“Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları yeni mərhələyə qədəm qoyublar”

Ramil Əliyev: “Bu da Azərbaycan diasporasına yeni nəfəs gətirən Leyla Əliyevanın adı ilə bağlıdır”

Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların həmin ölkələrin ictimai-siyasi həyatında rolunun artırılması istiqamətində son illər təqdirəlayiq addımlar atılır. Xüsusilə, bu istiqamətdə Azərbaycan diasporunun ən aktiv olduğu Rusiya Federasiyasını qeyd etmək yerinə düşər. Şimal qonşumuzun bütün subyektlərinə səpələnərək orada təşkilatlanan azərbaycanlıları ölkəmizin təbliği istiqamətində aktiv rol oynayırlar.

Bu gün Rusiya Federasiyasında uğurla fəaliyyət göstərən diaspor təşkilatlarından biri də Ümumrusiya Azərbaycan Konqresidir ki,  adıçəkilən təşkilat da ümumilikdə ölkə üzrə təşkilatlana bilib. ÜAK-ın Rusiyanın əksər subyektlərində yerli şöbələrinin yaradılması belə deməyə əsas verir. Cari ilin əvvəllərində isə ÜAK-ın İstra rayon yerli şöbəsi təsis edilib. Qısa müddətdə bir sıra uğurlu tədbirlər həyata keçirən ÜAK İstra rayon yerli şöbəsinin qarşısında duran yeni hədəflər, cari ilin sonuna qədər həyata keçirəcəyi tədbirlər barədə ÜAK İstra rayon yerli şöbəsinin sədri Ramil Əliyevlə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Ramil Əliyev Rusiya Federasiyasında Azərbaycan diasporunun durumu barədə də danışıb.

-Ramil müəllim, "Ümumrusiya Azərbaycan Konqresinin" İstra rayon yerli şöbəsi nə vaxtdan fəaliyyət göstərir və əsas fəaliyyət istiqamətləriniz nədən ibarətdir?

-İstərdim bu suala ətraflı cavab verim. Bildiyiniz kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan diaspor hərəkatı indi də uğurla davam etdirilir. Bu gün Azərbaycan diasporunun geniş yayıldığı və fəal olduğu ölkələrdən biri də Rusiya Federasiyasıdır. Düz 14 il öncə, yəni 2001-ci il martın 5-də Moskva şəhərində Ümummilli lider Heydər Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəstəyi ilə Ümumrusiya Azərbaycan Konqresi təsis edildi. Hər iki dövlət başçılarının "Ümumrusiya Azərbaycan Konqresinin" ilk təsis qurultayında iştirakı Rusiya Federasiyasında Azərbaycan diasporasının yaranmasına olan böyük diqqətinin göstəricisi idi. Ümumrusiya Azərbaycan Konqresinin əsas məqsədi Rusiya Federasiyasına gəlmiş həmvətənlərinə bu ölkənin mədəniyyətinə və ənənələrinə, yerli qanunlara, həyat tərzinə və şərtlərinə tədricən uyğunlaşmağa köməklik göstərmək, Rusiya yaşayan azərbaycanlılarının hüquq və sosial problemlərinin qorunmasına, onların etnik-mədəni tələbatlarının təmin edilməsinə, milli mədəni ənənələrimizin qorunub saxlanmasına və digər məsələlərə diqqət ayırmaqdır. Vətəndən uzaqda yaşamağımıza baxmayaraq, bizlər də hər zaman Azərbaycanın milli maraqlarını, adət ənənələrimizi qoruyub saxlanmasına, dövlət səviyyəli günlərimizi tədbir şəklində qeyd etməyə calışmışıq. Belə bir tədbirlərdən birində, Moskva Vilayətinin İstra şəhərində 31 mart Azərbaycanlıların Soyqırım Günü qeyd olunurdu. Həmin tədbirdə ətraflı cıxışımdan sonra, İstrada yaşayan həmvətənlərimiz təşəbbüs irəli sürdülər ki, yaşadığımız rayonda "Ümumrusiya Azərbaycan Konqresinin" yerli şöbəsini təsis edək. Beləliklə, 2015 il, aprel ayının 9-da ilk təsis iclasımız keçirildi və həmin iclasda "Ümumrusiya Azərbaycan Konqresinin" İstra rayon yerli şöbəsinin yaranmasına qərar verildi. Təsis iclasında açıq səsvermə yolu ilə, yekdilliklə Ümumrusiya Azərbaycan Konqresinin İstra rayon yerli şöbəsinin sədri seçildim. ÜAK-ın İstra rayon yerli şöbəsi 2015-ci il, iyulun 15-də Moskva Vilayətinin Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçib. Əsas məqsədimiz - İstra rayonunda yaşayan azərbaycanlıların hüquq və sosial problemlərinin qorunmasına, milli mədəni ənənələrimizin qorunub saxlanmasına, milli mədəniyyətimizin təbliği, İstra rayonunda yaşayan azərbaycanlıları Rusiya cəmiyyətinə inteqrasiya etmək, maarifləndirmə işlərinin aparılması, İstrada anadan olan azərbaycanlılarda vətənpərvərlik ruhunun yüksəldilməsi, gənc soydaşlarımızın Rusiyanın elit təhsil müəssisələrində təhsil almasına yardım etmək və s.dir.

