“Əbülfəz Qurbanlının istefasının arxasında Cəmil Həsənli dayanır”

Seymur Süleymanov: “Əli Kərimlini partiyada ABŞ və Avropadakı bəzi siyasi dairələr saxlayırlar”

AXCP sədrinin müavini Əbülfəz Qurbanlının istefa verməsi partiya daxilində situasiyanı dəyişib. Birmənalı qarşılanmayan istefadan sonra Ə. Qurbanlının tərəfdarlarının da AXCP-dən gedəcəkləri haqqında fikirlər səsləndirilir. Bildirilir ki, AXCP rəhbərliyinin video-şantajına tuş gələn Əbülfəz Qurbanlı partiyadan getmənin qarşılığında sədr Əli Kərimli haqqında bildiklərini mətbuatdan gizli saxlamaq öhdəliyini üzərinə götürüb. Qeyd edilir ki, rəhbərlik tərəfindən istefaya məcbur edilməsinin arxasında isə, Ə. Qurbanlının AXCP sədrliyi postuna iddialı olmasıdır. Bu və ya digər məsələlər barədə siyasi analitik Seymur Süleymanovun fikirlərini öyrəndik.

- Fikrinizcə, Əli Kərimlinin ard-arda üç müavininin istefa verməsi nədən qaynaqlanır? Xatırladaq ki, Asəf Quliyev və Razi Nurullayevdən sonra Əbülfəz Qurbanlı da istefaya göndərildi. Cəbhəçiləri sədrdən narazı salan problem nədir?

- Bilirsiz, AXCP artıq ölkədə çoxdan öz çəkisini və nüfuzunu itirib. Cəmiyyətdə artıq o əlaltı bir qurum kimi tanınır və AXCP-dən gedənlərlə yanaşı, bunu sıravi ictimaiyyət nümayəndələri də bilir və qəbul edirlər. Partiyanı özündən başqa heç kəs dəstəkləmir. Son zamanlarda baş verən istefalara gəlincə, hesab edirəm ki, bu seçkilərdə alınan məğlubiyyət və qarşıdan gələn Parlament seçkiləridir.

- Bəs, Xalq Cəbhəsini edənlərin sonradan partiya rəhbərliyi tərəfindən şantaj olunması nədən qaynaqlanır?

- Əli Kərimli və ətrafındakı qrup AXCP-nin reytinqini qaldırmağa çalışır, buna görə, partiyada yüksək vəzifədə olanları və daha yüksəyə doğru qalxmaq istəyənləri xaric edir. İtirilmiş nüfuzu geri qaytarmaq üçün bu yolu məqbul bilir. Əgər belə bir islahat varsa və lazımsızları xaric edirlərsə, elə birinci partiyanın başında duran Əli Kərimli getməlidir. Həm partiyanın nüfuzuna xeyri olar, həm də cəmiyyətin canı ondan qurtarar. Əli Kərimli və AXCP-nin nüfuzu sıfıra bərabərdir. Bunu partiyadan istefa verənlərdə bilir və buna görə də, toplu istefalar baş verir.

- Müavinlərlə yanaşı sıravi cəbhəçilərin də partiyanı tərk etməsi prosesi sürətlənib. Bu, AXCP-yə hansı aqibəti yaşada bilər?

- AXCP-Milli Şura qarşıdurması yaranıb. Amma bu, ictimaiyyət və mediadan gizlədilir. Bu qarşıdurma Amerika və Avropadakı bəzi siyasi dairələrin xoşuna gəlmir. Həmin dairələr üçün Cəmil Həsənli və Əli Kərimlini eyni anda əldə saxlamaq o qədər də məqbul deyil. Məcburi şəkildə biri ixtisar edilməlidir. Milli Şura - AXCP qarşıdurmasını yalnız həmin siyasi mərkəzlər dayandıra bilərlər. Bu fonda Əli Kərimli üçün bir rəqib qalır, o da Cəmil Həsənlidir. Nəticədə Əli Kərimli və Cəmil Həsənli arasında "soyuq savaş" baş verir. Həmin dairələrin gözünə girmək üçün Cəmil Həsənli müəyyən yollarla Əbülfəz Qurbanlının istefasına nail oldu. İndi qalır, Əli Kərimli, baxaq görək, bundan sonra nə baş verir. Hər-halda baş verənlər həm Milli Şura, həm də AXCP-də yaranmış çatı bir az da açacaq.

- Əli Kərimli də Etibar Məmmədov və İsa Qəmbər kimi siyasi mədəniyyət nümayiş etdirib getməli deyilmi? Fikrinizcə, sədri partiyada saxlayan faktor nədir?

- Əli Kərimli AXCP-yə yağlı tikə kimi baxır. Milli Şura ilə yanaşı onun biznes mənbələrindən biri də AXCP-dir. Nəticədə özünə maneə olacaq şəxsləri ətrafından təmizləyir. İsa Qəmbər bilirdi ki, qalacağı təqdirdə iç savaş böyüyəcək və buna görə, partiyadan çıxdı. Əli Kərimlini isə partiyada ABŞ və Avropadakı bəzi siyasi dairələr saxlayırlar. Kərimli özbaşına deyil ki, durub desin "mən istefa verirəm". Məhz Əli Kərimli partiyadan buna görə, getmir.


Ömər Zamin
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31