Birinci Avropa Oyunları ölkəmizi tanıtmaq baxımından bir fürsətdir
Arzuxan Əlizadə: “Yarışma ilə əlaqədar ölkəyə minlərlə əcnəbinin gəlişi gözlənilir və daha çox avropalı ölkəmizi bundan sonra bir az da yaxından tanıyacaq”
3 İyun 2015 14:15 MüsahibəBu ilin sonunda keçiriləcək parlament seçkilərində əksər siyasi qüvvələr iştirak etmək niyyətindədir. Belə siyasi qüvvələrdən biri də Azərbaycan Milli İstiqlal Partiyasıdır. Partiyanın baş katibi Arzuxan Əlizadə ilə söhbətimizdə seçki öncəsi ölkədəki mövcud durum, bir neçə gün sonra baş tutacaq Birinci Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyəti barədə söhbətləşdik.
-Arzuxan bəy, hazırda ölkədəki mövcud vəziyyəti necə dəyərləndirirsiniz?
-Əvvəla fürsətdən istifadə edərək ötən həftə qeyd etdiyimiz 28 May-Respublika Günü ilə bağlı soydaşlarımızı bir daha təbrik edirəm. Çünki, milli-mənəvi dəyərlərimizin mövcudluğu, bu zamana qədərki və bundan sonra əldə edəcəyimiz nailiyyətlər heç şübhəsiz müstəqilliyimizlə əlaqəlidir. Müstəqil olmayan dövlətdə heç bir uğur və inkişafdan söhbət gedə bilməz.
-Bu ilin sonunda ölkədə parlament seçkiləri keçiriləcək. Partiya yetkilisi olaraq siz bu seçkilərdən nə gözləyirsiniz?
-Əgər seçki öncəsi siyasilər insanlarda dəyişikliklərə nail olunacağına inam yarada biləcəklərsə bu, əhalinin çox hissəsinin proseslərə qatılmasına və nəticə etibarı ilə islahatlara təkan verəcək amilə çevrilə biləcək. Əks halda yenə də son illərin mənzərəsi ilə qarşılaşacağıq. Bu mənada ölkədə fəaliyyət göstərən siyasi partiyaların və söz sahibi olan siyasətçilərin üzərinə çox böyük məsuliyyət düşür. Hər birimiz bunu lazımınca dəyərləndirməliyik. Müxalifət partiyalarının seçkilərdə birgə iştirak məsələsinə gəlincə isə deyərdim ki, müxalifət partiyaları yekcins deyil, məsələlərə baxışlar və yanaşma tərzləri bir cox hallarda müxtəlifdir. Bəzi hallarda isə təəssüflər olsun ki, müəyyən məsələlərə, hətta partiya maraqlarından çıxış etməklə yanaşma hallarına da rast gəlmək mümkündür. Amma bütövlükdə götürəndə ölkədə pis-yaxşı müxalifət partiyalarının mövcudluğu bir çox hallarda baş verə biləcək qanunsuzluqların qarşısını almağa xidmət edir. Xalqı səfərbər etməyə gəlincə isə ən azından belə cəhdlərin olunduğu göz qabağındadır, Amma etiraf edək ki, əhalinin özünün neqativ hallara və qanun pozuntularına qarşı müqavimət gücü zəifdir. Əlbəttə ki, bunun da obyektiv və subyektiv səbəbləri var. Bir məlum həqiqəti isə hər birimiz dərk etməliyik, nə qədər ki, insanlar öz hüquqlarını bilmir və haqqını tələb etməyə çəkinir, belə cəmiyyətdə qanun pozuntularının qarşısını almaq bir o qədər çətin olur. Xaql o zamana qədər özünü siyasi proseslərdən kənara çəkəcək ki, siyasi fəaliyyətin uğurlu sonluqla nəticələnəcəyinə inam yaranacaq. Bu inamı isə həm də siyasi liderlər yaratmalıdır. Acı olsa da bu da bir həqiqətdir ki, son illərdə müsbət nəticə verməyən fəaliyyət əhalinin əhəmiyyətli hissəsinin siyasi proseslərə inamını heçə endirib və proseslərdən uzaq qalmanın başlıca səbəblərindən biri də hesab edirəm ki, bu amildir.
