3-5 il sonra İqdırdan böyük şəhərlərə köç başlana bilər

Sərdar Ünsal: “Son 10 ildə Azərbaycan türklərindən olan bəzi məktəb müdirləri vəzifələrindən çıxarılıblar”

İyunun 7-də Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri və ortaya çıxan siyasi mənzərə hələ də qardaş ölkədə geniş müzakirə predmeti olaraq qalmaqdadır. Xüsusilə, azərbaycanlıların böyük əksəriyyət təşkil etdiyi İqdırda Xalqların Demokrat Partiyasının (HDP) qalib gələrək parlamentdə təmsil olunması bu vilayətdə ruh düşgünlüyü, məyusluq yaradıb. Bəs görəsən İqdırda kürdlərin üstünlük əldə etməsinin başlıca səbəbi nədir və HDP-nin İqdırdan millət vəkili seçməsi bu vilayətin gələcəyi üçün hansı mənfi fəsadlara yol açacaq? Xüsusilə oradakı azərbaycanlılar bundan sonra hansı problemlərlə üzləşəcəklər? Bu və ya digər suallarla bağlı İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Sərdar Ünsal mövcud vəziyyətdən çıxış yolu barədə də danışıb.

-Sərdar bəy, Türkiyədə keçirilən parlament seçkilərində Xalqların Demokrat Partiyasının (HDP) İqdırda qələbə qazanması və bu partiya nümayəndələrinin parlamentə seçilməsi iqdırlı azərbaycanlıların durumunu hansı mənfi təsiri göstərəcək?

-İyunun 7-də Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə Xalqların Demokrat Partiyasının (HDP)-nin İqdırdan iki millət vəkili çıxarması məncə yaxşı olmadı. Hər kəs bir HDP, bir MHP üzvünün deputat seçiləcəyini deyirdi. Ən güclü partiya da məhz MHP idi. MHP-nin namizədi olan İsa Yaşar Tezel də Türkiyə və Azərbaycan sevdalısı idi. Əgər deputat seçilsəydi, Türkiyə Böyük Millət Məclisində Azərbaycanın səsi olacaqdı. Ancaq HDP-nin İqdır üzrə keçirilən seçkidə uğur qazanması bu vilayətdə yaşayan Azərbaycan türkləri arasında böyük bir ruh düşkünlüyü yaratdı. Hazırda Türkiyə Böyük Millət Məclisində milliyyətçi görüşə sahib, Azərbaycan sevdalısı, Azərbaycan türkü olan millət vəkili yoxdur. Ancaq buna qarşılıq olaraq TBMM-də 3 erməni mənşəli millət vəkili var. Əvvələr İqdırda bir çətinlik olduğu halda Məclisdə millət vəkilimiz var, həll edər, deyərdik. Amma indi bu sözü  deyə bilməyəcəyik. Əgər İqdırda vəziyyət mənfiyə doğru dəyişər və yaşanmaz bir vilayətə çevrilərsə 3-5 il sonra İqdırdan böyük şəhərlərə köç başlaya bilər. Bu gün hər kəsdə bir ümidsizlik, ruh düşkünlüyü var. Heç kim belə bir nəticəni gözləmirdi. Seçkilərin nəticələri böyük bir xəyal qırıqlığı yaratdı. HDP-nin İqdırdan millət vəkili seçilməsi 3-5 il sonra böyük çətinliklər yarada bilər. Qorxutma, təzyiq kimi hadisələr baş verə bilər. Bunların olmaması üçün qurulacaq olan yeni hökumətin tərkibinə baxmaq lazımdır.  Məlumat üçün qeyd edim ki, son 10 ildə Azərbaycan türklərindən olan bəzi məktəb müdirləri vəzifələrindən çıxarılıblar. Əgər onlar vəzifələrinə geri dönsələr İqdırdan köç olmaya bilər. Nəticə etibarilə hər kəsdə bir  güvənlik, ümid yaranar. Hazırda onu deyə bilərəm ki, hələlik HDP-lilərin Azərbaycan türklərinə qarşı yanaşmalarında mənfi bir hal müşahidə edilmir, münasibət çox yaxşıdır. Ancaq gələcəkdə nələr olacaq, onu deyə bilmərik.

-Son bir neçə seçkidə İqdırda kürdlərin önə keçməsi və seçkilərin qalibi olmasının səbəbi nədir?

