Müxalifət ciddi itkilərə məruz qalıb
Əlabbas Məhərrəmli: “Əsas müxalifət qüvvələri özlərinin parlaq namizədlər korpusu ilə fərqlənmək imkanında deyillər”
3 Sentyabr 2015 13:43 MüsahibəArtıq parlament seçkilərinə start verilib. Noyabrın 1-də baş tutacaq seçkilərdə mübarizə aparmaq üçün bir neçə siyasi partiya artıq öz namizədlərini də açıqlayıb. Seçkilərdə kifayətqədər namizədin iştirak edəcəyini nəzərə alsaq seçkilərin gərgin keçəcəyini söyləmək olar. Bəs görəsən parlament seçkilərindən gözləntilər nədən ibarətdir? Bu və ya digər məsələlərlə bağlı müstəqil ekspert Əlabbas Məhərrəmli ilə söhbətləşdik.
- Əlabbas bəy, artıq parlament seçkilərinə start verilib. Bu seçkilərdən gözləntiləriniz nədən ibarətdir və seçkilər Azərbaycanın siyasi həyatında nə kimi mühüm rol oynayacaq?
-Parlament seçkiləri ölkənin siyasi həyatı üçün çox mühüm əhəmiyyət daşıyan hadisədir. Azərbaycan seçiciləri noyabrın 1-də qarşıdakı beş il üçün ölkənin ali qanunvericilik orqanının üzvlərini, başqa cür desək, özlərinin parlamentdəki təmsilçilərini seçəcəklər. Bu seçkilərin mahiyyəti özlüyündə həmin siyasi kampaniyanın əhəmiyyətini tam əks etdirir. Azərbaycanda və regionda yaranmış vəziyyət parlament seçkilərinin əhəmiyyətini daha da artırır. O baxımdan, gözləntim və istəyim budur ki, parlamentə vətənpərvər, ölkədə və dünyada gedən prosesləri real qiymətləndirib ona uyğun qərar verməyi bacaran insanlar seçilsinlər. Bu seçkilər həm də Azərbaycanın siyasi sisteminin formalaşması və ya indiki sistemə müəyyən korrektələrin olunması ilə də əlamətdar ola bilər.
-Artıq bir sıra partiyalar seçkidə iştirak edəcək namizədlərinin adlarını açıqlayıb. Sizcə, müxalifət namizədlər seçimində kəmiyyətə, yoxsa keyfiyyətə üstünlük verib?
- Bilirsiniz ki, son beş ildə müxalifət qüvvələri xeyli zəifləyərək ciddi itkilərə məruz qalıblar. Hər halda, müşahidələr də göstərir ki, müəyyən istisnaları çıxmaq şərti ilə, əsas müxalifət qüvvələri özlərinin parlaq namizədlər korpusu ilə fərqlənmək imkanıda deyillər. Bu səbəbdən, qənaətim belədir ki, müxalifət partiyaları özlərinin zəifləmiş resurslarından maksimum istifadə etməyə çalışıblar. Təəssüf ki, burada keyfiyyət haqqında ucadan danışmaq imkan xaricindədir. Yəni kəmiyyətə daha çox üstünlük verilib və bu da onların mövcud durumunun bir göstəricisidir.
-Sizcə, müxalifət partiyalarının bir araya gəlib seçkiyə birgə getməsi daha uğurlu olmazdımı?
-Son seçkilərdə bu variant hər zaman gündmə gətirilib və ətrafında xeyli müzakirələr aparılıb. Amma bildiyiniz kimi, müxalifət partiyaları heç vaxt bütövlükdə bir araya gələrək parlament seçkilərinə vahid siyahı ilə getmək imkanlarının olmadığını nümayiş etdiriblər. Parlament seçkilərində müxalifət partiyalarının ayrılıqda, yaxud da bir neçə blok halında iştirakı da bu dediklərimin əyani təsdiqidir. Müxalifət daxilində son iki-üç ildə baş verən ziddiyyətlər əks siyasi düşərgədəki münasibətləri daha da korlayıb. O üzdən, müxalifət partiyalarının tam olaraq bir araya gəlib seçkilərə birgə qatılmaları əvvəldən də real görünmürdü. Hətta deyim ki, "Qarabağ" siyasi blokunun təsisçiləri də seçki məsələsində bir araya gəlməyi bacarmadılar.
-Siz də seçkidə iştirak etmək barədə düşünürsünüz. Mümkündürmü ki, son anda namizədliyinizi hansısa müxalifət liderinə və ya partiyasına güzəştə gedəsiniz?
-Seçkilərdə iştirak etməklə bağlı qərarım var və nümayəndələrim sənədləri dairə seçki komissiyasına təqdim edəcəklər. Namizədliyimin geri götürülməsi ilə bağlı deyə bilərəm ki, hər dəqiqənin öz hökmü var və heç nə istisna deyil. Amma bu gün üçün hansısa rəqib namizədin xeyrinə geri çəkilmək niyyətim yoxdur.
Süleyman İsmayılbəyli