Rəqabətlilik baxımından seçkilər çox maraqlı olacaq

Ramil Hüseynov: “Bir çox dövlətləri, bəzi daxili və xarici qüvvələri dövlətimizin, o cümlədən iqtidarın uğuru narahat etməyə bilməz”

Artıq Birinci Avropa Oyunları başa çatdığından ölkənin siyasi həyatında aktivliyin müşahidə ediləcəyi də istisna edilmir. Xüsusilə, bu il seçki ili olduğunu nəzərə alsaq, yaxın vaxtlarda siyasi partiyaların aktiv seçki hazırlıqlarına başlayacağını söyləmək olar. Bəs görəsən partiyalar bu prosesə hazırdırlarmı? Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Ramil Hüseynovla söhbətimizdə ölkədəki siyasi vəziyyət, VİP-in seçki hazırlıqları barədə danışdıq.

-Ramil bəy, artıq Birinci Avropa Oyunları başa çatdı. Sizcə, bundan sonra ölkənin siyasi həyatında, siyasi proseslərdə bir aktivlik müşahidə ediləcəkmi?

-Əvvəlcə Birinci Avropa Oyunları ilə bağlı bütün xalqımızı, idmançılarımızı təbrik edirəm və onlara möhtəşəm himnimizi dəfələrlə səsləndirdiklərinə görə minnətdarlığımı bildirirəm. Ümumiyyətlə bu işdə əməyi olanların hamsına təşəkkür düşür. Bu butövlükdə dövlətimizin uğurudur. Tam səmimi deyirəm ki, ölkə başçısı və Mehriban xanım son tədbirdə (idmançıların və federasiya rəhbərlərinin mükafatlandırılma mərasimi) bir daha öz qətiyyət və cəsarətlərini nümayiş etdirdilər ki, bütün qarayaxmalara baxmayaraq onların bu oyunlarla bağlı qəbul etdikləri qərar doğrudur. Azərbaycanın dünyada tanınması üçün müstəqil şəkildə bu cür möhtəşəm tədbirin keçirilməsi təbii ki, bir çox dövlətləri, bəzi daxili və xarici qüvvələri dövlətimizin, o cümlədən iqtidarın uğuru narahat etməyə bilməzdi. Bu narahatçılıqlarını da onlar açıq şəkildə biruzə verdilər. Düzdür mən obyektiv tənqid edən insanların arqumentlərini qəbul edirəm. Amma bu cür tədbirlərdə həmrəy olmaq lazımdır. Hesab edirəm ki, həmrəylik də nümayiş olundu. Nəticədə ölkəmizin müsbət imicinə xidmət edən tarixi bir hadisə yazıldı. Mən həmişə demişəm ki, ölkədə normal siyasi münasibələr qurulmalıdır. Bu münasibətlər qarşılıqlı etimad əsasında olmalıdır. Bizim bu gün Qarabağ kimi problemimiz var . Hesab edirəm ki, bu il bu sahədə də uğurlarımız olacaq. Nəhayət biz torpaqlarımızı azad edəcək, işğal olunmuş ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunları nəzərə alaraq yəqin ki, ölkə rəhbəri müəyyən dəyişikliklər və islahatlar edəcək. Çünki son proseslər göstərdi ki, bəzi məmur heyəti öz yerində deyil və onlar mütləq cəzalandırılmalıdır.

-Artıq qarşıdakı müddətdə siyasi aktivlik artacaqmı və partiyaların seçki hazırlıqlarını sürətləndirməsinin zamanı deyilmi?

-Siyasi aktivliyə qalanda deyə bilərəm ki, indi Ramazan ayıdı. Fürsətdən istifadə edib bütün Oruc tutan vətəndaşları təbrik edirəm. Allah onların oruclarını qəbul etsin. Amma yəqin ki, yaxın zamanlarda siyasi partiyalar seçkilərlə bağlı mühüm qərarlar qəbul edəcək. Bu il ölkədə keçiriləcək parlament seçkilərində rəqabətlilik baxımından seçkilər çox maraqlı olacaq və növbəti illərə nisbətən daha çox yeni insanların parlamentə düşəcəyi gözlənilir. Hər halda siyasi proseslər bu gun üçün bunu diqtə edir.

-Vətəndaş və İnkişaf Partiyası seçki hazırlıqları istiqamətində hansı işlər görür?

-Vətəndaş və İnkişaf Partiyası olaraq deyə bilərəm ki, biz artıq  60-a yaxın dairələrdə namizədlərimizi müəyyənləşdirmişik. Onların çoxu artıq qətiləşıb. Digərləri ilə isə danışıqlarımız davam edir. Onu da deyim ki, məndə öz namizədliyimi irəli sürəcəm. Artıq bununla bağlı qərar qəbul etmişəm. 78 saylı Lerik- Lənkaran seçki dairəsindən namizədliyimi irəli sürəcəm.

-Partiya seçkiyə müstəqil, yoxsa "Azadlıq-2015" seçki blokunun tərkibində gedəcək? Ümumiyyətlə, partiyanın bununla bağlı mövqeyi nə vaxt müəyyənləşəcək?

-Biz blok daxilində namizədlərimizi müəyyənləşdiririk. Əgər sona qədər blokda səmimiyət qalacaqsa, təbii ki, bir yerdə seçkidə iştrak edəcəyik.  Əgər digər bloklar kimi qeyri-səmimi addımlar atılacaqsa və əvvəldən blokun taleyinin sonda necə olacağı bilinəcəksə, biz həmin blokda təmsil olunmayacağıq.

-Görünən odur ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat seçkidə iştiraka maraqlı deyil. Bir qayda olaraq isə seçkidə iştirak etməyən partiyalar bu prosesin iştirakçılarını yerli-yersiz tənqid edirlər. Sizcə bu seçkidə də anoloji proseslər müşahidə ediləcəkmi?

-Kimliyindən asılı olmayaraq nə qərar çıxarılacaqsa, biz həmişə müstəqil qərarlarımızı qəbul edəcəyik. Bizim nə daxildə, nə də xaricdə bəzi partiyalar kimi assıllığımız yoxdur ki, qərarlarımıza kiminsə təsiri olsun.

-VİP-in seçkiöncəsi Milli Şura, yaxud AXCP və Müsavatla hansısa formada əməkdaşlığı mümkündürmü?

-Hesab edirəm ki, indiki şəraitdə bu mümkün deyil.


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31