Yaxın Şərq və Qafqazlar bir-birini tətikləyən savaş ssenarisinə hazırdır
Hasan Oktay: “İŞİD-in Türkiyənin qarşısında bölgədə uğura nail olma şansı yoxdur”
27 İyul 2015 14:41 MüsahibəBu günlərdə dünyanın əsas diqqət mərkəzi Türkiyə və Yaxın Şərqə yönəlib. Bir neçə gün əvvəl Suruçda baş verən terror aktından sonra Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlara start verməsi Ankaranın onsuz da ağır olan siyasi durumunu bir qədər də çətinləşdirib. İyunun 7-dən bu yana hökumət kabinetini formalaşdıra bilməyən Türkiyə digər tərəfdən İraq və Suriya cəbhəsində PKK-İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq məcburiyyətində qalıb. Artıq bir neçə gündür ki, davam edən əməliyyatlar zamanı Türkiyə hərbi hava qüvvələri İŞİD mövqelərinə bir neçə sarsıdıcı zərbə də endiriblər. Lakin rəsmi Ankaranın bu addımının Türkiyəyə heç də uğur gətirməyəcəyini də söyləyənlər var. İddia edilir ki, Türkiyənin İŞİD-ə qarşı hərbi əməliyyatlara qoşulması bu ölkəni silsilə terror aktları ilə baş-başa qoyacaq. Digər tərəfdən PKK da Türkiyə hərbi hava qüvvələri tərəfindən onun düşərgələrinin bombalanması ilə barışmayaraq Türkiyədə uzun müddətdən bəri ara verdiyi terraktları yenidən alovlandıracaq. Bəs görəsən bu deyilənlər nə dərəcədə doğrudur və Türkiyəni hansı təhlükələr gözləyir? Bu və ya digər suallarla bağlı Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktayla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Hasan Oktay Qarabağda yeni savaşın başlaması mümkünlüyü və cəbhə xəttində baş verən erməni təxribatlarından da danışıb.
-Hasan bəy, hazırda Türkiyə və ətraf regionda olan prosesləri, bu regionda mövcud olan İŞİD təhlükəsini necə dəyərləndirirsiniz?
-İŞİD Amerikanın Yaxın Şərqdə həyata keçirdiyi yanlış siyasətin nəticəsi olaraq yaranmış bir hərəkatdır. ABŞ-ın Iraqda həyata keçirdiyi iki önəmli müharibə və bunun ardınca gələn işğal nəticəsində Yaxın Şərq coğrafiyası qan, göz yaşlarına çevrildi. Bütün bunların səbəbkarı kimi göstərilən Amerika regionda böyük xətalara yol verdi. Əvvəlcə İrana qarşı İraqda hakim olan Səddam Hüseyni dəstəklədi, sonra isə 1990-cı ildə Səddama qarşı birinci Körfəz Hərəkatına dəstək verdi və 2003-cü ildə də İraqı işğal hərəkatını həyata keçirdi. Amerika indi də İran ilə razılaşaraq İraq və Suriyada böyük bir təpkini, İŞİD-i üzərinə çəkib. ABŞ-ın İraqı şiələrə təslim etməsi nəticəsində Səddam dövrü İraq ordusu kəşfiyyat vahidləri tərəfindən qurulan İŞİD İraq və Suriyanın sünni bölgələrini birləşdirərək bölgədə Amerika işğalını zərərsizləşdirmək üçün dövriyyəyə girib. İŞİD-in arxasında bir çox dünya güclərinin olması da normaldır. Çünki ABŞ-ın bölgədəki müvəffəqiyyətsizliyini gözləyənlər burada Birləşmiş Ştatların üzləşəcəyi hər bir mənfi nəticədən öz xeyirlərinə istifadə etmiş olacaqlar. Xüsusilə, Amerikanın İranla yaxınlaşmasından ciddi təşviş və narahatçılıq keçirən İsrail və Səudiyyə Ərəbistanı İŞİD-ə dəstək olma məsələsində ön plana çıxmaqdadırlar.
-Bəs, Türkiyədə yaşananları, Türkiyənin İŞID-ə qarşı savaşa başlamasını necə xarakterizə edərdiniz?
