Azərbaycan “Bakı-2015” sınağından uğurla çıxacaq
Gülnar Əmraslanova: “ Bu oyunlar Avropa tarixinə qızıl hərflərlə yazılacaq”
8 İyun 2015 14:15 MüsahibəBirinci Avropa Oyunlarına qısa bir müddət qaldığı ərəfədə yenə də antiAzərbaycan qüvvələr öz məkrli niyyətlərini davam etdirərək bu oyunlara kölgə salmağa, onu aşağılamağa çalışırlar. Heç şübhəsiz ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti də müəyyən xarici dairələrdən gələn bu cür təxribatçı fikirlərə öz kəskin raksiyasını bildirir, Azərbaycanın uğurunu istəməyən qüvvələrin planlarını iflasa uğradır. Bu mənada gənclər daha aktiv fəallıq göstərirlər. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü Gülnar Əmiraslanova ilə söhbətimizdə Birinci Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyəti, eləcə də bu oyunlara qarşı olan dairələrin məkrli planları və gənclərin ona olan əks reaksiyası barədə danışdıq.
-Gülnar xanım, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə hansı dividentlər gətirəcək?
-Bu gün ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərin beynəlxalq idman təşkilatları tərəfindən yüksək qiymətləndirilir. Hər kəsə məlumdur ki, ölkəmiz yenidən möhtəşəm bir tədbirə - ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Bu il ilk dəfə keçiriləcək bu yarışlara ev sahibliyinin məhz Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən ən böyük etimaddır. Şübhəsiz ki, sözügedən beynəlxalq yarışın Azərbaycanda baş tutması həm də ölkəmizin dünya miqyasında mövqeyinin güclənməsinə xidmət göstərir. İlk Avropa Oyunları idmançılar da daxil olmaqla ölkəmizə gələn minlərlə qonağa Azərbaycandakı güclü iqtisadi inkişaf, müxtəlif sahələrdə əldə edilən uğurlar və ideal tolerantlıq mühitinin şahidi olmalarına imkan yaradacaq ki, bu da sevindirici və olduqca qürurvericidir. Məlumdur ki, 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı iştirak edəcək. Bu möhtəşəm tədbir Azərbaycanın sosial-siyasi, iqtisadi, tarixi, mədəni, idman və bütün sahələrdə inkişafının Avropa ölkələrinə əyani sübut olmaqla yanaşı, güclü, inkişaf edən Azərbaycan dövlətinin varlığını bir daha təsdiq edəcək. Bu oyunların Azərbaycana qazandıracağı iqtisadi, siyasi dividendlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, ölkəmizdə idmanın inkişafı qarşısında yeni üfiqlər açılacaq, gənc nəslin sağlam yetişməsində mühüm rol oynayacaq.
-Tam əminliklə deyə bilərikmi Azərbaycan bu oyunları yüksək səviyyədə həyata keçirəcək?
-Tam qətiyyətlə demək olar ki, Azərbaycan "Bakı-2015" sınağından uğurla çıxacaq. Bu oyunların gənclərimiz üçün təcrübə qazanmaq baxımından olduqca böyük əhəmiyyəti var. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük hadisə olmaqla yanaşı, Azərbaycan tarixində möhtəşəm gün olaraq xalqımızın yaddaşında qalacaq və Avropa tarixinə qızıl hərflərlə yazılacaq. Olduqca qürurverici və sevindirici haldır. Azərbaycan vətəndaşı olaraq dövlətimin beynəlxalq səviyyədə yüksəlişi mənim üçün böyük iftixar, fəxrdir. "Bakı-2015" Avropa Oyunları "Avropa Mayakı"na çevriləcək və Odlar Yurdu Azərbaycan günəş kimi dünyaya işıq saçacaq.
Bu gün Azərbaycan dünya ölkələri ilə humanitar sahədə əməkdaşlığını yüksək şəkildə davam etdirir. Dünyada tolerantlıq və multikulturalizm dəyərləri ilə tanınan Azərbaycan bu gün həm də idman ölkəsidir. Bu gün idmançılarımızın beynəlxalq yarışlarda fəal iştirakının təmin olunması Prezident İlham Əliyevin Azərbaycan idmanına verdiyi töhfənin təməl prinsipini təşkil edir. Ölkəmizdə nəhəng idman infrastrukturunun yaradılması istiqamətində mühüm addımlar atılır. Bu işə Azərbaycanın bütün regionları cəlb olunub. Ölkəmizin hər yerində Olimpiya idman kompleksləri, sağlamlıq mərkəzləri tikilib istifadəyə verilir. Bu idman obyektləri dünya standartlarına cavab verməklə, həm də ölkəmizdə yaradılan idman infrastrukturunun güclü əsaslara söykəndiyini təsdiqləyir. Bir sözlə, Azərbaycan dünya aləminə nəhəng mərkəzlərdən biri kimi daxil olub. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də elə bundan qaynaqlanır. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi ölkəmizdə mövcud vəziyyətin təzahürüdür. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi böyük nailiyyət sayılır. Heç şübhəsiz ki, bu sınaqdan da Azərbaycan uğurla çıxacaq və dünyaya göstərəcək ki, müstəqil, dinamik inkişaf edən Azərbaycan hər şeyə qadir olan ölkədir.
