Ortaq türkçə ideyası reallaşır - MÜSAHİBƏ
2 Oktyabr 2012 17:05 MüsahibəMübariz Aşırlı: "Tezliklə bununla bağlı konkret qərar qəbul ediləcək"
"Müasir İnkişaf" İctimai Birliyi İdarə Heyətinin sədri Mübariz Göyüşlünün "Olaylar"a müsahibəsi...
- Dünya Türklərinin Həmrəylik Gününün təsis olunmasının tarixi barədə nə deyə bilərsiniz?
- İlk öncə qəzetinizin oxucularını və bütün Türk Dünyasını qarşıdan gələn 3 oktyabr Dünya Türklərinin Həmrəylik Günü münasibətilə təbrik edirəm. Məlumat üçün bildirim ki, türk dövlət başçılarının 16 sentyabr 2010-cu il tarixdə İstanbulda keçirilən toplantısının yekun Bəyannaməsinin 57-ci maddəsində Türk Dövlətlərinin Əməkdaşlığı Günü, yəni Dünya Türklərinin Həmrəylik Günü təsis olunub. Dövlət başçıları 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvanda Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılmasına dair "Naxçıvan Bəyannaməsi"nin imzalanmasının ildönümü münasibətilə Həmrəylik Gününü təsis ediblər. Məsələnin maraqlı cəhəti burasındadır ki, Əməkdaşlıq Şurasında dörd türk dövləti təmsil olunduğu halda, İstanbul Bəyannaməsi imzalanan toplantıda Türkmənistanın dövlət başçısı da iştirak etmişdir. Bizim təşkilat isə 2006-cı ildən Dünya Türklərinin Həmrəylik Gününün təsis olunması ilə bağlı kampaniya aparırdı. O zaman sizin qəzet də daxil olmaqla əksər KİV-lər, təşkilatlar, ziyalılar, millət vəkilləri bu işə dəstək verdilər. Nəticədə bu təklifimiz Türkiyədəki Türk Ocaqları, Avrasiya Yazarlar Birliyi kimi sanballı təşkilatların da dəstək verməsi nəticəsində 2010-cu ildə həyata keçdi. Ona görə də hər il bu bayramı qeyd etməyə çalışırıq. Bu il də 3 oktyabrda bu bayramı geniş şəkildə, vətənpərvər mahnıların mahir ifaçıları ilə bir yerdə qeyd edəcəyik.
- Türk Dünyası QHT-lər Birliyinin yaradılması münasibətilə keçirəcəyiniz tədbirdə nəyə nail olmaq niyyətindəsiniz?
- Hazırkı situasiyada Türk Dünyasında rəsmi səviyyədə, dövlətlər arasında əməkdaşlıq güclənməkdədir. Mən xüsusilə Bişkekdə bu ilin 23 avqustunda keçirilən toplantını, qəbul edilən qərarları da qeyd etmək istərdim. Bu da öz növbəsində ictimai sahədə, QHT sektoru istiqamətində də əlaqələrin qurulmasına, təşkilatlanmanın getməsini zəruri edir. Bununla əlaqədar indiyə kimi həm Türkiyədə, həm də Azərbaycanda müxtəlif çalışmalar, fəaliyyətlər olubdur. Ən geniş işlər QHT-lərə Dövlət Dəstəyi Şurası və Milli QHT Forumunun cəhdləri ilə olub. Lakin bu fəaliyyətlər konkret sonuca vara bilməyibdir. Hesab edirik ki, bütün bu amillər məsələyə rəsmi səviyyədə diqqəti vacib edir. 2 oktyabrda keçirəcəyimiz tədbridə bütün bu məqamları müzakirə etməyə, gələcəkdə görülməsi vacib olan işlərin əks olunduğu bir sənəd hazırlamağa və dövlət başçılarına, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasına, Türk Dövlətlərinin Parlament Assambleyasına göndərməyə çalışacağıq. Niyyətimiz bu ideyanı rəsmi strukturların gündəminə daşımaq, onların birbaşa müdaxiləsi ilə gələcəkdə Türk Dünyası QHT-lər Birliyinin yaradılmasına çalışmaqdır.
