Vergilər Nazirliyi beynəlxalq əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir
27 İyul 2015 14:50 MüsahibəVergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayevin müsahibəsi
- Orxan müəllim, vergi sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın səviyyəsini necə qiymətləndirərdiniz?
- Vergilər Nazirliyinin çoxşaxəli əməkdaşlıq spektrinə həm vergi orqanları, həm də qeydiyyat orqanları daxildir.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, belə demək mümkünsə, bizim ən mühüm tərəfdaşlarımızdandır. OECD-nin Katibliyinin tərkibinə daxil olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi (Center for Tax Policy and Administration CTPA) ilə əməkdaşlığın inkişaf etdirilməsi Vergilər Nazirliyi üçün prioritet istiqamətlərdən biridir. OECD-nin Ankara şəhərində yerləşən Çoxmilli Vergi Mərkəzində, eləcə də Vyana və Budapeştdəki Vergi mərkəzlərində 2015-ci ilin I yarımilində 6 müxtəlif mövzuya dair keçirilən seminarlarda Vergilər Nazirliyinin 7 əməkdaşı iştirak etmişdir. Bununla yanaşı, nazirliyin nümayəndələri OECD-nin Baş qərargahının yerləşdiyi Paris şəhərində keçirilən qlobal forumların, eləcə də vergi siyasəti və statistikası üzrə işçi qrupun iclaslarında iştirak edirlər. MDB ölkələri ilə beynəlxalq vergi münasibətləri, əsasən, Birlik iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurası və Vergi (maliyyə) təhqiqat orqanları rəhbərlərinin Koordinasiya Şurası ilə genişləndirilir. Korporativ Qeydiyyatçılar Forumu (Corporate Registers Forum - CRF) və Avropa Kommersiya Qeydiyyatçılarının Forumu (European Commerce Registers Forum - ECRF) kimi qeydiyyat orqanları ilə əməkdaşlıq beynəlxalq vergi münasibətlərinin əsas prioritetlərindən biridir. Vergilər Nazirliyinin əməkdaşı cari ilin 3-5 iyun tarixlərində İspaniya Krallığının Madrid şəhərində keçirilən Avropa Kommersiya Qeydiyyatçıları Forumunun Baş Assambleyası və 18-ci illik konfransında iştirak etmişdir. Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT) ilə də əməkdaşlıq münasibətləri genişləndirilir. CIAT-ın icraçı katibi Marsio Verdi cari ilin 9-10 fevral tarixlərində Bakıda keçirilən IV Vergi Forumunda iştirak etmişdir. Məhz qeyd edilən təşkilatla Vergilər Nazirliyinin münasibətlərinin yüksək səviyyədə olduğunun təzahürü kimi, bu ilin 28 sentyabr-1 oktyabr tarixlərində İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcək texniki konfransa Vergilər Nazirliyinin nümayəndəsi də dəvət olunmuşdur. İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ilə də əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Keçən ilin 6-7 noyabr tarixlərində Bakı şəhərində ECO-nun vergi orqanlarının nümayəndələri üçün "Vergi ödəyicilərinə xidmət" mövzusunda seminarı təşkil olunmuşdur. Seminarda 7 üzv ölkənin vergi administrasiyasının nümayəndələri iştirak etmiş, mövzu ilə bağlı müxtəlif təqdimatlar olunmuş, müzakirələr aparılmışdır.
- Vergilər Nazirliyi ayrı-ayrı ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsindən hansı səmərəni gözləyir?
