“Azərbaycanda prezident və xalq birliyinin vəhdəti var”

Anar Axundzadə: “Bu da ölkəmizi günbəgün inkişafa aparır”

"Azərbaycan xalqı anarxiyaya, xaosa "yox", inkişafa, İlham Əliyevə "HƏ" deyir"

Parlament seçkiləri ilində olan Azərbaycanda yaxın aylarda aktiv siyasi proseslərin cərəyan edəcəyi istisna edilmir. Təsadüfi deyil ki, bəzi antiAzərbaycan qüvvələr hətta ölkəmizdə seçkilər ərəfəsində ictimai-siyasi sabitliyin pozulmasına da maraq göstərirlər. İddia edilir ki, Ermənistanda baş qaldıran etiraz aksiyalarına oxşar proseslər parlament seçkiləri ərəfəsində Azərbaycanda da təkrarlanacaq. Bəs görəsən belə bir halın baş verməsi nə dərəcədə mümkündür? Ümumiyyətlə, ölkədəki ictimai-siyasi, o cümlədən sosial vəziyyət etiraz aksiyalarının keçirilməsi üçün səbəb yaradırmı? Bu və ya digər suallarla bağlı sabiq millət vəkili, Yeni Azərbaycan Partiyasının üzvü Anar Axundzadə ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Anar Axundzadə parlament seçkiləri ərəfəsində aktiv siyasi proseslərdə iştirak və deputatlığa namizəd olmaq imkanlarından da danışıb.

-Anar müəllim, hazırda ölkədəki ictimai-siyasi vəziyyəti necə dəyərləndirirsiniz?

-Bilirsiniz ki, ümummilli lider Heydər Əliyev cənabları 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra Azərbaycanda yaranmış xaos, anarxiya sürətlə aradan qalxmağa başladı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Bu gün xalqımızın alternativsiz lideri möhtərəm prezidentimiz İlham Əliyevin apardığı uğurlu xarici, daxili və iqdisadi siyasət ölkəmizdə ictimai-siyasi sabitliyi qorumaqla yanaşı, sosial siyasətdə də uğur qazanaraq xalqımızın tam dəstəyini qazanıb. Gənc dövlətimizdə bu gün mövcud olan ictimai-siyasi vəziyyəti, durumu tam stabil və normal qiymətləndirirəm.

-Bəzi siyasi dairələr iddia edirlər ki, tezliklə Ermənistandakı etiraz aksiyası dalğası Azərbaycana da keçəcək və burada da hakimiyyət əleyhinə etirazlar baş qaldıracaq. Bu iddialar nə dərəcədə real görünür?

-Azərbaycanda heç bir etiraz dalğası görmürəm və Azərbaycan xalqı hər zaman dövlətimizin və onun Prezidentinin yanında olub. Bir sözlə Azərbaycanda prezident və xalq birliyinin vəhdəti var. Bu da ölkəmizi günbəgün inkişafa aparır. Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi, eyni zamanda neçə belə nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə təşkili onu sübut edir ki, Azərbaycan dövləti inkişaf yolunda və xalq da öz liderinin arxasındadır. Bu gün Azərbaycan Ermənistanla yox, inkişaf etmiş böyük dövlətlərlə müqayisə olunur.

-Ümumiyyətlə, Azərbaycan cəmiyyəti bu və ya digər etiraz aksiyalarına dəstək nümayiş etdirərmi?

-Azərbaycan xalqı necə ki, Birinci Avropa Oyunları öncəsi Azərbaycana qarşı təxribat törətmək istəyən, bizə düşmən mövqeyində duran, ayrı-ayrı təşkilatların, ünsürlərin layiqli cavabını verdi və ölkəmiz ilk Avropa Oyunlarından üzüağ, qürurlu çıxdı, əminəm ki, bu söz-söhbəti yaradan məkirli qüvvələrə də Prezidentinin ətrafında birləşməklə layiqli cavabını verəcək. Azərbaycan xalqı anarxiyaya, xaosa "yox", inkişafa, İlham Əliyevə "HƏ" deyir.

-Uzun müddət siyasi proseslərdə yaxından iştirak edən, millət vəkili olan biri kimi tezliklə siyasi proseslərdə aktiv iştirakı düşünürsünüzmü?

-Mən 18 yaşından ümumilli liderimizin yolunda olmuşam. Sonrakı həyat fəaliyyətim, istər icra orqanı, istər millət vəkili kimi, istərsə də son müvəqqəti işsizlik dövründə də mənim bir amalım olub, Heydər Əliyev yolu. O cümlədən İlham Əliyevin apardığı siyasət və bu yolun, bu siyasətin xalqımızın rifahına xidmət etdiyi həqiqətlərinin təbliğatı. Bilirsiniz ki, mən Yeni Azərbaycan Partiyasının yaranmasında iştirak etmişəm, yəaranan gündən partiyanın üzvü, Siyasi Şurasının üzvü olmuşam. Bu gün də partiyama və rəhbərimə sadiqəm. Mən hər zaman aktiv şəkildə fəaliyyet göstərməkdən məmnuniyyət duymuşam və bu gün də daha aktiv şəkildə ölkəmizin inkişafı yolunda aparılan işlərdə fəal iştirak etmək arzusundayam. Bunun üçün də möhtərəm prezidentimizin və partiyamızın etimadını gözləyirəm. İndiyə qədər necə ki, dövlətimizə sədaqətlə, alnı açıq xidmət etmişəm, bundan sonra da xalqımızın bir nümayəndəsi, prezidentimizin bir əsgəri kimi xidmət etməkdən şərəf duyaram.

-Nəzərə alsaq ki, bu ilin sonunda ölkədə parlament seçkiləridir, o halda seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi?

-Mənim seçkilərə qatılıb-qatılmamaq qərarımı ölkə Prezidenti cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyasının İdarə Heyəti verəcək. Onlar necə məsləhət görsə, o cür də olacaq.

-Ümumiyyətlə, seçkilərdən gözləntiləriniz nədir? Azərbaycan cəmiyyəti yenə də sükanı Yeni Azərbaycan Partiyasına etibar edəcəkmi?

-Yeni Azərbaycan Partiyası uzun illərdir Azərbaycan dövlətində və ictimai-siyasi həyatda lider olaraq bu missiyanı şərəflə həyata keçirir. İnanıram ki, Azərbaycan xalqı bu seçkilərdə də parlament hakimiyyətini Yeni Azərbaycan Partiyasının üzvlərinə etibar edəcək. Bu seçkidə Yeni Azərbaycan Partiyasının üzvlərini və Azərbaycan dövlətinin prezidentini dəstəkləyən insanlara, bütün namizəd olacaq şəxslərə uğurlar diləyirəm.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31