-Bir neçə gündən sonra ölkədə həmçinin Birinci Avropa Oyunları keçiriləcək. Belə bir yarışların Azərbaycanda keçirilməsini necə dəyərləndirirsiniz?
-Birinci Avropa Oyunlarının başlanmasına çox az vaxt qalıb və hesab edirəm ki, bu gün bu məsələlər heç bir halda müzakirə obyekti olmamalıdır. Bu gün məsələyə yalnız o prizmadan yanaşılmalıdır ki, ilk dəfə təşkil olunan və Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ölkəmizi tanıtmaq baxımından bir fürsətdir. Yəni reallıq ondan ibarətdir ki, yarışma ilə əlaqədar ölkəyə minlərlə əcnəbinin gəlişi gözlənilir və daha çox avropalı ölkəmizi bundan sonra bir az da yaxından tanıyacaq. Həm də bu, sadəcə bir nəfərin təəssüratı deyil, həmin insanın ailəsinin, yaxın çevrəsinin ölkəmiz haqqında təəssüratlarının dəyişməsi deməkdir. Gələn qonaqlara ölkəmiz elə təqdim olunmalıdır ki, Azərbaycan yalnız sıradan bir neft ölkəsi deyil, bura həm də bir beyin mərkəzi, müasir gəncliyi olan və inkişaf edən Avropa ölkəsidir. Digər tərəfdən bu yarışma ölkənin turizm imkanlarının təbliği baxımından da çox faydalıdır. Ona görə də Avropa Oyunlarının ölkəmizin tanıdılması baxımından əhəmiyyəti kifayət qədərdir. Yəni, bu oyunlardan maksimum dərəcədə Azərbaycanın xeyrinə istifadə olunmalıdır.
-Prezident İlham Əliyev mayın 19-da baş vermiş yanğınla bağlı yaradılmış Dövlət Komissiyasının iclasında seçkili qurumlardan biri olan bələdiyyələrı ciddi tənqid edərək bildirdi ki, bələdiyyələr bir növ icra hakimiyyətlərinin filialına çevrilib. Bələdiyyə sadəcə olaraq bir muzey idarəsidir, sadəcə bir möhür idarəsidir". Bələdiyyə üzvü olaraq bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
-Azərbaycanda Bələdiyyə institutu 1999-cu ildə formalaşdırılıb. Ötən müddət ərzində bələdiyyələrə artıq 4-cü seçki keçirilib, lakin 15 ildən çox müddət keçməsinə baxmayaraq birmənalı demək olar ki, bu qurum hələ də üzərinə düşən vəzifələri yetərincə yerinə yetirmək gücündə deyil. Təəssüflər olsun ki, fəaliyyət göstərdiyi ilk 5 il ərzində daha çox torpaq satmaqla gündəmə gələn bələdiyyələr getdikcə formal xarakterli qurum statusu aldı və bu mənada Prezidentin bələdiyyələrin icra hakimiyyətlərin filialına çevrilməsi fikri nə qədər acınacaqlı olsa da, tam olaraq həqiqəti əks etdirir. Əlbəttə ki, müəyyən istisnalar da yox deyil, amma ümumilikdə ölkə üzrə görünən mənzərə budur. Bəzən bunu qanunvericiliklə əlaqədar bələdiyyələrin statusunun aşağı olması ilə də əlaqələndirirlər. Amma onu da qeyd etməliyəm ki, ölkə qanunvericiliyi ilə bələdiyyələrə yetərincə status verilib. Deməli məsələnin kökündə başqa amillər dayanır və nə qədər ki, bələdiyyələrə ən yüksək səviyyədə münasibət dəyişməyib, bu qurum real olaraq yerli idarəetmə orqanına çevrilməyəcək.
Süleyman