-Cari ilin iyun ayının 7-də Türkiyədə reallaşan parlament seçkilərindən sonra AKP-nin təkbaşına hökumət qura bilməməsi və Xalqların Demokratiya Partiyasının (HDP) gözləniləndən də artıq səs alması ölkədə hökumət qurulma prosesinin uzanmasına səbəb oldu. Eyni zamanda PKK-nın HDP üzərində həddindən artıq təzyiq edərək bu partiyaya səs verən kiçik sol və sosialist qrupların HDP daxilində aktiv olmalarından narahatlığını dilə gətirməsi adıçəkilən partiya üçün ciddi problemə çevrilib. Bütün bunların fonunda Suriyada İŞİD -PKK/PYD qarşıdurmalarının sürətlə davam etməsi istər-istəməz Türkiyəyə də öz təsirini göstərməkdədir. PKK seçkilər zamanı HDP-yə dəstək verən kiçik sol qrupların partiyada aktiv rol alaraq təşkilatın separatçı hərəkatına sızmasından narahatdır. Bunun göstəricisidir ki, sol qruplardan olan universitet tələbələrinin Kobaniyə yardım, dəstək üçün başladıqları böyük kampaniya PKK rəhbərliyi tərəfindən narahatlıqla qarşılandı.
Çünki həmin Türk solçu qruplar separatçı kürd siyasi hərəkatını ələ keçirə və ya təşkilat quruluşunu poza bilərlər ki, bu da PKK-da ciddi narahatlığa səbəb olur. Ona görə də Suruçda meydana gələn bombalı hücumda hər nə qədər İSİD-in əli olduğu bildirilsə və onun adı hallandırılsa da, hadisənin baş verməsində bir o qədər də də PKK-nın əlinin olduğu ehtimal olunur. Səbəb isə türk sol və sosialist qrupların PKK-nın nəzarətində olan HDP-nin siyasi fəaliyyətindən kənarlaşdırılmasıdır. Çünki PKK beynəlxalq bir terror təşkilatı olaraq bu müddət ərzində Türkiyənin solçu qüvvələri tərəfindən deşifrə edilərsə Türkiyə üzərində oyun oynayan bütün güc mərkəzlərinin tarazlıqları, maraqları pozular. Məlum hadisədən bir gün sonra PKK-nın 2 polisi evində yatarkən öldürməsi də buna açıq bir dəlildir. Nəticədə PKK diqqətləri polislər üzərinə çəkərək Şuruç olayının intiqamını alan təşkilat kimi əsas hədəfi İŞİD və Türkiyə Cümhuriyyətinə çevirmiş oldu. Bu gün İŞİD-in böyük bir təhlükə olaraq Türkiyə torpaqlarına girmə astanasında olduğu ab-havası yaradılaraq Ankaranın İŞİD-ə qarşı hərbi əməliyyat həyata keçirməsinə nail oldular. Hazırda Türkiyə üçün İŞİD və PKK ciddi təhlükə hesab edilən 2 terror təşkilatıdır. Həmin iki təşkilatın Türkiyə ərazilərində bir-biri ilə hesablaşması Türkiyə cəmiyyətinin sabitliyi baxımından doğru olmazdı. Ona görə də Türkiyə İŞİD və PKK düşərgələrini bombaladı.
-Türkiyə bu əməliyyatlara qoşulmaqla nə itirəcək və ya nə qazanacaq?
-Türkiyə əvvəlcə İŞİD və PKK məsələsində Kobanidə böyük səhvə yol verdi. Belə ki, İŞİD Kobanini alacağı anda Türkiyə dövriyəyə girərək peşmərgənin öz torpaqlarından keçməsinə icazə verdi. Halbuki İŞİD Kobanini alsaydı separatçı kürd psixologiyası qırılardı. Daha sonra Türkiyə Kobanidə bir əməliyyat həyata keçirərək həm İŞİD-i, həm də PKK nəzdindəki separatçı kürd psixologiyasını aradan qaldıra bilərdi.