-Cari ilin sonuna qədər yerli rayon şöbəsi olaraq hansı tədbirlər keçirməyi düşünürsünüz?

-"Ümumrusiya Azərbaycan Konqresinin" İstra rayon yerli şöbəsinin sentyabr ayında bir neçə tədbiri nəzərdə tutulub. Belə ki, sentyabr ayının 10-da İstra rayonundakı Qocalar evində görüş keçiriləcək. Sentyabrın 25-də isə İstra rayonunda fəailyyət göstərən bütün ictimai təşkilatlar, həmcinin rayon və şəhər Administrasiya rəhbər işçilərinin, eləcə də "Ümumrusiya Azərbaycan Konqresinin" rəhbərlərinin iştirakı ilə təşkilatımızın təqdimat mərasimi olacaq. Oktyabr ayında yeni yaradılmış "VAK-İSTRA" futbol klubumuzun futbol üzrə İstra yerli çempionatında iştirakı nəzərdə tutulub.  Nəzərinizə çatdırım ki, futbol klubumuzun tərkibi əsasən azərbaycanlılardan ibarətdir. Oktyabr ayının 12-də isə İstra rayonundakı uşaq evində görüşümüz planlaşdırılıb. Bundan əlavə, 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü, 17 noyabr Milli Dirçəliş günü, Qurban bayramı, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını da qeyd edəcəyik.

-Ümumiyyətlə, yaşadığınız bölgədə təxminən nə qədər azərbaycanlı yaşayır və azərbaycanlıların əsas məşğuliyyəti nədən ibarətdir?

-Qeyri-rəsmi mənbələrə görə Moskva Vilayətinin İstra rayonunda təxminən 1500 nəfər azərbaycanlı yaşayır. Bunlardan 45 faizi gənclərdən ibarətdir. Onların arasında həkim, jurnalist, tələbələr, idmancılar var. Ancaq gənclərin əksəriyyəti orta və kiçik bizneslə məşğuldurlar.

-Bəs, siz özünüz nə zamandan Azərbaycandan kənardasınız və bu gün başlıca məşğuliyyətiniz nədən ibarətdir?

-Qardaşım Elmir Əliyevin dəvəti ilə 2008-ci ildən Moskva Vilayətinin İstra şəhərində yaşayıram. Hazırda əsas fəaliyyətim yuxarıda qeyd etdiyim kimi, "Ümumrusiya Azərbaycan Konqresinin İstra rayon yerli şöbəsinin sədri vəzifəsindən ibarətdir. Bundan əlavə bizneslə də məşğul oluram. Nəzərinizə çatdırmaq istəyirəm ki, qardaşım Elmir Tariyel oğlu Əliyev Kikboks üzrə dünya çempionu, Dunya və Avropa Kubokunun sahibidir. O, bir çox beynəlxalq turnirlərinin qalibidir, Rusiya çempionudur. Hazırda "Alliqator" idman cəmiyyətinin prezidentidir, məşqçi kimi fəaliyyətini davam etdirir.

-Siz eyni zamanda bir diaspor nümayəndəsi hesab edilirsiniz. Necə düşünürsünüz, bu gün Rusiyada Azərbaycan diasporu kifayət qədər güclüdürmü?

-Hazırda Rusiyada fəaliyyət göstərən bir neçə nüfuzlu diaspor təşkilatları var. Bunlardan Ümumrusiya Azərbaycan Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatını qeyd etmək istərdim. Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporasının bu günkü durumunu ümumilikdə yüksək qiymətləndirmək olar. Çünki, keçən illərə nisbətən Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları yeni mərhələyə qədəm qoyublar. Bu da Azərbaycan diasporasına yeni nəfəs gətirən, gənclərin bu sahədə fəallığının artırılmasına nail olan diaspor nümayəndələrindən biri Leyla Əliyevanın adı ilə bağlıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatını sədri Leyla Əliyeva Azərbaycan mədəniyyətinin Rusiyada təbliği və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər aparır. Dağlıq Qarabağ kimi ağrılı problemimizin dünya ictimaiyyətinə çatdırılmasında Leyla Əliyevanın danılmaz rolu var. Buda qürurverici bir haldır.

-Sizcə diasporamızın daha da güclənməsi üçün nə etmək lazımdır, hansı işlər görülməlidir?

-Hazırda güclü təşkilatların olması, dövrün tələbidir. Hesab edirəm ki, Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatları güclərini birləşdirməlidirlər və birlikdə hərəkət etməlidirlər. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulamışdır ki, bizim gücümüz birliyimizdədir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31