Cəmiyyət radikal siyasəti dəstəkləmir
Niyaməddin Orduxanlı: “Bu seçkidə nə Əli Kərimli, nə də dağılmış vəziyyətdə olan Müsavat Partiyasının hər hansı bir uğur qazanacağına inanmıram”
27 İyul 2015 15:00 Müsahibə"Sanki Əli Kərimli bir QHT sədridir və yeni bir layihə hazırlayır-"Parlament seçkiləri-2015"
Parlament seçkiləri ərəfəsində Milli Şura adlanan qurumda bir hərəkətlilik müşahidə edilməkdədir. Bu günlərdə növbəti toplantısını keçirən qurumun əsas mövzu kimi məhz seçkiləri müzakirə etməsi belə bir fikir formalaşdırıb ki, Milli Şura seçki ərəfəsində aktivlik göstərməklə əslində Azərbaycanda müəyyən maraqları olan xarici dairələrə özünü təqdim edir. Bəs görəsən hansısa xarici dairələr Azərbaycanda öz maraqlarını təmin etmək üçün Milli Şura adlı qurumdan bir vasitə kimi istifadə edərlərmi? Bu və ya digər suallarla müraciət etdiyimiz Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, özünə hörmət edən hansısa təşkilat və ya qurum Milli Şura adlı cılız bir təşkilatla əməkdaşlıq etməz. BAXCP rəsmisi "OLAYLAR"-a verdiyi müsahibədə ölkədəki seçkiqabağı vəziyyətdən də danışıb.
-Niyaməddin bəy, parlament seçkiləri ərəfəsində Milli Şuranın özünü aktiv göstərməsi, bu günlərdə toplantı keçirməsi seçki zamanı Azərbaycanda maraqlarını təmin etmək istəyən xarici güclərə bir mesaj, özünü təqdimetmə sayıla bilərmi?
-Əvvəla ondan başlayaq ki, həmin "Milli Şura"nın keçirdiyi toplantının özləri tərəfindən mətbuatda yaydığı şəkilləri və video görüntünü müşahidə etdim. Həmin iclasda cəmi 20-25 adam iştirak edirdi. Bunun adını Əli Kərimli "parlament seçkiləri qabağı müzakirə" adlandırır. 2013-cü ildə Rüstəm İbrahimbəyov bu qurumu yaradanda bütün radikal siyasi düşüncəli şəxslərlə birlikdə 130 nəfər idi. Bura daxil idi Müsavat Partiyası, Rəsul Quliyevin Partiyası, Lalə Şövkət, Mirmahmud Mirəlioğlu və digərləri. Adını çəkdiyim şəxslərin hamısı seçkidən dərhal sonra qurumu tərk etdilər. Böyük əksəriyyəti istefa verdi. İndi orda qalıb Əli Kərimli , Cəmil Həsənli və Gültəkin Hacıbəyli. 21 nəfərlə iclas keçirməsi də bu səbəbdəndir. Belə bir siyasi qüvvənin hansı potensalı və gücü var ki, seçki kampaniyası keçirsinlər. Parlament seçkiləri məsuliyyətli seçkidir. Bunlar yalnız görüntü məqsədi ilə özlərini xarici qüvvələrə təqdim etmək niyyətindədilər. Azərbaycana qarşı antikampaniya aparan xarici qurumlarla əməkdaşlığa çan atırlar. Seçki zamanı Əli Kərimli maddi vəsait qazanmaq niyyətindədir. Sanki Əli Kərimli bir QHT sədridir və yeni layihə hazırlayıb- "Parlament seçkiləri 2015". Məqsəd də pul qazanmaqdır. Yəni həmin o xarici təşkilatlardan bunun layihəsinə vəsait ayrılmasını güdür. Tam məsuliyyətlə deyirəm ki, bu qurum 125 nəfər peşəkar siyasətçi ətrafında toparlayıb namizədliyini irəli sürə bilməz. Əli Kərimlinin yanında kimlər qalıb? Geniş siyasi təcrübəsi olan adamların hamısı Əli Kərimlidən imtina ediblər. Baxın, ən sonuncu istefa verib gedən Əli Kərimlinin müavini Əbülfəz Qurbanlıdır. Bu da Əli Kərimlinin yanına son illərdə gələn adamdır. Özü də çox gənc idi. Əbülfəz Qurbanlı bir müddət siyasi təcrübə toplayandan sonra mümkün deyildi ki, Əli Kərimlinin yanında qalsın. Bu gün Əli Kərimli ancaq təcrübəsiz gənclərlə işləməyə üstünlük verir. Bilirsiniz ki, gənclik bir az emosional, çılığın olur. Gənclər əvvəl baxır ki, Əli Kərimli də çıxışlarını bu müstəvi də qurur. Və bu səbəbdən də bəzi təcrübəsiz gənclər Əli Kərimlinin bu şablon çıxışlarına aldanırlar. Daha sonra isə, qeyd etdiyim kimi siyasi təcrübə toplayan kimi onun əsl simasını görürlər. Və bundan sonra mümkün deyil ki, Əli Kərimli ilə birgə addımlasınlar. O, təcrübəsiz gənclərə dediyim odur ki, fikirləşin ki, niyə Əli Kərimli yeganə sədrdir ki, kimi özünə müavin təyin edir, bir müddətdən sonra həmin şəxslər ondan imtina edirlər, istefa verirlər.
