərdə seçki ab-havası yoxdur. Digər tərəfdən iqtisadi vəziyyətin də müəyyən mənada çətin olması seçki passivliyinə səbəb olan amillərdəndir. Üçüncü bir səbəb 2005 və 2010-cu seçkilərindən fərqli olaraq müxalifət düşərgəsində ümumi birlik, razılaşmanın əldə edilə bilməməsidir ki, bu da seçicilərin passivliyinə gətirib çıxarır. Ancaq bu gün AMİP bütün siyasi təşkilatlara əməkdaşlıq platforması təklif edib. Namizədlər müvafiq qeydiyyat prosedurundan keçdikdən sonra bu əməkdaşlıq baş tutacaq. Fikrimiz ondan ibarətdir ki, seçkiyə gedən və müxalifət düşərgəsinə aid olan bütün siyasi partiyalarla əməkdaşlıq platforması çərçivəsində anlaşma əldə edək. Yəni, ən güclü namizədə dəstək verilsin. Eyni zamanda digər siyasi partiyalar da AMİP-in ən güclü namizədlərinə dəstək nümayiş etdirsin.
-Bir müddət əvvəl AMİP-in bir neçə partiya ilə ikitərəfli əməkdaşlıqla bağlı məsləhətləşmələr apardığı bildirilirdi. Hazırda bu istiqamətdə danışıqlar nə yerdədir?
-Hazırda həmin partiyalarla münasibətlər davam edir. Bir çox siyasi təşkilatlarla geniş əməkdaşlıq platforması barədə ümumi razılaşmamız var. Hələlik bu razılaşma sənəd formasında olmasa da, ümumi fikir birliyi mövcuddur. Qərara gəlmişik ki, namizədlər qeydə alınıb real namizəd statusunu aldıqdan sonra birgə əməkdaşlıq sənədi imzalayıb anlaşma əldə edək.
S.İsmayılbəyli