Müxalifət daha ciddi itkilərə məruz qalıb
Əlabbas Məhərrəmli: “Ona görə də, bu seçkilərdə müxalifət partiyalarının əhəmiyyətli hissəsinin seçkilərə vahid mərkəzdə getmələri mümkün görünmür”
16 İyul 2015 13:56 Müsahibə"Seçkilərə qatılmaq qərarım qətiləşsə, namizədliyimi Quba rayonundan irəli sürəcəm"
Parlament seçkilərinə 4 aydan az bir müddət qalsa da, hələlik siyasi düşərgədə seçki hazırlıqları müşahidə edilmir. Xüsusilə, müxalifət partiyalarında bu proses çox ləng gedir. Bəs görəsən bunun başlıca səbəbi nədir? Müxalifətin seçkilərə olan maraqsızlığı nədən irəli gəlir? Bu və digər suallarla bağlı müstəqil ekspert Əlabbas Məhərrəmli ilə söhbətləşdik.
-Əlabbas bəy, qarşıdan parlament seçkiləri gəlir. Sizcə, Azərbaycan cəmiyyəti aktiv siyasi proseslər, ciddi seçki hazırlıqlarının şahidi olacaqmı?
- Bu il keçiriləcək parlament seçkiləri öz-özlüyündə Azərbaycanda ilin ən mühüm siyasi hadisəsi olmalıdır. Amma razılaşaq ki, seçkilərə dörd aydan da az bir müddət qaldığı dönəmdə bu istiqamətdə hər hansı fəallıq və ya hərəkətlənmə müşahidə edilmir. Partiyaların seçki fəaliyyətinin zəifliyi cəmiyyətdə də seçkilərə marağa adekvat mənfi təsir göstərir. Xatırlayaq ki, ötən seçkilərdə siyasi təşkilatların hazırlığı ilin əvvəlindən başlayırdı və səsvermə gününə kimi davam edirdi. Amma indi partiyaların öz gündəmlərində də sanki seçki məsələsi hələ aktuallıq qazanmayıb. Kimsə deyə bilər ki, prosesə rəsmi start verildikdən sonra fəallıq da yaranacaq. Ola bilər, hər hansı fəallıq müşahidə edilsin. Amma bu an üçün görünən budur ki, seçkilərlə bağlı yüksək səviyyədə fəallıq hələ ki gözlənilmir.
- Seçki ərəfəsində ölkədəki ictimai-siyasi durumu necə dəyərləndirərdiniz?
- Əslində, birinci sualınıza cavabım həm də ölkədəki ictimai-siyasi vəziyyətin göstəricisidir. Seçkilərə üç-dörd ay qalmış bu yöndə hər hansı ciddi fəaliyyətin şahidi deyiliksə, bu, mövcud mənzərəni təsəvvür etməyə imkan yaradır. Seçkilər kimi mühüm bir məsələ partiyaların, cəmiyyətin gündəminə hələ oturmayıbsa, bu ictimai-siyasi vəziyyətin susqunluğundan xəbər verir. Diqqət etmisinizsə, seçkilərlə bağlı müəyyən hərəkətlənmə yalnız hakim Yeni Azərbaycan Partiyası təmsilçilərinin müəyyən açıqlamalarından sonra yaranır. Müxalifət partiyalarının nümayəndələri isə həmin açıqlamalara münasibət bildirirlər və bununla da işlərini bitmiş sayırlar. Konkret desək, təşəbbüs hakim partiyanın əlindədir və siyasi proseslər də onun qərarları əsasında yön alır.
- Hər seçki ərəfəsində müxalifətin seçkilərə bir mərkəzdə getməsi istiqamətində cəhdlər göstərilir. Bəs, bu seçkidə necə, müxalifət seçkiyə vahid mərkəzdə gedə biləcəkmi?
- Ötən seçkilərlə müqayisədə bu dəfə müxalifət düşərgəsinin vəziyyəti daha ağırdır, daha ciddi itkilərə məruz qalıb. Eyni zamanda, əvvəlki mərkəzlərin əsas tərəfləri olan partiyalar arasında münasibətlər düşmənçilik həddinə gəlib, bir-birilərini qəbul etmirlər. Ona görə də, bu seçkilərdə müxalifət partiyalarının əhəmiyyətli hissəsinin seçkilərə vahid mərkəzdə getmələri mümkün görünmür. Bildiyim qədər, hazırda səkkiz müxalifət partiyasının yaratdığı "Azadlıq-2015" və iki partiyadan ibarət "Qarabağ" bloku mövcuddur. Mətbuatda gedən məlumatlara əsaslansaq, "Azadlıq-2015" bloku seçkilərə hazırlıq istiqamətində artıq müəyyən mərhələni geridə qoyub. "Qarabağ" blokunun seçkilərlə əlaqədar fəaliyyəti haqqında isə heç bir məlumata rast gəlinməyib. O cümlədən, Milli Şura və Müsavatın da seçki planları və hazırlıqları barəsində məlumatlar yox səviyyəsindədir. Amma yenə o fikrə qayıdıram ki, müxalifətin bu seçkilərdə maksimal tərkibdə vahid mərkəzdə bir araya gəlmələri real deyil.
- Ümumiyyətlə, seçkilər Azərbaycan müxalifətinə nə vəd edir?
- Müxalifət indikinə nisbətən daha təşkilatlanmış və güclü vəziyyətində seçkilərdə real nəticəyə nail ola bilməyibsə, mövcud ağır durumunda uğur qazanması imkan xaricindədir. Ümumiyyətlə isə seçkilərə hədəflənmiş fəallığı və normal hazırlığı müşahidə edilməyən bir düşərgənin ciddi nəticəyə ümid etməsinin özü maraqlı haldır. Belə bir vəziyyətdə, seçkilər müxalifətə nə vəd edə bilər ki?
- Bəzi siyasi qüvvələrin seçkidə iştiraka maraq göstərməməsini necə dəyərləndirərdiniz?
- Aydın məsələdir ki, seçkilər istənilən siyasi qüvvənin gündəliyində ilk yerdə dayanmalıdır. Ümumi baxsaq, hakimiyyət iddiasında olan siyasi qüvvənin fəaliyyəti seçki relsi üzərində olmalıdır. Seçkiyə maraq göstərməyən siyasi qüvvə isə artıq partiya yox, dərnəkdir. Azərbaycana gəldikdə isə deməzdim ki, seçkilərə maraq yoxdur. Sadəcə, resursların məhdudluğu belə bir marağın olmaması görüntüsünü yaradır.
-Siz özünüz seçki mübarizəsinə qoşulmağı düşünürsünüzmü?
-Hələ ki, prosesləri ciddi surətdə müşahidə edir və özüm üçün dəyərləndirmələr aparıram. Seçkiyə qatılmaqla bağlı dostlarla məsləhətləşmələrim olur. Bilirsiniz ki, mən özüm Quba rayonundanam və bu bölgə ilə bağlılığım güclüdür. Seçkilərə qatılmaq qərarım qətiləşsə, namizədliyimi Quba rayonundan irəli sürəcəm.
Süleyman