-Ümumiyyətlə, Milli Şuranın seçki ərəfəsində siyasi sabitliyi pozmağa cəhdi gözləniləndirmi?
-Əli Kərimli hakimiyyətdən xəyanətinə görə qovulduğu gündən, bu günə qədər bütün imkanlarını işə salır ki, ölkədə siyasi sabitlik pozulsun. Bu, Əli Kərimlinin deyərdim ki, yuxuda da görmək istəyi arzudur. Bu dəfə də Əli Kərimli bütün imkanlarını işə salacaq ki, sabitlik pozulsun. Ancaq unudur ki, Azərbaycan xalqı siyasi sabitliyin pozulmasının xalqa necə baha başa gəlməsini çox yaxşı bilir. Ərəb ölkələrində və qonşu ölkələrdə baş verən hadisələri xalqımız acıq-aşkar analiz edir. İstənilən ölkədə sabitliyin pozulması özbaşınalığa, dağıntıya, quldur dəstələrinin yaranması anlamına gəlir. Ona görə də, kim ölkədə sabitliyin pozulmasını belə arzulayırsa, o, bu xalqın düşmənidir.
-Bu arada prezidentlə görüşdən sonra Rauf Arifoğluna qarşı artan təzyiqləri necə dəyərləndirirsiniz və Rauf Arifoğlunun Müsavatdan uzaqlaşması bu partiya üçün nə dərəcədə ciddi itgi olacaq?
-Əli Kərimlinin Rauf Arifoğluna olan hucum kampaniyası prezidentlə görüşdən çox xeyli əvvələ təsadüf edir. Uzun müddətdir ki, bu iki şəxs arasında mübarizə pik həddə çatıb. Bir-birinə qarşı pataloji nifrət hökm sürür. Cənab prezidentin Rauf Arifoğlunu medalla təltif etməsi, guya Əli Kərimlinin əlinə ciddi "arqument" verməsi mənasına gəlib. Ancaq bir Əli Kərimliyə deyən lazımdır ki, əgər Azərbaycan Respiblikasının prezidenti cənab İlham Əliyevdən medal almaq "günahdırsa" bu təltifi bir neçə il qabaq Əli Kərimlinin rəhbərlik etidyi "Azadlıq" qəzetinin əməkdaşları da alıb. Birbaşa Əli Kərimlinin qəzeti olan "Azadlıq"a prezident iki ev verib. Son illərdə üst-üstə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azadlıq" qəzetinə 400 000 manat vəsait ayırıb. Niyə Əli Kərimli bunları qəbul edib?.
-Sizcə, qarşıda Milli Şura və Müsavatı daha hansı sürprizlər gözləyir?
-Seçkiyə çox az vaxt qalıb. Mən adı çəkdiyiniz bu siyasi düşərgənin heç bir perspektivinə inanmıram. Bu seçkidə də nə Əli Kərimli, nə də dağılmış vəziyyətdə olan Müsavat Partiyasının hər hansı bir uğur qazanacağına inanmıram. Parlament seçkilərində müxalifət kimi konstruktiv partiyaların uğur qazanacağına inanıram və bu da olacaq. Çünki cəmiyyət radikal siyasəti dəstəkləmir.
Süleyman