“İnanmıram ki, müxalifət partiyaları vahid bir mövqedən çıxış edə bilsinlər”
Yusif Bağırzadə: “Bu istiqamətdə əvvəldən addım atılmalı idi”
8 İyul 2015 19:58 MüsahibəBirinci Avropa Oyunları başa çatdıqdan sonra ölkədə fəaliyyət göstərən siyasi təşkilatların əsas hədəfi bu ilin sonunda keçiriləcək parlament seçkilərinə yönəlib. Artıq bir neçə partiya dairələr üzrə namizədlərinin müəyyənləşdirilməsi prosesinə başlayıb. Belə siyasi təşkilatlardan biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır. Partiyanın sədri Yusif Bağırzadə "OLAYLAR"-a verdiyi müsahibədə AMİP-in seçki hazırlıqları, bu məqsədlə yerlərdə həyata keçirilən tədbirlər barədə danışıb.
-Yusif bəy, artıq Birinci Avropa Oyunları başa çatdı və qarşıdakı müddətdə siyasi təşkilatların əsas fəaliyyəti parlament seçkilərinə hazırlaşmaq olacaq. Bu baxımdan AMİP parlament seçkilərinə hazırlıq istiqamətində hansı işlər görür?
-Hazırda partiya parlament seçkilərinə hazırlıq istiqamətində müəyyən işlər görür. Bu məqsədlə partiyanın baş katibi Arzuxan Əlizadə ilə birlikdə regionlara səfərlər edir və yerli təşkilatların seçkilərə hazırlıq prosesi ilə tanış oluruq. Eyni zamanda dairələr üzrə ən güclü namizədlərimizin monitorinqini keçiririk ki, hansı dairədə nə qədər gücümüz var. Problem ondan ibarətdir ki, bir seçki dairəsindən bir neçə AMİP-çi namizədliyini irtəli sürmək istəyir. Ancaq hər seçki dairəsindən bir namizədlə seçkiyə qatılmaq istəyirik ki, səslərimiz parçalanmasın. Hansı dairədə AMİP-in namizədləri olmayacaq, həmin dairədən bizimlə əməkdaşlıq edən siyasi təşkilatların namizədlərinə dəstək verə bilərik.
-Təxminən neçə dairədən namizəd irəli sürməyi nəzərdə tutursunuz?
-2010-cu ilin parlament seçkilərində AMİP seçkiyə tək getdi və hakim partiyadan sonra ən çox namizədlə seçkilərə qatıldı. Həmin seçkilərdə AMİP təxminən 69 namizədlə mübarizə aparırdı. Bu isə başqa prinsipi əsas götürəcəyik. Yəni say deyil, keyfiyyətə üstünlük verəcəyik. İstəmirik ki, gücümüz parçalansın. Ona görə də mənim rəhbərliyimlə yerlərdə daha şanslı namizədin müəyyən edilməsi məqsədilə monitorinq keçirilir. Biz istəyirik ki, ən güclü namizədimizi ortaya qoyaq.
-Yerlərdə keçirdiyiniz monitorinqin nəticələrinə əsasən AMİP-in yerli təşkilatlarının seçkiyə hazır olduğunu söyləmək olar?
-Azərbaycan Milli İstiqlal Partiyasının daimi fəaliyyət göstərən seçki qərargahı var və biz seçkiyə hazırıq. Partiya 2008 və 2013-cü ilin prezident seçkilərində iştirak etməsə də, ancaq hər zaman parlament seçkilərində mübarizə aparıb. Bu gün də AMİP seçkilərə ciddi hazırlaşır.
-Partiya sədri olaraq siz də namizədliyinizi irəli sürməyi düşünürsünüzmü?
-Əlbəttə, seçkilərdə iştirak etməyi düşünürəm. AMİP sədri olaraq seçkilərdə namizədliyimi Gəncə şəhərindən irəli sürəcəm. Ümumiyyətlə, partiya sədri kimi başlıca amalım, məqsədim ondan ibarətdir ki, AMİP 2015-ci ildə parlament partiyası olsun.
-Hər seçki ərəfəsində bir məsələ gündəmə gəlir. Yəni siyasi qüvvələr seçkiyə vahid mərkəzdə, yaxud müstəqil şəkildə getsin. AMİP sədri olaraq siz necə düşünürsünüz, partiyalar seçkiyə hansı formada getməlidir?
-İndiki halda partiya seçkilərə tək gedir. Ancaq ola bilsin ki, seçkiyə blok şəklində də gedək. Bu məsələ də gündəmdədir və onunla əlaqədar müəyyən planlarımız var. Bildiyiniz kimi, AMİP sağ mərkəzçi siyasi təşkilatdır və sağ mərkəzçi təşkilatların koalisiyasının yaradılması normal olardı. Ancaq seçkilərə az bir zaman qaldığından inanmıram ki, Azərbaycanda fəaliyyət göstərən müxalifət partiyaları vahid bir mövqedən çıxış edə bilsinlər. Bu istiqamətdə əvvəldən addım atılmalı idi. Hələ 2010-cu ilin parlament seçkiləri zamanı təklif etmişdim ki, 125 serçki dairəsinin hər birindən müxalifət partiyaları vahid namizədlə çıxış etsin. Bunun üçün monitorinq keçirilməli və ən güclü namizəd müəyyən olunmalı idi. Ancaq bu gün o mümkünsüz görünür. Ona görə də düşünürük ki, seçkiyə tək gedək. Ancaq qeyd etdiyim ki, seçki bloku ilə bağlı da planlarımız var və əməkdaşlıq platforması hər zaman gündəmdədir.
-Bəs partiyanın beynəlxalq əməkdaşlığı hansı səviyyədədir?
-Azərbaycan Milli İstiqlal Partiyası Beynəlxalq Demokratlar İttifaqında təmsil olunur. Məlumat üçün deyim ki, Beynəlxalq Demokratlar İttifaqının vitse-prezidenti də AMİP lideri Etibar Məmmədovdur. Bu Avropanın 90-a yaxın siyasi təşkilatını birləşdirən bir qurumdur. AMİP Azərbaycanda yeganə partiyadır ki, Avropa qurumları, təşkilatları ilə yaxından əməkdaşlıq edir. Həmçinin, Avropa Parlamentinin fraksiyası olan Avropa Xalq Partiyası fəaliyyət göstərir ki, Avroparlamentin qərarları orada müzakirə edilərək parlamentin gündəliyinə çıxarılır. AMİP-də həmin partiyaya namizəd olan siyasi təşkilatdır. Fikrimiz var ki, tezliklə Avropa Xalq Partiyasına üzv olaq. Çünki bu gün Ermənistan və Gürcüstanda fəaliyyət göstərən bir neçə siyasi təşkilat AXP-yə daxildir. Ancaq Azərbaycandan heç bir siyasi təşkilat həmin quruma daxil deyil. Eyni zamanda bizim partiya olaraq Avropa Parlamentində təmsil olunan bir neçə siyasi təşkilatla ikitərəfli müqavilələri var. Bizim işimiz ondan ibarətdir ki, Azərbaycan Avropaya daha yaxın olsun. Ümumiyyətlə, partiya olaraq hər zaman beynəlxalq təşkilatlarla yüksək səviyyədə təmaslar qururuq.
Süleyman İsmayılbəyli