Müxalifətin yaxşı göstəricilərindən danışmaq mümkün deyil
Mütəllim Rəhimli: “Regionda destabilliyin yaradılması istiqamətində səylər edildiyi görünür”
30 İyul 2015 14:11 MüsahibəArtıq bir aydan sonra parlament seçkilərinə rəsmən start veriləcək. Sentyabrın 1-dən başlanacaq seçki kampaniyasında hələlik hansı siyasi qüvvələrin, partiyaların iştirak edəcəyi tam müəyyən deyil. Yalnız hakim Yeni Azərbaycan Partiyası, eləcə də bir neçə müxalifət partiyası parlament seçkilərində iştirak edəcəyini rəsmi olaraq bəyan edib. Lakin bir çox siyasi təşkilatlar seçkilərlə bağlı rəsmi mövqe açıqlamayıblar. Belə partiyalardan biri də Ədalət Partiyasıdır. Partiyanın sədr müavini Mütəllim Rəhimli ilə söhbətimizdə bunun səbəbi, ümumiyyətlə partiyada mövcud olan seçki ab-havası barədə danışdıq. "OLAYLAR"-a verdiyi müsahibədə Mütəllim Rəhimli müxalifət düşərgəsində bu istiqamətdə olan vəziyyət, seçki ərəfəsində müxalif düşərgənin mümkün əməkdaşlıq imkanları barədə də sualları cavablandırıb.
-Mütəllim bəy, Ədalət Partiyası parlament seçkilərinə hazırlıq istiqamətində hansı işlər görür və partiya seçkidə təxminən neçə namizədlə iştirak edəcək?
-Təxminən bir ay sonra ölkəmizdə seçicilərin ən çox fəallıq göstərdiyi parlament seçkilərinə start veriləcək. Siyasi qüvvələr də bu seçkilərdə aktiv iştirak edirlər. Lakin nədənsə hələ nə cəmiyyətdə, nə də siyasi müstəvidə seçki ab-havası hiss olunmur. Bu indiyədək müşahidə olunmayan bir situasiyadır. Belə görünür ki, seçkilərə hazırlaşmaqda bir gecikmə müşahidə olunmaqdadır. Məlumat üçün qeyd edim ki, Ədalət Partiyası parlament seçkilərində iştirakla bağlı rəsmi qərar verməyib. Avqust ayının sonlarında partiyanın Ali Məclisi toplaşacaq və bu məsələyə münasibətini bildirəcək. Bununla belə partiya daxilində seçkilərdə iştirak etməklə bağlı bir təşəbbüsün olduğunu söyləmək olar. Hazırda seçkilərdə iştirak etmək istəyən namizədlərin müraciətləri qəbul olunmaqdadır.
-Partiya bu seçkidə fərqli texnologiya və üsullardan, təbliğat kampaniyasından iştirak edəcəkmi?
- Builki parlament seçkiləri ilə bağlı proqnozlar vermək çox çətindir. Çünki ictimai rəydə seçkilərə münasibətdə bir passivlik müşahidə olunur. Proporsional sistem olmadığından da partiyalar seçki kompaniyasına qoşularaq öz platforma və ideyalarını təbliğ edə bilmirlər. Demək olar ki, seçkilərdə mübarizə partiyalar arasında deyil, namizədlər arasında gedir. Ona görə də biz partiyaların yox, namizədlərin seçki texnologiyalarından danışa bilərik. Bu isə demək olar ki, seçkilərin taleyinə təsir edə bilmir. Çünki namizədlər yalnız bir seçki dairəsində təbliğat apara bilirlər.
-Ümumiyyətlə, gözləntiləriniz nədir və müxalifət seçkilərdən əvvəlki illərdə olduğu kimi məğlubiyyətlə çıxacaq, yoxsa hansısa uğur gözləniləndir?
-Məsələyə indiki durumdan baxsaq müxalifətin yaxşı göstəricilərindən danışmaq mümkün deyil. Lakin bu təkcə müxalifətin məğlubiyyəti hesab olunmamalıdır. Ölkəmizin uğurlu gələcəyi və sabahı naminə çalışılmalıdır ki, cəmiyyətin seçki biganəliyi aradan qalxsın və fərqli düşüncə sahibləri parlamentə düşsünlər.
-Ümumilikdə, müxalifətin seçkilərə hazırlıq prosesini necə dəyərləndirirsiniz?
- Mən nə iqtidar, nə də müxalifət düşərgəsində ciddi seçki hazırlıqları müşahidə etmirəm. Seçkilərin yalnız mojaritar qaydada keçirilməsi də partiyaların ikinci plana keçməsinə, namizədlərin fovaritə çevrilməsinə səbəb olub. Təəssüf ki, namizədlərin də fəallığı yoxdur. Maraqlıdır, bu biganəliyin arxasında nə dayanır və namizədlər nəyə ümidlidir.
-Hər seçkidə olduğu kimi bu seçkilərdə də müəyyən xarici dairələrin seçkilərə, ölkədəki siyasi duruma təsir etmə imkanları işə düşə bilərmi?
- Regionda destabilliyin yaradılması istiqamətində səylər edildiyi görünür. Azərbaycan da bu haldan sığortlanmayıb. Xüsusilə seçkilər zamanı cəmiyyətin bütövlüyü və birliyi zəiflədiyindən xarici qüvvələr bundan daha çox istifadə etməyə çalışırlar. Ancaq inandırıcı deyil ki, ölkəmizdə xarici maraqlı qüvvələr situasiyaya nəzarəti ələ ala bilsinlər. Onların gəlcəkdə də müdaxilə imkanlarının qarşısını almaq üçün çalışılmalıdır ki, seçkilər maksimum demokratik keçirilsin.
Süleyman