- Vergilər Nazirliyi ikitərəfli münasibətlərin maksimum reallaşdırılmasında maraqlı olduğu üçün Avropa İttifaqı, MDB, eləcə də Asiya və Cənub-Şərqi Asiya ölkələri ilə sıx əməkdaşlıq əlaqələri yaradır. Ümumiyyətlə qeyd etmək istərdim ki, beynəlxalq vergi münasibətlərində ikitərəfli əməkdaşlığın perspektivlərinin artması ölkəmizin xarici iqtisadi fəaliyyətinin iştirakçılarının sayının genişlənməsi ilə bağlıdır. Zənnimcə, dövlətlərin sıx əməkdaşlığının əsasını onların iqtisadi inkişafındakı oxşarlıq, texnoloji təkamüllər, milli iqtisadiyyatların inkişaf səviyyəsi təşkil edir. Bu baxımdan, Vergilər Nazirliyinin üzv olduğu təşkilatlara daxil olan qabaqcıl Avropa ölkələri ilə səmərəli əməkdaşlığı ildən-ilə inkişaf edir. Əminəm ki, ölkələr arasında vergilər sahəsində ikitərəfli əməkdaşlıq, eləcə də ən yaxşı təcrübələrin mübadiləsi davamlı inkişafa nail olmaq üçün çox əhəmiyyətlidir.
- Vergilər Nazirliyi vergitutma sahəsində təcrübə mübadiləsinə böyük önəm verir. Qabaqcıl təcrübələrə malik olan dövlətlərin vergi orqanları əməkdaşları da ölkəmizə tez-tez səfərlər edirlər. Belə səfərlər zamanı onlar Azərbaycanın vergi sistemində daha çox hansı məsələlərlə maraqlanırlar?
- Qeyd etdiyim kimi, təcrübə mübadiləsi davamlı inkişaf üçün çox önəmlidir. Biz modernləşmə xəttini əsas götürərək məqsədyönlü islahatlar aparmaq məqsədilə ən qabaqcıl beynəlxalq təcrübəni təhlil etməklə bərabər, onun tətbiqi imkanlarını da araşdırırıq. Bu məqsədlə Vergilər Nazirliyinin nümayəndələrinin qabaqcıl xarici ölkələrin vergi administrasiyalarına səfərləri təşkil olunur. Çin Xalq Respublikasının Maliyyə Nazirliyi, Sinqapur Daxili Gəlirlər Xidməti ilə aparılan uğurlu əməkdaşlığın nəticəsi olaraq, Vergilər Nazirliyinin nümayəndələri beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həmin ölkələrə ezam olunmuşlar.
Qeyd etmək lazımdır ki, üzv olduğumuz təşkilatlar çərçivəsində keçirilən seminarlarda, forumlarda xarici vergi administrasiyalarının nümayəndələri Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə əlaqədar fəaliyyəti, vergi ödəyicilərinə göstərilən xidmətlər, xüsusən də elektron xidmətlərlə daha çox maraqlanırlar. Xarici həmkarlarımız
Vergilər Nazirliyinin mütərəqqi texnologiyalar tətbiq edən, vergi ödəyiciləri ilə əməkdaşlıq formatında münasibətlərin qurulmasına, vergi mədəniyyətinin formalaşdırılmasına innovativ yanaşan bir qurum olduğundan xəbərdardırlar. Ölkəmizə səfər etməkdə məqsədləri də qeyd edilən sahələrdə təcrübə mübadiləsi aparmaqdır. Keçən ilin 8-10 dekabr tarixlərində Moldova Baş Dövlət Vergi Müfəttişliyinin nümayəndə heyəti Bakıya gəlmişdi. Səfərdə məqsəd vergi nəzarəti sahəsində qanunvericilik, vergi nəzarətində avtomatlaşdırılmış vergi informasiya sistemi, vergitutma sahəsində risk meyarlarının müəyyən edilməsi və istifadəsi, eləcə də nəzarət-kassa aparatlarının tətbiqi məsələləri üzrə təcrübə mübadiləsi aparmaq idi.
Son 6 ay ərzində Vergilər Nazirliyi Avropa Komissiyasının TAIEX proqramının dəstəyi ilə "Elektron ticarətin vergiyə cəlb olunması" və "Nağdsız ödənişlərin stimullaşdırılması" mövzularında beynəlxalq ekspertin cəlb olunması ilə interaktiv seminarlar təşkil etmiş və hər mövzu üzrə praktiki tövsiyələri əks etdirən hesabatlar hazırlamışdır. Avropa Komissiyasının dəstəyi ilə eyni mövzular üzrə biliklərin təkmilləşdirilməsi məqsədilə Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasına nazirlik əməkdaşlarının işçi səfəri gözlənilir.
