“Müxalifət partiyalarının resursları çox zəifdir”

Taliyət Əliyev: “Ancaq buna baxmayaraq ADP seçkilərdə iştiraka maraqlıdır”

Artıq parlament seçkilərinə 4 aydan da az bir vaxt qalıb. Ölkədə fəaliyyət göstərən bir sıra siyasi partiyalar seçki hazırlıqlarına start versələr də, lakin bəzi partiyalar hələlik gözləmə mövqeyindədirlər. Bu səbəbdən həmin siyasi qüvvələr parlament seçkiləri ilə bağlı rəsmi mövqe açıqlamırlar. Bəs görəsən partiyalar nəyi gözləyir və bu arxayınçılıq partiyaları vaxt itkisi ilə üz-üzə qoymurmu? Bu və ya digər suallar, eləcə də Azərbaycan Demokrat Partiyasının seçkilərlə bağlı mövqeyi barədə partiya sədrinin müavini Taliyət Əliyevlə söhbətləşdik. Taliyət Əliyev "OLAYLAR"-a verdiyi müsahibədə ADP-nin digər siyasi təşkilatlarla əməkdaşlıq imkanlarından da danışıb

-Taliyət bəy, Azərbaycan Demokrat Partiyası seçki hazırlıqları istiqamətində hansı işlər görür və partiya seçki ilə bağlı mövqeyini nə zaman ictimaiyyətə açıqlayacaq?

-Parlament seçkilərinə start verilməsinə 1 aydan bir az artıq vaxt qalıb. Buna baxmayaraq etiraf etmək lazımdır ki, cəmiyyətdə seçki mühiti hiss olunmur. Heç şübhəsiz ki, mövcud durum siyasi partiyalara da öz mənfi təsirini göstərməkdədir. Ancaq buna baxmayaraq Azərbaycan Demokrat Partiyası olaraq biz seçkilərdə iştirakda maraqlıyıq. Yəqin ki, qarşıda olan bu zaman kəsimində partiya olaraq parlament seçkilərində iştirakla bağlı mövqeyimizi açıqlayacağıq.

-Partiya bu seçkilərdə fərqli texnologiya və seçki taktikasından istifadə edəcəkmi?

-Etiraf etmək lazımdır ki, bu gün müxalifət partiyalarının seçkilərdə iştirakı maliyyə, vaxt və insan resursu baxımdan çox zəifdir. Ona görə də seçki texnologiyalarından geniş istifadə imkanımız olmayacaq. Seçkilərdə iştirak etsək maliyyə, vaxt və insan resursumuzun imkan verdiyi çərçivədə seçki kampaniyasını aparacağıq.

-Azərbaycan Demokrat Partiyasının da üzv olduğu "Qarabağ" blokundan kənar hansısa formada əməkdaşlıq imkanlar mümkündürmü?

-Biz Azərbaycan Demokrat Partiyası olaraq hələ ki, "Qarabağ" bloku daxilində əməkdaşlıq edirik. Amma, digər siyasi partiyalarla da əməkdaşlıqda maraqlıyıq.

-Konkret olaraq parlament seçkiləri müxalifət üçün nə dərəcədə uğurlu və ya uğursuz olacaq?

-Ölkənin siyasi sistemi özünün ən acınacaqlı dövrünü yaşayır. Belə bir vəziyyətdə uğurdan danışmaq yersizdir.

-Bəs bəzi siyasi dairələrin seçkini boykot etmək istəyini necə dəyərləndirirsiniz?

-Hər bir partiya seçkilərdə iştirakla bağlı qərar verməkdə sərbəstdir. Bu baxımdan hansı partiya seçkiləri boykot edəcəksə, bu onun daxili işidir.


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31