-İlk növbədə İqdırda kürdlərin sayının artmasıdır. Həmçinin kürd şəxsiyyətinin ön plana çıxması, kürd milliyətçiliyinin yüksəlməsi bu proseslərə təsir edən faktorlardır. Eyni zamanda birlik və bərabərlik halında olmaları, partiya daxilində həmrəyliyin, vahid fikrin hökm sürməsi də onların seçkilərdə önə çıxmasına təsirsiz ötüşmür. "Mən Kürdəm" şüurunu tam mənada mənimsəyən kürdlər İqdırın Orta Asiyaya açılan qapı olduğunu nəzərə alaraq bu vilayətdə hər zaman öndə olmağa çalışıblar. Hesab edirəm ki, artıq Azərbaycan dövləti Iqdırı düşünməli, İqdırda yaşana Azərbaycan türklərinə sahib çıxılmalıdır. Həmçinin İqdıra sərmayələr qoyulmalıdır. Düşünürəm ki, bu gün İqdırın bi liderə ehtiyacı var. Bu lider iqdırlı türkləri öz ətrafında birləşdirməyi bacarmalıdır. İqdırda yaşayan Azərbaycan türkləri də artıq kürdlər kimi milli şüura sahib olaraq birlik nümayiş etdirməlidir. Bir-birilərinə qarşı kampaniya aparmamalı, birlik və bərabərliklərini qoruyaraq gələcək seçkilərdə İqdırda öz sözünü deməlidir.
Bunun üçün də yuxarıda qeyd etdiyim kimi liderə ehtiyac var. Hər kəs şəxsi maraqlarını, mənfəətlərini bir kənara qoyub "mən deyil, biz" deməyi bacarmalıdır.

-Müəyyən bir müddətdən sonra İqdırdan  millət vəkili seçilmiş HDP-lilər Türkiyə Böyük Millət Məclisində Ermənistanla sərhədlərin açılması təşəbbüsü ilə çıxış edə bilərlərmi?

-Əslində HDP-nin Ermənistanla bağlı siyasəti məlumdur və partiya tərəfindən verilən bəyanatlarda hər zaman Türkiyə günahlandırılır. Müntəzəm olaraq ermənilərə qarşı "soyqırımın" törədildiyi bildirilir. Ona görə də Türkiyə Böyük Millət Məclisinə seçilən üç erməni mənşəli millət vəkili HDP millət vəkilləri ilə eyni mövqedən çıxış edərək Ermənistanla sərhədlərin açılması, ticarət əlaqələrinin bərpa edilməsi təşəbbüsü ilə çıxış edə bilərlər. Düşünürəm ki, belə bir addım atacaqlar da. Əgər yeni qurulacaq koalision hökumətdə təmsil olunsalar Ermənistanla sərhədlərin açılması üçün Türkiyə Böyük Millət Məclisində imzatoplama kampaniyası da apara bilərlər. Təbii ki, Birləşmiş Ştatlar və Avropa da buna dəstək verəcək. Nəticə etibarilə Ermənistanla sərhəd qapıları açıla bilər. İqdırda azlıq vəziyyətinə düşən biz Azərbaycan türkləri nə qədər etiraz etsək də, "Ermənistanla sərhədlər açılmasın" desək də səsimizi eşidəcək millət vəkilimiz olmadığı üçün kimsə bizə qulaq asmayacaq.

-Bəs yaxın illərdə İqdırın tamamilə kürdləşməsi kimi bir problem ortaya çıxa bilərmi?

-Əlbəttə çıxa bilir.  Çünki İqdırda kürdlərin sayı hər keçən gün artır. Türkiyədə yaşayan, xüsusilə Şərq və Cənub-şərqdəki Kürd mənşəli vətəndaşlar "Kürd şəxsiyyəti" mövzusunda daha həssasdırlar. Hər ailədə 7-10 uşaq dünyaya gəlir. Say artdıqca, təbii olaraq bölgənin quruluşu da dəyişir. Bizdə isə ailələr 1, yaxud 2 uşaq dünyaya gətirirlər. Bu səbəbdən İqdırda yaşayan Azərbaycan türkləri gələcəkdə azlıq olaraq tanınacaqlar. Beləliklə, İqdırda yaşayan insanların 80 faizini kürdlər, 20 faizini isə Türklər təşkil edəcək. Son parlament seçkilərinin nəticələri göstərdi ki, İqdırda kürdlərin sayı Türklərdən çoxdur. Nəticələrə əsasən, İqdırda  60 min kürd seçici, 35 min isə Türk seçicisinin olduğu üzə çıxdı. Mən deyərdim ki, Azərbaycan Türkləri İqdırda bələdiyyə seçkilərini uduzduğu gündən azlıq təşkil etməyə başladılar. Son 6 ildə İqdıra ətraf ərazilərdən 20 mindən artıq kürd gətirilərək burada yerləşdirilib. 
Bunun qarşılığında isə İqdırdakı Azərbaycan türkləri buradan köç edərək azalıblar. Təəssüflər olsun ki, bu qaçılmaz bir faktdır. Bir müddət sonra Ermənistanla sərhəd açılarsa o halda ermənilərin İqdırdan ev, torpaq alacaqlar. Hətta bəzi məlumatlarda ermənilər indidən başqa adamların adına İqdırdan ev, torpaq aldıqları söylənilir.


Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31