Eyni zamanda, növbəti aylarda TAIEX yardım aləti çərçivəsində Avropa Komissiyası tərəfindən qəbul olunmuş "Elektron Qaimələrin Tətbiqi" və "Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərin mülkiyyətində olan daşınmaz əmlakın (yaşayış və qeyri-yaşayış sahələrinin) təqdim edilməsinin vergiyə cəlb edilməsi xüsusiyyətləri" mövzularında ekspert missiyası layihələrinin keçirilməsi gözlənilir.
Vergilər Nazirliyinin "Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan"ın əsas məqsədlərindən birinin beynəlxalq təcrübəni təhlil edərək vergi qanunvericiliyinin Avropa İttifaqının direktivlərinə uyğunlaşdırılması olduğunu, eyni zamanda Aİ ilə texniki əməkdaşlıq aləti üzrə əməkdaşlığın prioritet istiqamətlərdən birinə çevrildiyini nəzərə alaraq, 2016-cı il üçün Fəaliyyət Proqramında vergi sisteminin inkişafı və təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri kimi göstərilməsi təklif olunub.
- İkiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması istiqamətində cari ildə hansı müqavilələr imzalanıb və ya imzalanması nəzərdə tutulur?
- İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin əsas məqsədi mal və xidmətlərin sərbəst beynəlxalq mübadiləsinə maneçilik törədən vergi maneələrinin aradan qaldırılması yolu ilə beynəlxalq ticarət və sərmayə qoyuluşunu təşviq etməkdir. Beynəlxalq vergi müqavilələrinin mövcudluğu vergi ödəyicilərinə ayrı-seçkiliyə yol verilməyəcəyinə təminat verir, dövlətlər üçün isə ziddiyyətli məsələlər üzrə birbaşa qarşılıqlı məsləhətləşmələrin aparılmasına və vergi məlumatlarının mübadiləsinə imkan yaradır.
Azərbaycan Respublikasının ikiqat vergitutmanın aradan qaldırılması haqqında bağladığı müqavilələr şəbəkəsi genişlənməkdədir və Vergilər Nazirliyinin mövcud müqavilələr çərçivəsində digər dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığı uğurla davam etdirilir. Hazırda 48 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə imzalanmış və onların 45-i qüvvəyə minmişdir. Küveyt, İordaniya və İspaniya ilə imzalanmış müqavilələr həmin ölkələr tərəfindən dövlətdaxili prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcəkdir. Bunlardan əlavə, Malta, İsrail, Slovakiya, İsveç, İrlandiya, Sinqapur, Danimarka, Hindistan, San-Marino və Mərakeşlə bu cür müqavilələrin layihələri, eləcə də Qazaxıstanla 1996-cı ildə imzalanmış müqaviləyə əlavə və dəyişikliklərin edilməsi üzrə Protokolun layihəsi üzrə razılıq əldə edilmişdir. Adı çəkilən dövlətlərdən əlavə, daha yeddi dövlətlə müvafiq layihələr üzərində işlər davam etdirilir və 15-dən çox ölkə ilə danışıqlara başlanması üçün model layihələr mübadilə edilmişdir.
Onu da qeyd etmək lazımdır ki, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələrdən başqa, vergi məlumatlarının mübadiləsi haqqında müqavilələr də mövcuddur. Məlumat mübadiləsi haqqında müxtəlif dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrdən başqa, Azərbaycan Respublikası 2003-cü ildən Avropa Şurası və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında" birgə Konvensiyasına qoşulmuş, 2014-cü ilin may ayında isə həmin Konvensiyaya dəyişikliklər edilməsi haqqında Protokolu imzalamışdır. Hazırda Vergilər Nazirliyi Azərbaycan Respublikasının tərəf olduğu məlumat
mübadiləsi haqqında ikitərəfli və çoxtərəfli müqavilələr əsasında 101 dövlətlə vergi məlumatlarını mübadilə etmək imkanına malikdir.
Bundan əlavə, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında maliyyə məlumatlarının qarşılıqlı mübadiləsinə imkan verəcək Vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə hökumətlərarası Sazişin imzalanmaya hazırlanması ilə bağlı işlər başa çatmaq üzrədir.