Bütün halda bu gün Türkiyə böyük bir dövlətdir və nə İŞİD-ə, nə də PKK-a ya təslim olması müzakirə mövzusu ola bilməz. Əgər PKK İŞİD qarşıdurması Türkiyə torpaqlarına keçərsə müvəqqəti bir sabitsizlik yarana bilər. Ancaq bunu tez zamanda aradan qaldıracaq bazaya sahib olan bir dövlətin qısa bir müddətdə təxirəsalınmaz tədbirlər görməsi lazımdır. Türkiyə Suriya siyasətində yol verdiyi böyük yanlışlıqlar səbəbindən hazırda ciddi sıxıntılar keçirir. Suruç bombası ilə başlayan və Türk əsgəri tərəfindən PKK düşərgələrinin bombalanması ilə davam edən müddətdə əslində Türkiyə bir oyunu da pozmuş oldu. Əgər Türkiyə İŞİD-i vurub PKK-nı vurmasaydı, o zaman İraq və Suriyanın şimalında qurulacaq bir kürd dövlətinin təməlini atmış olacaqdı. Bir qədər də dəqiqləşdirsək PKK Suruçda həm öz içinə sızmağa çalışan Türk solçularından xilas olacaq, həm də Türkiyə dövləti əliylə İraq və Suriyanın şimalında bir kürd dövlətinin təməlini atmış olacaqdı. Türk əsgəri isə bu oyunu pozmuş oldu.
-Bundan sonra Türkiyədə terror aktlarının artacağını söyləmək olarmu?
-PKK Türkiyəyə qarşı bütünlüklə bir savaş elan edə bilər ki, bu da gözləniləndir. Amma PKK-nın beynəlxalq havadarları buna cəsarət edərlərsə, o halda baş verəcək nəticəni də göz önünə almaları lazımdır. Ancaq bu nəticə Türkiyənin əleyhinə olmaz. PKK bir an öncə silahı bıraxaraq HDP ilə tutduğu leqal siyasət yolunu seçərək normallaşıb Türkiyədə hüquq və qanunlar çərçivəsində siyasi mücadilə aparmalıdır. Bunun xaricində, terror ilə əldə edəcəkləri bir şey yoxdur. İŞİD isə İraq və Suriyada mücadiləsini aparsın. Onun Türkiyənin qarşısında bölgədə uğura nail olma şansı yoxdur. Bu səbəbdən qısa zaman ərzində həm PKK, həm də İŞİD Türkiyədə deyil, Suriya və İraqda mücadilələrini davam etdirəcəklər. Çünki sünni ərəblər torpaqlarının işğal edilməsində amerikalılarla işbirliyi edən kürdlərlə hesaplaşacaqlar və bunun xilası yoxdur. Bu nəticəni görən PKK-nın beynəlxalq miqyaslı havadarları Suruçda Türk solçu gənçləri PKK tərəfindən öldürdərək Türkiyəni İŞİD-ə qarşı hərəkətə keçirdilər. Amma bu heç bir şəkildə vətənsevər ərəblərin işbirliyində olanları əfvetməsinə səbəb olmayacaq.
-Bu ərəfədə Qafqazlarda da gərgin anlar yaşanır. Belə ki, ermənilər Azərbaycana qarşı yeni savaşa hazırlaşırlar. Bu olayları, yeni bir Qarabağ savaşının başlanması ilə bağlı yayılan xəbərləri necə dəyərləndirirsiniz?
-Qarabağda hər an bir döyüş olma ehtimalı hər keçən gün artmaqdadır. Xüsusilə, işğal edilmiş Qarabağın Ermənistan iqtisadiyyatında illik xərcinin artması erməni xalqını bezdirmiş vəziyyətə gətirib. Elə bir müddət əvvəl İrəvanda elektrik enerjisinin qiymətinin artmasına qarşı keçirilən aksiyalar zamanı bunu açıqca görmək mümkün idi. Bu gün Yaxın Şərq və Qafqazlar bir-birini tətikləyən savaş ssenarisinə hazırdır. Amma Azərbaycan və Ermənistan bu problemi sülh yolu ilə həll etməlidir. Çünki Qafqazlarda baş verəcək bir savaş bölgədəki tarazlığı poza bilər. Əgər Azərbaycan Qarabağı almaq istəyirsə əvvəlcə diplomatiyanı hərəkətə keçirməlidir. Yox əgər mütləq döyüş olacaqsa bu döyüş gecə yarısı başlayıb səhər bitəcək şəkildə olmalıdır. Səhər açıldığında Azərbaycan dünyaya işğal altındakı torpaqlarının azad olunduğunu elan etməlidir. Amma hələlik savaş deyil, diplomatiya şansı yüksək olan bir variantdır.
Süleyman İsmayılbəyli