“Müharibəsiz Dağlıq Qarabağ azad olunmayacaq”
Elşən Musayev: “Nəinki Almaniyaya, ümumilikdə Azərbaycanın uğurlarına qarşı çıxan, ölkəmiz haqqında qeyri-əsaslı fikirlər söyləyən qüvvələrə qarşı mübarizə aparmaq lazımdır”
15 İyul 2015 16:03 MüsahibəAzərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bir sıra mühüm məsələlərə toxundu. Çıxışında xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə diqqət ayıran dövlət başçısı bildirir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur: "Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır". Prezident İlham Əliyevin sözlərinə görə, xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır: Bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük". Dövlət başçısının fikirlərinə münasibət bildirən Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayevin sözlərinə görə, bu gün beynəlxalq hüquq böyük güc dövlətlərinin əlində oyuncağa çevrilib və həmin güclər tərəfindən çeynəyib tapdalanır. E. Musayev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezident İlham Əliyev və dövlətin bəlli bir mövqeyi var: "Münaqişənin həlli ilə bağlı Azərbaycan diplomatiya sahəsində ona görə çox yol getdi ki, sabah dünya, bəşəriyyət və beynəlxalq aləm bizi tələsməkdə ittiham edə bilməsin. Biz onların əllərinə bu fürsəti vermədik. Ona görə də düşünürəm ki, müdafiə naziri Zakir Həsənovun son günlər verdiyi bəyanatlar da, məsləhətləşdirilmiş bəyanatlardır, bu dövlətin və siyasi hakimiyyətin mövqeyidir. Cənab prezidentin fikirlərindən nəticə çıxarmalı olsaq görərik ki, onun da, dövlətin də yekdil fikri var: "Müharibəsiz Dağlıq Qarabağ azad olunmayacaq". Münaqişənin həlli üçün yeganə yol budur. Müharibə başlamalıdır. Çünki, bu gün nə ATƏT-in Minsk Qrupu, nə Rusiya, nə də Qərb heç bir halda Dağlıq Qarabağı Azərbaycana qaytaracaq güclər deyil. Tez-tez gündəmə gətirilən "7 rayonun qaytarılması məsələsi" isə utopiyadır. Ona görə də hesab edirəm ki, bu gün həmin bəyanatların başqa bir xüsusiyyəti var, Azərbaycan müharibəyə hazır olmalıdır".
"Qərb Rusiya - Azərbaycan yaxınlaşmasından narahatdır"
"Burada iki faktor var. Birincisi, Ermənistanda artıq sosial və siyasi partlayış səviyyəsi gözlə görüləcək səviyyədədir. İkincisi, Azərbaycanda qarşıdan parlament seçkiləri gəlir. Hər zaman inkişaf etməkdə olan dövlətlər üçün hansısa problemlərin yaradılmaq istənilirsə, dərhal "Dağlıq Qarabağ formatı" işə salınır. Necə ki, Gürcüstan üçün Osetiya, Türkiyə üçün kürd problemi, eyni zamanda Azərbaycan üçün ölçülüb-biçilmiş Dağlıq Qarabağ problemi var. Yəni, istənilən bir vəziyyətdə - siyasi həssaslıqda bu faktorla hər hansı bir dövləti sıxmağa çalışırlar. Baxın, Ermənistanda vəziyyət qarışan kimi Rusiyanın diktəsiylə cəbhədə situasiya gərginləşir. Azərbaycanda da sosial, yaxud siyasi həssaslıq yaranan kimi Dağlıq Qarabağ kartı ortaya atılır. Eyni hal Türkiyədə baş verdi və kürdlər ayağa qaldırıldı. Bunların hamısı güc dövlətləri tərəfindən ölçülüb-biçilmiş məsələlərdir. Bilirsiz, Rusiya - Azərbaycan yaxınlaşmasından Qərb ciddi şəkildə narahat olur. Buna görə, Dağlıq Qarabağda müəyyən qədər qarışıqlıq yaratmaq onların marağındadır ki, balansı qoruya bilsinlər", - Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin Qərb dövlətlərinin siyasi gündəmində aktivləşməsi məsələsi ilə bağlı suala cavabında Elşən Musayev belə deyib.
