İŞİD-in Qafqaz üçün təhdidləri ciddiləşərsə, adekvat tədbirlər görüləcək
Əlabbas Məhərrəmli: “Terror təşkilatının Yaxın Şərqdəki sərbəst fəaliyyətini Qafqazda da təmin etməsi qətiyyən asan deyil”
30 İyun 2015 13:59 Müsahibə"Həm Rusiya, həm də Azərbaycan bu təhlükənin qarşısını almaq imkanındadırlar"
Qlobal səviyyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirilsə də, hələlik bu əməliyyatlar tam mənada öz müsbət nəticəsini göstərmir. Əksinə hər ötən gün İŞİD-in öz sərhədlərini aşaraq müxtəlif əraziləri zəbt etmək planları barədə yeni-yeni məlumatlar yayılır. Bir neçə gün əvvəl terror təşkilatının hətta Qafqaza gəlib çatması barədə yayılan xəbər isə kifayət qədər təhlükəli məqamlardan xəbər verir. Həmin məlumatda terror təşkilatının Qafqaza əmir təyin etdiyi də bildirilirdi. Bəs görəsən İŞİD-in Qafqaza gəlməsi barədə yayılan xəbərlər nə dərəcədə həqiqətdir və region üçün hansı təhlükələr vəd edir? Bu və ya digər məsələlərlə bağlı müstəqil ekspert Əlabbas Məhərrəmli ilə söhbətləşdik.
-Əlaabas bəy, bu günlərdə İŞİD Qafqaz regionunun da nəzarəti altında olduğunu bildirdi və ora əmir təyin etdiyini bəyanladı. İŞİD-in Qafqaza gəlib çatması nə dərəcədə təhlükəli məqamlardan xəbər verir?
-Qeyd etmək lazımdır ki, İŞİD nəinki Yaxın Şərq və Qafqaz, bütövlükdə İslam dünyası üçün böyük təhlükədir. İŞİD-in belə deyək, fenomenə çevrilməsinin və sürətlə yayılmasının bəlli səbəbləri var. Bu şəbəkə özünü "İslam dininin mühafizi" kimi təqdim etsə də, əslində onun fəaliyyətinin İslam dininə heç bir aidiyyatı yoxdur. İŞİD-in son bir ildə həyata keçirdiyi fəaliyyət İslam dini daxilində təfriqə yaratmaq, onsuz da qibtə ediləsi vəziyyətdə olmayan müsəlman ölkələrinin durumunu daha da ağırlaşdırmağa yönəlib. Bu qurumun insanlığa sığmayan addımları onun heç bir dəyərə istinad etmədiyini göstərir. İŞİD-in Qafqaz kimi həssas bölgə ilə bağlı planlarının olması da təbiidir. Amma hesab edirəm ki, İŞİD-in Yaxın Şərqdəki sərbəst fəaliyyətini Qafqazda da təmin etməsi qətiyyən asan deyil. Hər halda, həm Rusiya, həm də Azərbaycan bu təhlükənin qarşısını almaq imkanındadırlar. Yəqin İŞİD-in Qafqaz üçün təhdidləri ciddiləşərsə, adekvat tədbirlər görüləcək.
-Məlumdur ki, İŞİD Qərbin, Amerikanın xeyir-duası ilə yaranıb. Siyasi yolla, təzyiqlərlə Azərbaycanı özünə tabe etdirə bilməyən Amerika, Qərb mümkündürmü ki, İŞİD vasitəsilə Azərbaycanla haqq-hesab çəkməyi düşünsün?
-İŞİD-in meydana çıxarılmasında Qərb ölkələrinin xüsusi xidmət orqanlarının əlinin olması haqda məlumatlar müntəzəm yayılır və mən bu məlumatlara ciddi yanaşıram. O baxımdan, Azərbaycana qarşı İŞİD amilindən istifadə olunmasına cəhd göstərilməsi istisna deyil. Bununla belə, yenə deyirəm ki, Azərbaycan belə təhlükələrin qarşısını almaq gücündədir.
-İŞİD-in Qafqazda peyda olması bəs Rusiya üçün hansı təhlükələr vəd edir?
- Şimali Qafqazda vəziyyət İŞİD-ə qədər də çox mürəkkəb idi. Müxtəlif dini cərəyanların bu bölgədə fəaliyyəti ara vermir və hüquq-mühafizə orqanları onlara qarşı mübarizə aparmaq məcburiyyətindədir. Amma nəzərə alaq ki, Rusiya İraq və Suriya deyil. Yəni Rusiya İŞİD təhlükəsinin reallaşacağı surətdə onun qarşısını ala bilər. O da qeyd olunmalıdır ki, bu məsələdə ölkələr arasında əlaqəli fəaliyyətin qurulması da mümkündür.
-Azərbaycan İŞİD təhlükəsinin qarşısını almağa hazırdırmı?
-Yuxarıda bu məsələyə toxundum və bir daha təkrar edirəm ki, Azərbaycan bu tip təhlükələrin qarşısını almaq imkanındadır. Demək artıqdır ki, ölkənin aidiyyatı dövlət strukturları bu məsələləri müntəzəm nəzarətdə saxlayır və zəruri önləyici tədbirlər görürlər. İnanıram ki, İŞİD təhlükəsi ciddi surətdə ortaya çıxarsa, Azərbaycan dövləti onun aradan qaldırılmasına tam hazırdır.
Süleyman İsmayılbəyli