“Oruc tək mədəni bütün günü ac saxlamaq deyil”
Hacı Ceyhun Şükürov: “On bir ay istədiyini edib, Ramazanda Allah adamı olmaq, Allahın bütün haramlarından əl çəkib oruc tutmaq özümüzü aldatmaqdır”
19 İyun 2015 14:06 MüsahibəArtıq bir neçə gündür ki, on bir ayın sultanı olan Ramazan ayı başlayıb. Bir qayda olaraq bu ayda müəyyən mübahisəli məsələlər, hansı əməlin orucu batil edib-etməməsi ilə əlaqədar bir-birinə zidd fikirlər yayılır. Biz də oruc tutan birisinin Ramazanda hansı pis əməllərdən çəkinməli olduğu, nələrin orucu batil etdiyinə aydınlıq gətirmək üçün ilahiyyatçı Hacı Ceyhun Şükürovla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Hacı Ceyhun Şükürov Ramazanda toy məclisinin mümkün olub-olmadığına da aydınlıq gətirib.
-Ceyhun müəllim, artıq bir neçə gündür ki, müqəddəs Ramazan ayı başlayıb. Ramazanda oruc tutan şəxslər bir qayda olaraq nələrdən uzaq olmalı, hansı pis əməllərdən çəkinməlidirlər?
-Bildiyimiz kimi oruc İslamın 5 şərtindən biridir. Oruc tutmaq müsəlman olan, ağlı başında olan, (Dəliyə oruc tutmaq vacib deyil) həddi buluğa çatan, xəstə olmayan kişi və qadına vacibdir. Allah Təala Qurani-Kərimdə buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (əl Bəqərə 183)". Oruc Allahın razılığını qazanmaq üçün edilən ibadətdir, bununla qul yemək, içmək və cinsi əlaqə kimi sevdiyi və tələb etdiyi şeyləri tərk etməklə öz Rəbbinə daha da yaxınlaşır. Bunları etməklə qulun imanının doğruluğu və Allaha qarşı qulluğunun kamilliyi, həmçinin Allaha qarşı sevgisi və Allah təalanın onun üçün hazırladığı bol xeyrə nail olma istəyi, arzusu nəzərə çarpır. Hər bir müsəlman oruc tutmağı yemək içməyi və ya cinsi əlaqəni tərk etmək kimi anlamamalıdır. Oruc tək mədəni bütün günü ac saxlamaq deyil oruc həmçinin gözü, dili qulağı haramlardan qorumaqdır. Peyğəmbər(s.a.s) buyurur: "Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təala onun tərk etdiyi yemək-içməyə baxmaz". (Buxari). İnsan oruclu olduğunda, nəfsi hər dəfə günah etməyə meyl etdikdə, o oruclu olduğunu yadına salır və beləcə özünü günahdan çəkindirir. Ona görə də, Peyğəmbər sallallahu aleyhi və səlləm oruc tutan kəsə əmr etmişdir ki, bir kəs onu söyəndə və təhqir edəndə belə söyləsin: "Mən orucam". Bununla (söyüş söyən və təhqir edən kəsi) onu xəbərdar edir ki, Allah təala oruc tutan insana söyüş söyməkdən, təhqir etməkdən çəkinməyi əmr etmişdir və həmçinin oruc tutana oruclu olduğunu və söyüş söyənə, nalayiq sözlər işlədənə qarşı eyni cür hərəkətlə cavab verməyəcəyini xatırladır. Ümumiyyətlə, Oruc insana təqvanı qazandıran önəmli bir nəfs tərbiyəsidir. Təqva da insana təmiz qəlb, ayıq qəlb, səlim qəlb qazandırır. Təqvaya aparan yol nəfsin tərbiyəsindən keçir. Nəfsini tərbiyə edə bilən qəlbini də Allahın yardımı ilə nəfsin şərindən qoruya biləcək. Ayıq qəlb Yaradanın razılığını qazanmağa bir vəsilədir.
-Bəzən orucu kimlərəsə göstərmək, reklam etmək məqsədilə tutanlar da var. Bu kimi insanların tutduğu oruc nə dərəcədə qəbul olunur?
