“Seçkilər Azərbaycan tarixində mühüm rol oynayacaq”

Ramil Hüseynov: “Biz daha çox haqqı, şansı olan namizədlərin partiyalar tərəfindən biri birilərinə güzəştə getməsini arzulayırıq”

Parlament seçkiləri yaxınlaşdıqca müxalifət düşərgəsində hərəkətlilik artır. Seçkilərə ciddi şəkildə hazırlaşan partiyalardan biri də Vətəndaş və İnkişaf Partiyasıdır. Partiyanın seçki hazırlıqları və qarşıda duran vəzifələrlə bağlı VİP-in sədr müavini Ramil Hüseynovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə VİP rəsmisi təmsil etdiyi partiyanın da üzv olduğu "Azadlıq-2015" seçki blokunun fəaliyyət istiqamətlərindən də danışıb.

-Ramil bəy, Vətəndaş və İnkişaf Partiyası seçki hazırlıqları istiqamətində hansı işlər görür və partiya seçkidə neçə namizədlə iştirak edəcək?

-Partiya daxilində seçki hazırlıqları yekunlaşmaq üzrədir. Artıq partiya tərəfindən namizədliyi irəli sürüləcək bütün namizədlərlə fərdi söhbətlərimiz olub. Yerlərdə namizədlərimizin imkanları, o cümlədən şansları araşdırılıb. Belə qənaətə gəlinib ki, mərkəzi aparat tərəfindən 65-70 nəfərin namizədliyini irəli sürə bilərik. Amma onu da qeyd edim ki, seçki marafonuna qoşulan partiya üzvlərimiz və dəstəkləyə biləcəyimiz tərəfdarlarımızın arasından 25-30 namizəd real qələbə qazanmağa qadirdir.

-"Azadlıq-2015" seçki bloku ilə əməkdaşlıq hansı çərçivədədir və blok seçkiyə birgə gedə bilərmi?

-"Azadlıq-2015" seçki bloku artıq qanunvericilikdən irəli gələn tələblərə uygun olaraq sənədlərin hazırlanması, razılaşdırılmış namizədlərimizin daxili qaydalara uygun olaraq blokun mərkəzi qərargahı tərəfindən şəxsi arxivinin yaradılması, formaların hazırlanması mərhələsindədir. Blok artıq 60 namizədin seçkidə iştrakına razılıq verib. Digər razılaşdırılmamış dairələr növbəti toplantılarda müzakirə olunacaq. Daha çox şanslı namizədlər blok tərəfindən dəstəklənəcək. Nəzərdə tutmuşuq ki, hansı dairələrdə mübahisəli namizədlərimiz var, onlarla blokun Sədrlər Şurası görüş keçirəcək və obyektiv qərarlar qəbul olunacaq. Düşünürəm ki, burada elə bir ciddi problem yaranmayacaq. Ümumilikdə isə blokda seçki ilə bağlı artıq bütün qurumlar növbəti həftədən etibarən tam gücü ilə fəaliyyətə başlayacaq. Blokda elə bir anlaşılmayan məsələ qalmayıb ki, blok seçkiyə birgə getməsin.

-Vətəndaş və İnkişaf Partiyası ikitərəfli və ya çoxtərəfli formatda əməkdaşlıq etmədiyi partiyalara hansısa dairədən güzəşt edə bilərmi?

-Təbii. Biz daha çox haqqı, şansı olan namizədlərin partiyalar tərəfindən biri birilərinə güzəştə getməsini arzulayırıq.

-Azərbaycan Demokrat Partiyasının yeni seçki blokunun yaradılması təşəbbüsünü VİP necə qarşılayır və geniş formatda birgə əməkdaşlıq mümkündürmü?

-Əgər belə bir təklif olsa təbii ki, blok tərəfindən müzakirə ediləcək və müvafiq qərar veriləcək. Onu deyə bilərəm ki, VİP olaraq bizim adını qeyd etdiyiniz partiya ilə munasibətlərimiz normaldı. Sərdar bəy də mənim şəxsən hörmət etdiyim siyasilərdən biridir.

-Ümumiyyətlə, parlament seçkilərindən gözləntiləriniz nədir?

-Ümumilikdə güman edirəm ki, bu seçkilər Azərbaycan tarixində mühüm rol oynayacaq.  İndiki dünya düzənini nəzərdən keçirsək, həqiqətən görərik ki, dunya dövlətləri çox mürəkkəb bir mərhələyə daxil olub.  O baxımdan bu seçkilərə ciddi şəkildə, ölçülu biçili münasibət sərgilənməlidir. Parlamentdə deputatların çox hissəsi sadəcə parlament kreslosunda oturmaqla işlərini bitmiş sayır. Bu çox acınacaqlı haldır. Bu kimi insanların parlamentdə oturmağı düşünürəm ki, lüzumsuzdur. Parlamentarilərin işi qanunvericiliyi təkimilləşdirmək, seçildiyi dairədə vətəndaşlarımızın problemlərin ali tribunadan səsləndirmək və dövlət qarşısında həmin məsələlərin həlli yolları haqqında mövqe ifadə etməkdir.  O cümlədən beynəlxaq tribunalarda dövlətimizi, millətimizi layiqincə təmsil etməkdir. Güman edirəm ki, növbəti seçkilərdə xalqımız bu cür lazımsız insanlara mandat verməyəcək. Ümumiyyətlə, bu gün ölkədə bir mənfi tendensiya müşahidə edilir. Hər hansı bir sahədə baş verən problemin aradan qaldırılması zamanı, yaxud ölkənin təhlükəsizliyi ilə bağlı məsələyə müdaxilə ərəfəsində bir fikir səsləndirilir ki, ölkə prezidenti tapşırıq verəndən sonra problem həll edildi.  Məgər cənab prezident tapşırmasa siz bunu etməməlisiniz? Axı bu sizin vəzifə borcunuzdur. Belə çıxır ki, ölkədə ancaq prezident işləyir. Onda siz nə üçünsünüz, nəyə və kimə lazımsınız? Ancaq hesab edirəm ki, Azərbaycanda 20 ildən çoxdur ki, vicdanla işləyən nazirlərimiz də var.

Süleyman 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31