- Ortaq Türk Əlifbası, Ortaq Türk Ədəbi Dili ilə bağlı başltdığınız kampniya nə yerdədir?
- 2010-cu ilin sentyabr ayında bu mövzuyla bağlı türk dövlət başçılarına ünvanlanan bir Müraciət hazırladıq və bu günə artıq bu sənədi həm Azərbaycandan, həm Türkiyədən 100-dən artıq təşkilat, KİV, siyasi partiya təmsilçisi, millət vəkili imzalayıb. Kampaniya davam edir. Bəzən bizim bu fəaliyyətimizdən xəbər tutan şəxslər elə düşünürlər ki, niyyətimiz yeni əlifba, yaxud da yeni dil yaratmaqdır. Bizim niyyətimiz Ortaq Türk Əlifbası və Ortaq Türk Ədəbi Dili ilə bağlı məsələni gündəmə daşımaq, onun diqqət mərkəzində olmasına çalışmaq, daha sonra isə mütəxəssislərin rəyi ilə siyasətçilərin yekun bir varianta qərar verməsidir. Diqqət edirsinizsə hazırda türk dövlətlərində bu istiqamətdə həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə müzakirələr gedir. Hətta Azərbaycanda müzakirələr o qədər irəli gedib ki, əlifbamızda belə müəyyən dəyişikliklərdən söhbət açılır. Mən deyə bilmərəm burada nə düz, nə yanlışdır. Əsas odur ki, bu ideya diqqət mərkəzindədir. İnanıram ki, tezliklə bununla bağlı da konkret qərar qəbul ediləcək.
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni loqosunun müəyyən edilməsi üçün elan edilən Müsabiqənin təşkilatçısı olaraq bu barədə nə deyə bilərsiniz?
- Bu Müsabiqə Komitənin yeni sədri Elşad İskəndərovun Azərbaycanda dövlət orqanı və QHT arasında əməkdaşlıq istiqamətində ilk və cəsarətli addımı atdığının göstəricisidir. Bundan başqa bu işdə maraqlı digər bir nüans orada iştirak yaşının 35 olması və faktiki olaraq gənclərin bu işə həvəsləndirilməsidir. Müsabiqənin bizim təşkilata həvalə edilməsinə, bu addımı ilə yeni bir ənənənin əsasını qoyduğuna görə Elşad müəllimə minnətdarlığımı bildirirəm. Oktyabrın 5-ə qədər davam edəcək müsabiqə barədə məlumat almaq, orada iştirak etmək istəyənlər uluturk.info saytına daxil ola bilərlər.
- Digər fəaliyyətləriniz nə yerdədir?
- Bu il 7 yaşını qeyd etmiş təşkilatımız yay tətilindən sonra fəaliyyətini yenidən aktivləşdirib. "Türk Eli" jurnalının 13-cü sayının çapına hazırlaşırıq. Bununla yanaşı jurnalın ayrıca saytını hazırlayırıq. İlin sonuna qədər onu bitirmək istəyirik. Bildiyiniz kimi Gürcüstanın Qardabani bölgəsində təmsilçiliyimizi yaratmışıq. Hazırda Fransanın Strasburq şəhərində də Təmsilçiliyimizi açmaq üçün cəhdlərimizi davam etdiririk. Bununla yanaşı gündəmimizdə regionlara səfərlər etmək və orada da Nümayəndəliklərimizi açmaq var. Tələbə gənclərlə, şagirdlərlə görüşlər keçirmək, universitet auditoriyalarında, orta məktəblərdə tədbirlər təşkil etmək üçün bir neçə il fəaliyyət göstərmiş "Türk-İslam Dünyası" Diskussiya Klubunun bazası üzərində "Vətənpərvər Gənclər" Klubu yaratdıq. Oktyabr ayından etibarən bu tədbirləri keçirəcəyik. Bundan başqa "Milli Tərəqqi Uğrunda" İctimai Koalisiyanın və "Türk-İslam" Araşdırma Mərkəzinin də tədbirləri və görəcəyi işlərin tezliklə şahidi olacaqsınız.
Aydın
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31