Baxımsız uşaqlar üçün sosial reabilitasiya xidmətləri göstəriləcək

"Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri Nazir Quliyevin "OLAYLAR"-a müsahibəsi

-Nazir müəllim, bu gün cəmiyyətdə mövcud olan problemlərdən biri də yetkinlik yaşına çatmayanlarla işin istənilən səviyyədə qurulmamasıdır. Məhz bu mənfi tendensiyadır ki, bu qəbildən olan gənclər daha tez cinayət əməlinə əl atırlar. Sizin təşkilat bu istiqamətdə hansı işlər görür?

-Məlumat üçün qeyd edim ki,  "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə birgə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası" layihəsini icra edir. Layihənin icrası çərçivəsində  Bakı şəhərinin 10   orta məktəbində uşaqların, müəllimlərin və valideynlərin məlumatlılığının artırılması üçün maarifləndirici seminarlar keçirilib. Seminarlarda sosial ehtiyaclı uşaqlara göstərilən xidmət, onların hüquqları və həyata keçirilən layihə ilə bağlı geniş məlumat verilib.  Seminarlarda Uşaq Hüquqları Konvensiyası, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları izah edilib, habelə insan alverinin mahiyyəti, doğurduğu təhlükələr, insan alveri cinayətlərinin profilaktikası, habelə erkən nikah problemi və onun fəsadları barədə iştirakçılara məlumat verilib. Uşaqlara onların hüquqları, vəzifələri, hüquqazidd əməllərə qarşı aparılan mübarizə, eyni zamanda uşaq hüquqlarını müdafiə edən Ombudsman təsisatı ilə yanaşı, digər dövlət qurumlarının səlahiyyətləri barədə də ətraflı məlumat verilib. Eyni zamanda seminarlarda "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Qanunun müddəalarından danışılıb.  Seminarlarda mən, İnsan Ombudsman Aparatının  sektor müdiri Turan Cahangirova, Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin nümayəndəsi,   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Pərviz Əliyev, Bakı şəhər rayon İcra Hakimiyyətlərinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının və Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölmələrinin nümayəndələri mövzu ilə bağlı çıxışlar edib   və iştirakçıların suallarını cavablandırıblar. Seminarlar interaktiv formada keçirilmiş və uşaqlar fəal formada iştirak ediblər.

-Ümumiyyətlə layihənin əsas məqsədi nədir?

-İcra olunan layihənin   əsas məqsədini sosial təhlükəli vəziyyətdə olan, baxımsız uşaqlar üçün sosial reabilitasiya   xidmətlərinin göstərilməsi   və   baxımsız uşaqlara hüquqi, sosial, tibbi, psixoloji yardımın göstərilməsi təşkil edir. Layihənin vəzifələri sırasına isə sosial xidmət müəssisələrini tərk edən və baxımsız olan uşaqların sosial adaptasiyası işinin təşkilinə yardım göstərmək və onların hüquqlarının müdafiə olunması işini həyata keçirmək, bu kimi uşaqlara   sosial müavinət, ünvanlı sosial yardım və şəxsiyyət vəsiqəsi alınması işinə yardım göstərməkdir. Eyni zamanda
sosial xidmət müəssisələrini tərk edən və baxımsız olan uşaqlara hüquqi, sosial və psixoloji yardımın göstərilməsini təşkil etmək, həmin uşaqların tibbi ehtiyaclarını müəyyən etmək və sosial müşayət işini həyata keçirmək, hər bir yetkinlik yaşına çatmayan baxımsız uşaq   üçün şəxsi qiymətləndirmə və fərdi qayğı planı tərtib etmək də layihənin məqsədləri sırasındadır.

-Bu gün bir çox uşaqların hər hansı bir sənədi, şəxsiyyət vəsiqəsi yoxdur. Bu problemi necə aradan qaldırmaq mümkündür?

-Bizim həyata keçirdiyimiz layihədə sənədsiz uşaqların müvafiq dövlət strukturlarında qeydiyyatdan keçməsinə köməklik göstərmək, yetkinlik yaşına çatmayan baxımsız uşaqlar   zəruri sosial, psixoloji, tibbi, hüquqi yardımla təmin etmək, insan alveri və məcburi əməyin aradan qaldırılmasında sosial təsir və uşaq qurbanları haqqında ictimai və rəsmi məlumatlandırmanı artırmaq üçün bir sıra tədbirlər və ictimai görüşlər təşkil etmək də nəzərdə tutulur. Eyni zamanda müəssisələri tərk edən və baxımsız uşaqlar üçün peşə kurslarının təşkili və kursu bitirənlərin məşğulluğunun təmin olunmasına yardım göstərmək də qarşıda duran vəzifələr sırasındadır.

-Bəs nə qədər uşaq bu layihədən yararlana biləcək?

-Bizim layihənin icrası müddətində 18 yaşadək sosial təhlükəli vəziyyətdə olan, baxımsız uşaqlar üçün reabilitasiya   xidmətləri göstəriləcək, uşaq alveri və məcburi əməyi aradan qaldırılmasına dəstək veriləcək, ölkədə insan alveri və məcburi əməyin potensial və ehtimal olunan uşaq qurbanlarına hüquqi, sosial, tibbi, psixoloji yardım ediləcək.   Layihə müddətində xidmətlərdən 150 uşaq bəhrələnəcək. Layihənin icrası müddətində Sosial Xidmət müəssisələrini tərk edən, eyni zamanda sosial təhlükəli vəziyyətdə olan uşaqlara  hüquqi məsləhətlər veriləcək, hüquqları dövlət orqanlarında, məhkəmələrdə və digər qurumlarda müdafiə ediləcək və iddia, şikayət ərizələri kimi hüquqi sənədləri hazırlanacaq.

-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlavə hansı qurumlar bu sahəyə dəstək nümayiş etdirir?

-Uşaqların sosial problemlərinin həll olunması məqsədilə müxtəlif dövlət orqanlarına və biznes qurumlarına müraciətlər ediləcək. Uşaqların Peşə kurslarına cəlb olunması işi də həyata keçiriləcək. Eyni zamanda uşaqlar üçün turizm və foto-video çəkiliş sahəsində xidmətlərin göstərilməsi sahəsində kurslar təşkil olunacaq.


Süleyman
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31