-Ümumiyyətlə bir ibadətin qəbul olması üçün əsas iki şərt vardır ki, bunun birincisi ixlasdır, səmimiyyət. Yəni həmin əməli sırf Allah rizası üçün, Allahın razılığını qazanmaq üçün etməlidir. Bu şərt pozularsa o əməl Allah tərəfindən qəbul olunmaz. Çünkü ibadətlərdə ixlas və niyyət böyük əhəmiyyət kəsb edir. Ona görə də Oruc tutan əməlinin qəbul olunmasını istəyirsə niyyətini təzələməli, onu Allah üçün etməlidir. Çünki Peyğəmbər (S.a.s) buyurur ki "Əməllər niyyətlərə görədir"(Hədisi Şərif).
-İlin 11 ayını istənilən pis əməllərlə yola verib bir ayda oruc tutmaq nə dərəcədə normal sayıla bilər?
-On bir ay istədiyini edib, istədiyi şəhvani nəfəslərinə qapılıb nəfsin istəklərinə boyun əyərək, yalnız Ramazanda Allah adamı olmaq, Allahın bütün haramlarından əl çəkib oruc tutmaq özümüzü aldatmaqdır. Müsəlman olacağıqsa hər ay müsəlman olacağıq. Öncəkilərin bu barədə bir misalı vardır: "Hər gecəni bir Qədir gecəsi say. Hər gələni də Xıdır bil. Təbii bu bir misaldır. Necə ki, Qədir gecəsini dua və ibadətlərlə keçiririksə digər gecələri və günləri də o cür keçirməliyik. Allaha ibadət hər vaxt olur. Həmçinin haramlardan çəkinmək, Allahın qadağanlarından uzaq durmaq Ramazanla məhdudlaşmır.
-Bir qayda olaraq hər Ramazanda bir mübahisə mövzusu olur. Yəni, bu ay ərzində toy etmək olarmı?
-Ramazan ayında Toy məsələsinə gəldikdə deyə bilərəm ki, toy bütün aylarda icazəlidir. İslam dini yalnız haram olan xüsusları qadağan edir. Toyda qadın-kişinin bir yerdə olması ilə yanaşı içki içmə və buna bənzər şeylər qadağan edilir. Toy iki gəncin nikahına qohumların və dostların şahidliyidir. Bu münasibətlə də ziyafət verilir ki, bu ziyafət də Ramazanda yalnız iftardan sonra mümkün ola bilər. Mübahisə isə ondan irəli gəlir ki, bizim toylarımız israfçılıq və içki məclisi olduğuna görə əhali bu aya xatir eyş-işrətə, əyləncəyə və s. müvəqqəti olaraq ara verirlər ki, bunlar onsuz da istər Ramazanda, istərsə də başqa aylarda da qadağan olan əməllərdir.
-Artıq ikinci ildir ki, Ramazan ayı yay fəslinə təsadüf edir. Maraqlıdır ki, oruclu insanların bir çoxu bəzən dənizdə çimməyə üstünlük verirlər. Bəs, bu hal orucu batil edirmi?
-Ramazanda isti vaxtlarda əhalinin istidən qorunmaq üçün dənizə üz tutması İslam şəriətinin tələbləri çərçivəsində mümkündür. Orucu pozan amillərdən biri də boğazdan hər hansı bir qidanın və ya mayenin keçməsidir. Dənizdə, çayda və ya hər hansı bir su hövzələrində çimən şəxslər boğazdan suyun keçməməsinə fikir verməlidirlər. Bunun üçün suya bir başa "kəllə vurmaq" olmaz. Boğazdan aşağı bədənin islanması orucu pozmur. Suya batarkən isə burun-qulaq vasitəsi ilə udlaqdan su keçmə ehtimalı yüksək olduğu üçün bundan çəkinmək daha məqsədə uyğundur. Hamamlarda duş altında da çimərkən bu qaydalara fikir vermək lazımdır. Allah hamının oruc ibadətini qəbul etsin.
Süleyman İsmayılbəyli
Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin Azərbaycan Respublikası prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "İslam dinində parçalanma yaratmağa çalışan dini təqiqətlərə qarşı mübarizədə ictimaiyyətin rolunun artırılması tədbirlərinin təşkili" layihəsi çərçivəsində çap edilir