Sərnişindaşımada baş verən hadisələrdə günahkar Nəqliyyat Nazirliyidir

Əsli Əliyeva: “Təcrübəsiz sürücülərlə bağlı xüsusi qaydalaraın tətbiq olunması ilə bağlı müvafiq təlimatlar hazırlanmalıdır”

Son zamanlar ictimai nəqliyyatda ölüm hallarının çoxalması ictimayyətdə haqlı qınaq yaradıb. Bir çoxları qeyd edir ki, hazırda sərnişindaşımada qanunsuzluq, özbaşınalıq o dərəcədə geniş vüsət alıb ki, bu da sonda insanların mənzil başına sağ-salamat çatmasını sual altında qoyur. Bir sıra ekspertlər mövcud problemin həlli istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini məqsədə uyğun sayır. Təklif olunur ki, ümumilikdə sərnişindaşıma Nəqliyyat Nazirliyindən alınıb digər qurumlara verilməlidir. Belə olan halda mövcud problemin həll olunacağını bildirən ekspertlər hesab edir ki, hazırda sərnişindaşımaya nəzarəti həyata keçirəcək gücdə olan yeganə dövlət qurumu Bakı Şəhər İcra Hakimiyyətidir. Məsələyə münasibət bildirən Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin sədri Əsli Əliyeva deyir ki, sərnişindaşımada son zamanlar baş verən hadisələr, doğrudan da ciddi siqnaldır. Faktiki olaraq illərdir, bu problem həll olunmur. Onun sözlərinə görə, bu sahədəki problemləri aradan qaldırmaq üçün bir sıra ciddi işlər görülüb, yeni layihələr tətbiq edilib. "Nəqliyyatın intellektual idarəedilməsi" layihəsi xüsusilə bu layihələr sırasında xüsusi yer tutur. Ancaq sərnişindaşımada baş verən problemlərin həllində bu böyük layihə də hələ ki, yetərli deyil. Bunun da bir neçə səbəbi var: "Birincisi, yol-tıxac problemi həll olunmadan nəyəsə nail olmaq mümkün deyil. Avtoqəzaların bu gün ən çox baş verdiyi yer paytaxtdır. Nəqliyyat sıxlığı, tıxaclar sərnişindaşımada ciddi nəqliyyat problemi yaradan amildir. Nəticədə nəqliyyat sahibləri tıxacların yaratdığı problemi aradan qaldırmaq üçün yol hərəkəti qaydalarını pozur. Bu da qəzaların sayının artmasına, insan tələfatına səbəb olur. Deməli, ilk növbədə bu problemə ciddi yanaşılmalıdır. Yol infrastrukturunun yenilənməsi zamanı əlaqədar təşkilatların işbirliyi, birgə iş mexanizmi hazırlanmalıdır ki, bu da yolların daha az bağlanmasına, hərəkətin daha az məhdudlaşmasına imkan verməlidir. Ancaq bu rabitə olmadığından nəticədə yollar müxtəlif qurumlar tərəfindən ayrı-ayrı vaxtlarda bağlanır, hərəkət məhdudlaşdırılır". Ə.Əliyeva deyir ki, bu sahədə ciddi nəzarətin olmaması sonda ağır yol qəzalarının olmasına gətirib çıxarır: "Nəqliyyat daşımada sürücülərin təcrübəsi ən vacib məsələdir. Bir də görürsən ki, 18 yaşı təzəcə tamam olan bir gənc böyük bir marşrut avtobusunu idarə edir. Axı bunun təcrübəsi yoxdur, insanların taleyini ona necə etibar etmək olar? Bunun da müəyyən yolları tapılmalıdır. Təbii ki, sərnişindaşıma xidmətinin həyata keçirən dövlət qurumu da, özəl şirkətlər də, sahibkarlar da bu fakta diqqətli yanaşmalıdırlar. Əgər bu məsələni diqqətdən kənarda qoysalar, daha ciddi fəasdların şahidi ola bilərik. Mühüm şərtlərdən biri də, nəqliyyatın hərəkətinə cavabdeh olan digər qurumların da bu məsələyə ciddi yanaşmasıdır. Məncə, yol polisi tez-tez sərnişindaşımada reydlər həyata keçirməli, maşınların nasazlığı, sürücülərin sənədləri vaxtaşırı yoxlanılmalıdır. Təcrübəsiz sürücülərlə bağlı xüsusi qaydalaraın tətbiq olunması ilə bağlı müvafiq təlimatların hazırlanması və qanunvericilik bazasının yaradılması da sərnişindaşımada qəzaların qarşısını alacaq variantlardan biri kimi nəzərdən keçirilməlidir". Ə.Əliyeva deyir ki, sərnişindaşımada qəzaların sayının azaldılması üçün sahibkarların da üzərinə məsuliyyət düşür: "Bu da əsasən onunla bağlıdır ki, marşrutların gündəlik planla həddən artıq yüklənməməsinə diqqət olmalıdır. Əgər sahibkar normadan artıq plan tələb edirsə, sürücü bunu ödəməkdən ötrü istənilən varianta gedəcək ki, tapşırığı icra etsin və borclu qalmasın. Planı ödəmək xatirinə nə özünün, nə də sərnişinlərin sağlamlığının qayğısını düşünməyəcək.  Eyni zamanda sərnişindaşımada avtoqəzaların artması, insan ölümü ilə nəticələnən hadisələrin çoxluğu onu da düşünməyə əsas verir ki, bu sahəyə cavabdeh olan qurum işinin öhdəsindən gələ bilmir. Hər halda baş verən hadisələrdə günahkar Nəqliyyat Nazirliyidir. İstəsək də, istəməsək də, görünən budur. Ona görə də, məncə, Nəqliyyat Nazirliyi özü səalhiyyətlərin bölüşdürülməsi təşəbbüsü ilə çıxış etməli və böyük şəhərlərdə sərnişindaşımada idarəetmənin müəyyən hissəsini icra hakimiyyətlərinə vermək təşəbbüsünü irəli sürməlidir. Təbii ki, bunu ekspertlərlə birgə müzakirə etmək, dünya təcrübəsini öyrənməklə həyata keçirmək olar. Birmənalı şəkildə əgər bu olarsa, problem aradan qalxar demək düzgün deyil. Sadəcə variantlardan biri də budur". Sonda Ə.Əliyeva onu da qeyd edib ki, bu məsələlər kompleks şəkildə öyrənilməli və baş verən hadisələrin qarşısını almaq üçün kompleks tədbirlər planı işlənib hazırlanmalıdır. Artıq vətəndaş cəmiyyəti sektorunda da bu məsələ müzakirəyə çıxarılıb. Daha geniş ictimai müzakirələrin nəticəsi olaraq, ola bilər ki, vətəndaş cəmiyyəti sektoru bununla bağlı hökumətə konkret təkliflər paketi təqdim etsin.

Ədil

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31