“İŞİD-in Türkiyə ilə bağlı çağırışları cəfəngiyyatdır”
Arzu Nağıyev: “Türkiyə Ordusu İŞİD-i bir neçə aya, üç-dörd həmlə ilə məhv edə bilər”
19 Avqust 2015 14:21 Müsahibəİyunun 7-də keçirilən parlament seçkilərindən keçən müddət ərzində Türkiyədə yeni hökumət kabinetinin formalaşmasının mümkünsüz olması erkən seçimləri qaçılmaz edib. Artıq Türkiyədə erkən seçimlərin keçirilməsi məsələsi gündəmin əsas mövzusuna çevrilib. Lakin hazırda həm daxildə, həm də beynəlxalq və regonal müstəvidə ciddi problemlərlə üzləşən Türkiyənin erkən seçimlər keçirə biləcəyi heç də asan görünmür. Elə əksər ekspertlər də bu qənaətdədirlər. Bəs görəsən qardaş ölkədə bundan sonrakı proseslər hansı məcrada inkişaf edəcək? Bu və ya digər məsələlərlə bağlı siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.
-Arzu müəllim, görünən odur ki, Türkiyə yenidən erkən seçimə gedəcək. Bu seçki Türkiyənin daxili siyasi həyatına necə təsir göstərəcək?
-Ümumiyyətlə Türkiyədə yenidən seçkilərin keçirilməsi çox da inandırıcı görünmür. Çünki bu gün Türkiyədə siyasi və hərbi vəziyyət o dərəcədə gərgindir ki, noyabr ayının 20-si ərəfəsində bu seçkilərin bütün ölkə ərazisində keçirilə biləcəyi real deyil. Hətta erkən seçki keçirilsə belə PKK-nı dəstəkləyən qurumlar və daha doğrusu siyasi partiyalar onun qeyri-legitimliyi ilə bağlı bəyanatlar səsləndirəcəklər.
-Sizcə, Ədalət və İnkişaf Partiyası (AKP) bu seçkilərdə çoxluğu əldə edib hökuməti təkbaşına formalaşdıra biləcəkmi?
-Bu da inandırıcı görünmür. Çünki ilk seçkilərdə AKP o qədər də güclü görünmürdü və ona görə də hökuməti formalaşdıra biləcək qədər səs toplaya bilmədi. PKK-ya və İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlarla reytinq qaldırmağa çalışsalar da, müsbət bir irəliləyiş əldə edilmədi. Məhz buna görə də AKP seçkilərdən çoxluqla çıxa bilsə, yəqin ki, yenə də koalisiya yaratmalı olacaq.
-Bu arada İŞİD-in İstanbulu fəth etmək çağırışını necə dəyərləndirirsiniz və Türkiyəni sarsıltmaq mümkün olacaqmı?
-İŞİD-in Türkiyə ilə bağlı çağırışları cəfəngiyyatdır. Türkiyə Ordusu İŞİD-i bir neçə aya, üç-dörd həmlə ilə məhv edə bilər. Türkiyə nə İraq, nə Suriya, nə də məzhəb ayrıseçkiliyi ilə bir-birinə düşmən olan ərəb ölkələri deyil. Türkiyə ən döyüşkən ordusu olmaqla, eyni zamanda NATO-nun üzvüdür.
-Bu proseslıər Türkiyəni iqtisadi baxımdan nə dərəcədə geri salacaq?
-Bu baxımdan stabillik Türkiyə üçün ən əhəmiyyətli faktor olmalıdır. Düzdür, bu gün bu sahələrə böyük təsir olmasa da statistik rəqəmlər bunun əksini göstərir. Məhz buna görə tezliklə seçkilərin keçirilməsi, hökumətin formalaşması və müvafiq qərarların qəbul edilməsi zəruri və təxirəsalınmaz məsələ olmalıdır.
Süleyman İsmayılbəyli