-Azərbaycanın hər uğurlu addımını həzm edə bilməyən qüvvələrin antiAzərbaycan fəaliyyətini necə qiymətləndirərdiniz?
-"Bu gün dünyanın idman sevərlərinin diqqəti Azərbaycana yönəlib və xarici vətəndaşların böyük əksəriyyəti birinci Avropa Oyunlarını canlı izləmək üçün ölkəmizə gəlməkdədirlər. Eyni zamanda, xarici mətbuat orqanlarında ilk Avropa Oyunlarının möhtəşəmliyi ilə bağlı materialların dərc edilməsi, sujetlərin nümayişi bir daha ölkəmizi beynəlxalq miqyasda nüfuzu olan idman dövləti kimi diqqət mərkəzinə çevirir. Lakin bütün bunların fonunda nə qədər xoş olmasa da, müəyyən dərəcədə görünən anti-Azərbaycan kampaniyasını da sezirik. Adları və fəaliyyəti hər kəsə gün kimi bəlli olan bu anti-Azərbaycan qüvvələri artıq uzun müddətdir ölkəmizə qarşı böhtan və şantaj kampaniyası aparmaqla Azərbaycanın demokratik inkişafına kölgə salmağa, hətta, Birinci Avropa Oyunlarının əhəmiyyətini azaltmağa cəhd edirlər. Bu ssenarini biz "Eurovision-2012" ərəfəsində də görmüşdük. Amma bu da həqiqətdir ki, anti-Azərbaycan qüvvələrinin bütün cəhdləri boşa çıxdı və beynəlxalq mahnı müsabiqəsi də yüksək səviyyədə baş tutdu. Bu konteksdə düşünürəm ki, birinci Avropa Oyunları da möhtəşəm şəkildə keçiriləcək. Bu deyilənlərin fonunda xüsusi bir məqama toxunmaq istəyirəm. Belə ki, Azərbaycana qarşı aparılan, heç bir zaman dayandırılmayan, hətta, mühüm proseslər zamanı daha da fəallaşan qarayaxma kampaniyaları xalqımız və hakimiyyət üçün bir sınaqdır. Bu cür sınaqlar bizim tariximizdə çox olub. 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev xalqla birlikdə 1994 və 1995-ci illərdə hakimiyyət çevrilişlərinin qarşısını alıb və o gündən bu günə xalq-iqtidar birliyi daha da möhkəmlənib. Bu səbəbdən də, əminliklə deyə bilərəm ki, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları heç bir nəticə verməyəcək. Bu gün bizə lazım olan əsas silah elə bizim birliyimizdir. Hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizin dinamik inkişafına əngəl olmağa çalışanlara layiqli cavab verməlidir. Soyuq düşüncə ilə hadisələrin gedişatını izləməli və lazımi anda cavab verməliyik. Bu işdə mətbuat da üzərinə düşən vəzifəni yerinə yetirməli, ictimai düşüncənin zəhərlənməsinə yol açan dezinformasiyaların yayılmasına imkan verməməlidir. Məhz, bu yolla birliyimizi daha da möhkəmləndirməli və Azərbaycanımızın inkişafının davamlı olmasını təmin etməliyik
-Təssüflər olsun ki, bəzi gənclərimiz də bu kampaniyanın tərkib hissəsinə çevrilir və Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışırlar. Bir gənc olaraq həmyaşıdlarınıza nə tövsiyyə edərdiniz?
-"Güc birlikdədir" devizi ilə desək gənclər həmrəy olmalı və müstəqil, demokratik Azərbaycanın bütövlüyü uğrunda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dinamik siyasəti ətrafında sıx birləşməli, dövlətçiliyimiz, Azərbaycançılıq ideyaları uğrunda həmrəy olmalıdır. Azərbaycan gənci bütün fəaliyyətini müsbət mənada dövlətinə xidmət etməkdə görməlidir. Bəzi neqativ qruplaşmalara, Azərbaycan əleyhinə olan bədnam təşkilatlara və niyyətləri çirkin olan partiyalara qoşulmamalıdır. Cənab Prezidentimiz öz çıxışlarının birində bildirirmişdir ki, müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə gərək hərə öz payını versin, səy göstərsin, nəyə qadirdisə, onu etsin. Biz gənclər də bundan nəticə çıxararaq daxili və ictimai sabitliyin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın azad olunmasında hər an gənclərin himayəçisi olan möhtərəm Prezidentimizlə həmrəy olmağı özümüzün başlıca məqsədi elan edərək, onun daxili və xarici siyasətini fəal dəstəkləyəməliyik. Eyni zamanda bu siyasətə qarşı çıxanlara öz sağlam mövqeyimizi bildirməkdən çəkinməməliyik.
Süleyman