“Əli Kərimli çalışır ki, ölkədə siyasi sabitik pozulsun”

Niyaməddin Orduxanlı: “Bu onun çoxdankı arzusudur”

"Ancaq inanmıram ki, Azərbaycan xalqı Əli Kərimli kimi bir xəyanətkar şəxsə dəstək versin"

Birinci Avropa Oyunları başa çatdığından qarşıdakı müddətdə ölkənin siyasi həyatında aktivliyin müşahidə ediləcəyi istisna edilmir. Nəzərə alsaq ki, bu ilin sonunda Azərbaycanda parlament seçkiləri keçiriləcək, o halda yaxın vaxtlarda aktiv siyasi proseslərin şahidi olacağımızı söyləyə bilərik. Artıq indidən bir sıra partiyalar fəal mərhələyə qədəm qoyub və seçki hazırlıqlarını sürətləndirib. Belə partiyalardan biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Partiyanın sədr müavini Niyaməddin Orduxanlı "OLAYLAR"-a verdiyi müsahibədə təmsil etdiyi partiyadakı seçki hazırlıqları, eləcə də müxalifət düşərgəsində cərəyan edən proseslər barədə danışıb.

-Niyaməddin bəy, Birinci Avropa Oyunlarından sonra ölkədə siyasi aktivliyin artması müşahidə ediləcəkmi?

-Artıq Birinci Avropa Oyunları bitib. Nəzərə alaq ki, 2015-ci il parlament seçkilərinin rəsmən start verilməsinə 2 ay vaxt qalıb. Noyabr ayında seçkilər keçiriləcək və qanuna görə hazırlıqlar seçki günündən 2 ay qabaq başlanır. Bu səbədən də artıq bu günlərdə siyasi partiyalarda siyasi aktivliyin artacağı müşahidə olunacaq. Və bu proses günü-gündən davam edəcək. Bilirsiniz ki, Azərbaycanda rəsmi 50-dən artıq siyasi partiya qeydə alınıb və ümumilikdə götürdükdə isə 20-25 siyasi partiyanın parlament seçkilərində aktiv şəkildə iştirak edəcəyi gözlənilir.

-Bəs Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçki hazırlıqları istiqamətində hansı addımlar atır?

-Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası ilkin olaraq aprel ayında keçirdiyi sonuncu Ali Məclisinin sessiyasında sədrimiz Qüdrət Həsənquliyev tərəfindən partiya rəhbərliyi qarşısında seçki hazırlığı ilə bağlı məsələ qaldırılıb. BAXCP bu il keçirilən seçkilərdə çox aktiv şəkildə iştirak etmək niyyətindədir. Hal-hazırda  BAXCP-nin 60-a yaxın rayon şöbəsi mövcuddur. On minlərlə insanı özündə birləşdirən BAXCP bu dəfə də seçkilərdə xeyli sayda namizədlə iştirak etmək niyyətindədir. Partiyanın rəhbərliyində olan şəxslərin cəmiyyətdə kifayət qədər tanınması, nufuzu, hörməti imkan verir ki, biz bir partiya olaraq seçkidə güclü namizədlərlə iştirak edək. Gözləntilərimiz çoxdur. Çalışacağıq ki, ən azı 125 dairənin 80 faizindən öz namizədimizlə iştirak edək .

-Görünən odur ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası isə seçkidə iştirak etməyəcək. Bu sözügedən partiyaların siyasi səhnədən tədricən silinməsinə gətirib çıxarmayacaqmı?

-Əli Kərimli ilə Müsavat Partiyası seçkidə iştirak etsə nə olacaq idi ki? Kim qalıb onların yanında? Bu iki partiyalar kimi namizəd kimi irəli sürəcək? Bu adamların yanında 250 nəfər yoxdur ki, hər partiyadan 125 nəfəri irəli sürsünlər. 2013-cü il prezident seçkilərində 10-a yaxın partiya birləşib Rusiyanın layihəsi olan Milli Şuraya 130 nəfəri güclə toplaya bilmişdilər. 250 nəfər siyasətlə məşğul olan adamı hardan tapacaqlar? Bu adamlar 25 ildə hansı uğura imza atıblar ki? Hər ikisi- İsa Qəmbər və Əli Kərimli imkan düşdükcə bir -birini "əzmək"lə məşğul olur. Qarşılıqlı nifrətləri var. Hər iki partiya bu gün yalnız mətbuat üzərində "mövcud"luqlarını saxlaya biliblər. Çox uzağa getməyək. Hər iki partiyada son 10 ildə aktiv siyasi fəaliyyətlə məşğul olan neçə adam qalıb? Baxın görün kimlər var. Əli Kərimlinin bu gün yanında olan uşaqlar, gənclər təcrübəsi olmayan şəxslərdi. Onlar da ona görə ordadırlar ki, imkan düşən kimi Natiq Ədilov kimi aradan çıxıb yaxşı yaşamaq üçün Fransadan sığınacaq alsınlar. Mühacirətə getmək perspektivi ilə ordadırlar. Müsavat Partiyasının son qurultayından sonra isə Qübad İbadoğlu partiyanı parçaladı. Faktiki Müsavat çox zəif bir partiyaya çevrilib. Bu partiyaların seçkidə uğur qazanacağı mümkün deyil.

-Seçki ərəfəsində Milli Şurada təmsil olunan siyasi təşkilatlar yenidən kütləvi aksiyalarla siyasi sabitliyi pozmağa çalışacaqlarmı?

-Əli Kərimli geçə-gündüz çalışır ki, ölkədə siyasi sabitik pozulsun. Bu onun çoxdankı arzusudur. Əli Kərimli bu arzu ilə yaşayır. Ancaq inanmıram ki, Azərbaycan xalqı Əli Kərimli kimi bir xəyanətkar şəxsə dəstək versin və ölkənin sabitliyi pozulsun. Onlar buna təbii ki, cəhd edəcəklər. Ancaq həmişə olduğu kimi onların keçirdiyi aksiyada ömür böyu kitablarında hakmiyyəti tərifləmiş, yaltaqlıqla məşğul olmuş və  satqınçılığı səbəbindən hakimiyyət tərəfindən qovulmuş cəmil həsənlilər, gültəkin hacıbəylilər iştirak edəcək. Bu adamların da şəxsi maraqları üçün hər kəsi, o cümlədən Əli Kərimlini ayaqar altına atdıqlarını hər kəs bilir. Neçə ki, Cəmil Həsənli bunu dəfələrlə edib.


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31