"Almaniya erməni lobbisinin mərkəzləşmiş bölgəsidir"
Dövlət başçısı İlham Əliyev iclasda həmçinin Almaniya Bundestaqının Azərbaycana qarşı olan qərəzlərindən də danışdı: "Almaniya Bundestaqı Avropa Oyunlarının açılışı günündə - iyunun 12-də yığışır, qətnamə qəbul edir. Bu qətnamənin mövzusu anti-Azərbaycan və yalan üzərində qurulubdur. Sual olunur, Almaniya Bundestaqının bizimlə nə işi var və Almaniya Bundestaqı özünü nə zənn edir? Dünyanın ağasıdırmı? Dünyaya hakimdirmi? Hamı onlara tabe olmalıdırmı? Görünür ki, onlar pis öyrəşiblər. Amma bizi başqaları ilə müqayisə etməsinlər. Bizim onlarla münasibətlərimiz distansiya səviyyəsindədir. Bizim onlardan heç bir istəyimiz yoxdur, əksinə, bizim təbii qazımız, kontraktlarımız, neftimiz, bu ərazidə, bu coğrafiyada fəaliyyətimiz onlara lazımdır. Biz isə onlardan texnologiya alırıq. Onlardan almasaq, başqa yerdən alarıq. Onlardan heç bir asılılığımız yoxdur. Ona görə, Almaniya Bundestaqı kimdir ki, anti-Azərbaycan qətnamə qəbul etsin?! Getsin öz işi ilə məşğul olsun. Bəsdirin başqa ölkələrin daxili işlərinə müdaxilə etdiniz". Politoloq Elşən Musayev isə hesab edir ki, Almaniya həmişə ermənipərəst mövqeyi ilə seçilib. Politoloqun sözlərinə görə, Almaniya heç zaman nə dövlət, nə ictimai, nə də QHT səviyyəsində bu mövqeyini gizlətməyib: "Cənab prezidentin Bundestaqla bağlı söylədiyi fikirlərdə xüsusi bir həssaslıq var. Yəni, bu məsələləri ciddiyyətə almaq lazımdır. Ümumiyyətlə, Almaniya erməni lobbisinin ciddi şəkildə mərkəzləşmiş bölgələrindən biridir. Avropa Oyunlarının açılışında belə gördük ki, Avropanın güc dövlətləri Azərbaycana qarşı xüsusi bir qısqanclıq nümayiş etdirirlər. Oyunlarda Avropa İttifaqı ölkələrindən də seyrək bir təmsilçilik də bunları deməyə əsas verir. Azərbaycanın uğurları bunları incidir, narahat edir. Həssas bir vəziyyətin yarandığı, qarşıdan gələn parlament seçkiləri fonunda Almaniya və onun xislətində olan dövlətlər Azərbaycana qarşı "qara piar", eyni zamanda bənzər xüsusi bir iş aparmaq missiyasını alıblar. Bunu hansı qüvvələrdən aldığını yəqin ki, Dərin Dövlət daha yaxşı bilir. Nəinki Almaniyaya, ümumilikdə Azərbaycanın uğurlarına qarşı çıxan, ölkəmiz haqqında qeyri-səlis məntiqli, qeyri-əsaslı fikirlər söyləyən qüvvələrə qarşı mübarizə aparmaq lazımdır, hər kəs buna qarşı öz mövqeyini ortaya qoymalıdır. Cənab prezidentin hər zaman səsləndirdiyi bir fikir var ki, "Mənim ən böyük gücüm xalqımdır və xalqımla armada olan bağlılıqdır". Odur ki, cənab prezident hamımızın prezidentidir".
Mənsur